Astara gömrüyündə rüşvət burulğanı - ŞİKAYƏT VAR
28-06-2016, 12:32
Gömrük sistemində hökm sürən problemlər gün keçdikcə daha da artır. Ölkəyə xaricdən mal idxal edən iş adamları gömrük əməkdaşları tərəfindən səbəbsiz yerə incidilir və onlardan rüsumdan əlavə ödənişlər tələb edilir. Bu barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilsə də, hələ ki, gömrük sistemində müsbət dəyişikliklər qeydə alınmayıb. Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, ciddi qanun pozuntularının və neqativ halların hökm sürdüyü qurumlardan biri də Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsidir. Adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, Sücəddin Hüseynov idarəyə rəis təyin olunandan sonra problemlər birəbeş artıb: «O bundan əvvəl Xudafərin Gömrük İdarəsində rəis vəzifəsini icra edib. Xudafərin gömrüyü gəlir baxımından elə də strateji gömrüklərdən biri hesab olunmasa da, Sücəddin Hüseynov burda belə özünün yüksək həyat səviyyəsi ilə diqqəti cəlb edib. Belə ki, hər bir maşınına ayrı-ayrı sürücü tutan rəis həmçinin şəxsi aşpaz da saxlayıb və ancaq həmin aşpazın bişirdiyi yeməklərdən yeyib. Astara Gömrük İdarəsindəki qədər bəlkə də heç bir gömrük məntəqəsində özbaşınalıq yoxdur. Xırda ticarətlə məşğul olan Astara və ətraf rayonların sakinləri sözün həqiqi mənasında gömrük məmurlarının qanundan kənar əməllərinin qurbanına çevrilir. Gömrükdəki qanunsuzluqlardan təkcə iş adamları yox, həm də sadə insanlar əziyyət çəkir. İranda qiymətlər ucuz olduğundan Astara sakinlərinin bir hissəsi bazarlıq üçün qonşu ölkəyə gedir. Ancaq gömrük məmurları bunun da qarşısını alır. Onların aldığı toyuq əti, yağ, düyü, xurma ”müsadirə" edilir, müqavimət göstərənlər isə təhqir və zorakılığa məruz qalırlar. Ölkəyə daşınan yüklərin rəsmiləşdirilməsində çox ciddi maxinasiyalar var. Məsələn, idxal yüklərin cəmi 25-30 faizi sənədləşdirilir. TİR yük avtomobillərinin tutumu 26 tondur. Adətən TİR-lər tam yüklənmiş halda gömrük sərhədlərinə daxil olur. Ancaq gömrük məmurları sürücülərdən 26 tonun rüsumunu alır, əvəzində isə sənədləşmədə cəmi 5-6 ton yükün daxil olduğu göstərilir. Və yaxud İrandan meyvə-tərəvəz məhsulları gətirildikdə həmin malları başqa dövlətin məhsulu kimi sənədləşdirilər. Sənədləşdirmədə həmin malların Çindən gətirildiyini qeyd edirlər. Bu ona görə edilir ki, tələb edilən gömrük rüsumu az olsun və daha çox ”şapka" alsınlar". Sücəddin Hüseynov rəis keçəndən sonra burda öz komandasını formalaşdırıb. Onun işçilərinin, əsasən də Tofiq adlı inspektorun vətəndaşlarla davranışı dözülməz həddədir. Tofiq adlı şəxs vətəndaşlara qarşı hörmətsizliyi həyat tərzinə çevirib. İş o yerə çatıb ki, o «rüsum»ları açıq şəkildə alır». Məlumatlı mənbənin bildirdiyinə əsasən, Sücəddin Hüseynov Astara Gömrük İdarəsində yeni gəlir yerləri açıb: «Onun əsas işlərini Şövqü adlı qaynı aparır. Belə ki, yerli əhalidən sərhədi keçən hər kəs birbaşa Şövqü ilə görüşməli və onun təlimatı ilə sərhədi keçib geri dönməlidir. Şövqü İrandan qaçaqmal yolu ilə siqaret keçirtdiyi kimi, eyni zamanda meyvə və tərəvəz məhsulları da keçirir. Belə ki, Sücəddin Hüseynov Astaraya təyinat aldıqdan sonra Şövqünün bir neçə həmyerlisi İrandan müxtəlif növ meyvələri gətirməklə məşğul olurlar. Rəisin adamları tərəfindən İrandan gətirilən həmin meyvələr gömrükdə qeydiyyata alınmır və rüsum ödənilmir. Əslində isə Bakı şəhərinə daşınan bu meyvələrin sahibi Sücəddin Hüseynovla Şövqünün olduğu bildirilir və həftədə iki dəfə idarə rəisinin adamları İrandan tonlarla meyvə keçirib Bakıya aparır və burda satırlar. Əldə olunan külli miqdarda gəlir isə bölüşdürülür». Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Astara Gömrük İdarəsinin rəisi imza atdığı qanunsuz işlərin nəticəsində əldə etdiyi vəsaitlər hesabına Aran Qarabağda, həmçinin Bakıda özünə ciddi biznes sahələri yarada bilib. İddialara görə, idarə rəhbərinin Bakının mərkəzi hissələrində bahalı mənzilləri, ticarət obyektləri var. Həmçinin onun yaxın adamlarından birinin paytaxtın Suraxanı rayonu ərazisində bahalı mülklərinin, eyni zamanda ticarət obyektlərinin olduğu bildirilir. Bu barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik. Ümid edirik ki, DGK sədri Aydın Əliyev Astara Gömrük İdarəsinin iş yarıtmaz sədrinin barəsində tezliklə ölçü götürüb onu cəzalandıracaq. Yazı ilə bağlı qarşı tərəflərin də cavab haqqını tanıyırıq.