Akif Çovdarova rəhmət oxutduran polis rəisi: Saatlı bazarında alver niyə zəifləyib?
29-06-2016, 09:36
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun dəstəsinin etdiyi özbaşınalıqlar sırasında iş adamlarını şantaj edib, pul almaq baş verən qanunsuz əməllər içində qırmızı xəttlə keçirdi. Ötən ilin oktyabr ayında Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılan Eldar Mahmudovun onlarla iş adamından hədə-qorxu yolu ilə böyük məbləğlər alması ilə bağlı çeşidli məlumatlar mediada yer almağa başladı.
Mahmudovun dəstəsinin ən önəmli siması olan Akif Çovdarovun həbsindən sonra ölkədə iş adamlarına yeni imkanlar açıldığını düşünmək üçün xeyli əsaslar vardı. Dövlət başçısı İlham Əliyevin ilin əvvəlində sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar, verdiyi fərman və sərəncamlar ümidləri xeyli artırmışdı. Təəssüf ki, gözlənilənlər özünü doğrultmadı. Yenə iş adamlarının hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı həyəcanlı məlumatlar yayılır.
Saatlı sakinlərindən AzToday.az-a daxil olan məlumatlarda deyilir ki, rayonun polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev iş adamları üçün qorxulu kabusa çevrilib:
“Eldar Mahmudov və Akif Çovdarovla bağlı xəbərləri saytlardan izləyirik. Onların sahibkarların, xırda ticarətçilərin belə başına hansı oyunları gətirdiyini eşidirik. Ancaq MTN bandasının etdikləri Cəbrayıl Vəliyevin Saatlıdakı özbaşınalıqları yanında şükürlüdür. Polis rəisinin özbaşına səyləri nəticəsində Saatlı şəhərinin bazarı iflic vəziyyətinə düşüb. Saatlı polisi bazarın qabağında alverə gələnlərə avtomobil saxlamağı qadağan edib. Bunun da səbəbi polis rəisinin bazar müdiri ilə anlaşa bilməməsidir. İmkanlı rayon sakinləri məcbur qalıb gedib Sabirabad bazarından alver edirlər. Nəticədə Saatlı bazarında işləyən ticarətçilər gündəlik qazanclarından olurlar. İcra hakimiyyəti də baş verənlərə nədənsə müdaxilə etmir”.
Məlumatlarda iddia olunur ki, Saatlının polis rəisi işə gedib-gələndə yolları bağlayır: “Prezident İlham Əliyev əgər rayona gəlsə qətiyyən onun Saatlıda olmasını hiss etməyəcəyik. Çünki polis rəisi hər gün iki dəfə yolları bağlatdırır…”.
Saatlı sakinlərinin sözlərinə inansaq bir həftə əvvəl kafe sahiblərindən biri polis rəisinin qəzəbinə tuş gəlib. Və Cəbrayıl Vəliyev həmin kafe sahibi ilə elə rəftar edib ki, kiçik sahibkar infarkt olaraq dünyasını dəyişib (Həmin iş adamının ölümü ilə bağlı növbəti yazılarımızda geniş məlumat verməyə çalışacağıq).
Rayon sakinlərinin əsas gileyi isə əslən Saatlı rayonundan olan AXCP sədr Əli Kərimlidəndir. Onların sözünə görə, Əli Kərimliyə yaxın olan “Azadlıq” qəzeti son illər nədənsə Saatlıdakı məmur özbaşınalıqlarına laqeyd yanaşır…
Saatlı polisi ilə bağlı rayon sakinlərinin şikayətlərinə Daxili İşlər Nazirliyindən münasibət almağa çalışdıq. Ancaq nazirliyin mətbuat xidmətindən deyilənlərə münasibət bildirilməyəcəyini dedilər.