Nizami rayonundakı "yaşıl terror" etiraza səbəb oldu - FOTOLAR
29-06-2016, 10:09
Paytaxtın Nizami rayon İcra Hakimiyyətinin yaşıllıqlara "divan tutması” ara vermir.
Vizual.az-a verilən məlumata görə, Qara Qarayev prospektində ağacların məhv edilməsi prosesi davam edir. Hazırda metronun "Neftçilər” stansiyası yaxınlığındakı yaşıllıqlar da kökündən kəsilib. Ancaq bu ekoloji cinayətə "dur” deyən tapılmır.
Əməkdaşımıza göndərilən fotolardan görünür ki, yaşıllıqları kəsib yerində "Fincan” kafesi açıblar. Həmçinin, qəzet köşkünün yerini də bu çayxanaya görə dəyişiblər. Nəticədə piyada yolu çox daralıb.
Şəkillərdən aydın olur ki, Nizami RİH-ni ərazidə yaşıllıqların, kölgəliklərin olması deyil, əraziləri satıb iaşə obyektlərinin artması maraqlandırır. İcra başçısı Arif Qasımov bu vəzifəyə təyin olunduğu gündən Nizami rayonunnda yaşıl qətliam başlayıb.
A.Qasımov hələ ki başqa fəaliyyəti ilə medianın gündəminə gəlməyib. O, Nizami rayonunda ağaclar qənim kəsilməklə ad çıxarıb. Elə buna qədər də bir neçə dəfə rayonda yaşıllıqların məhv edilməsi barədə xəbər vermişik.
Vizual.az olaraq qeyd edək ki, A.Qasımovun yaşıl soyqırımını həyata keçirən ən yaxın çevrəsindəki iş adamlarıdır. İcra başçısının təlimatı ilə onlar bir gecənin içərisində ağacları kökünbdən qopardırlar.
Sakinlər isə ağacların kütləvi qırılmasına etiraz edəcəklərini deyirlər. Onlar bildiriblər ki, yaxın günlərdə baş verənlərlə bağlı Prezident Adminstrasiyasına da müraciət edəcəklər.