Bərdə təhsil korrupsiya burulğanında
19-05-2015, 16:43
Rzaqulu Şərifovu yalnız öz maraqları düşündürür
Artıq uzun müddətdir ki, ölkənin kütləvi informasiya vasitələrinə və bir çox əlaqədar instansiyalara Bərdə rayonu Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifovun fəaliyyətindən doğan ciddi narazılıqları əks etdirən şikayət məktubları ünvanlanmaqdadır. Həmçinin bu günlərdə redaksiyamıza ardıcıl daxil olmuş bir neçə şikayət ərizəsində də rayon ictimaiyyətinin, xüsusilə də ziyalı təbəqənin Bərdədə təhsilin durumu ilə bağlı ciddi narahatlıqları öz əksini tapır. Daxil olan bütün məlumatlarda Rzaqulu Şərifov ilk növbədə çeşidli korrupsiya əməllərində ittiham olunur. Açıqlamalarda bildirilir ki, bu gün rayonda təhsilin keyfiyyəti günü-gündən aşağı düşür. Rzaqulu Şərifov isə bu sahəyə rəhbərlik etdiyi müddət ərzində Bərdədə təhsilin inkişafı üçün heç bir iş görməyib. Qeyd edək ki, hazırda Bərdə rayonunda 75 ümumtəhsil məktəbi, o cümlədən 11 əsas, 5 ibtidai, 5 məktəbdənkənar təhsil müəssisəsi, 32 uşaq bağçası, 1 kollec və 1 peşə liseyi fəaliyyət göstərir. Bununla belə aldığımız məlumatlarda Bərdə təhsilinin hazırda böhranlı bir durum yaşaığı vurğulanır. Həmçinin məlumatlarda bildirilir ki, Rzaqulu Şərifovun rayon ərazisində az-çox normal fəaliyyət göstərən təhsil müəssisələrinin işlərinə müdaxiləsi də əksər hallarda xoşagəlməz nəticələrə səbəb olur. Belə ki, tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin tətbiq etməyə çalışdığı bəzi “yeniliklər” nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Həmçinin mənbələr Rzaqulu Şərifovun orta məktəblərə işə müəllim qəbulu zamanı ciddi qanun pozuntularına yol veridiyini də vurğulayırlar. Məlumatlarda bildirilir ki, RTŞ müdiri müəyyən məbləğlərdə rüşvət almaq müqabilində işə qəbul qaydalarını Təhsil Nazirliyi tərəindən qəbul edilmiş formadan çox fərqli şəkildə təyin edə bilir. Daxil olan şikayətlərdə bildirilir ki, rayon məktəblərində muəllimlikdən xəbəri olmayanlar rüşvət verərək müəllim kimi fəaliyyət göstərirlər və şagirdlərə muxtəlif fənlərdən dərs deyirlər. Həmin müəllimlərə artırılan dərs saatlarına görə pulu isə direktorlar alır və Rzaqulu Şərifovla bölüşürlər.
teref.az xalq xeb istinadən xəbər verir ki,Bu xüsusda aldığımız məlumatlardan birində mənbə yazır: “Rzaqulu Şərifovu yalnız öz maraqları düşündürür. Yalnız və yalnız öz ailəsi və yaxınları üçün çalışır. Bu insanı nəinki ölkənin heç rayonumuzun da təhsil sisteminin inkişafı qətiyyən maraqlandırmır. Buna görə də RTŞ müdiri öz maraqları naminə təhsil sahəsində bircə gün də çalışmayan şəxsləri yüksək vəzifələrə gətirir. Bu isə sonda pis nəticələrə gətirib çıxarır. Belə ki, hazırda rayonun əksər məktəbləri təhsil ocağından çox bazarı xatırladır. Bərdənin bütün təhsil müəssisələrində yetərincə çatışmazlıqlar var. Əksər direktorlar məktəbi idarə etməyin elementar üsullarını belə bilmirlər…” Təbii ki, təhsil şöbəsinin rəhbərliyi tərəfindən işə belə münasibətin sərgilənməsi Bərdənin bütün təhsil sisteminə ciddi zərbələr vurur. Belə ki, iddialara görə son illər ərzində rayon üzrə şagirdlərin dərslərə davamiyyəti də xeyli aşağı düşüb. Mənbələr xəbər verir ki, bu gün adları Bərdə məktəblərinin sinif jurnallarında qeydə alınmış bir çox yuxarı sinif şagirdləri özəl hazırlıq kurslarında ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Onların sinif jurnalında adları qarşısında isə, müəyyən ödənişlər müqabilində əldə olunmuş razılaşmaya əsasən, “qaib” qeydi aparılmır. Müəllimlərin isə bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar.
Məqalədə irəli sürülən ittihamlara dair Bərdə rayon Təhsil Şöbəsinin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.