“156 Evakuasiya Xidməti” belə xanlıq iddiasındadır
21-10-2023, 08:34
Dünyanın ən böyük fatehləri arasına adını yazdıranlardan biri də Əmir Teymur idi. Bəs bilirsinizmi, o niyə “xan”, “xaqan” ismi ilə yox, əmir titulu ilə tanınıb?
Bunun çox sadə bir səbəbi var: qədim dövrün Türk gələnəklərinə görə, xan və ya xaqan titulları irsi yolla keçirdi. Hər yoldan keçən şəxs bütün dünyanı alsa belə, elit tayfadan gəlmirdisə, xan ola bilməzdi (Yeri gəlmişkən, eyni gələnək Qazaxıstanda indiyədək yaşamaqdadır). Teymur da Çingiz xanın nəvəsi olmadığı üçün bu titulu daşımaq hüququna malik deyildi. Ona görə də özünə “əmir”, yəni tayfa başçısı titulu götürmüşdü və özünü də əmir kimi aparırdı.
Bu günün Azərbaycanda isə hətta “156 Evakuasiya Xidməti” belə xanlıq iddiasındadır. Təsəvvür edin, iş adamı ondan 3 məhkəmə orqanına şikayət edib. Əvvəl Nizami rayon Məhkəməsinə, sonra Mediasiya Xidmətinə, ən nəhayət isə Kommersiya Məhkəməsinə. Amma “156 Evakuasiya Xidməti” bu məhkəmələrin heç birini saya salıb çağırışlarına belə məhəl qoymayıb. Yəni özünü nəinki qanunlardan, həm də hakimiyyətin ən mühüm qollarından sayılan məhkəmələrdən belə üstün tutub.
Bu özbaşınalığın arxasında kim dayanır?
İnşallah, bu sualın cavabını axtarmağa çalışacağam. Ümidvaram ki, Ali Məhkəmənin sədri hörmətli İnam Kərimov da, Ədliyyə naziri hörmətli Fikrət Məmmədov da bu məsələdə mənə ən böyük yardımçı olacaqlar. Ən azı ona görə ki, hansısa yoldan keçən burnu selikli “xan” özünü onlardan üstün tutur.
Heydər Oğuz
Teref.az