KİTAB BAZARININ `KİTABI NİYƏ BAĞLANIB`? - Bir kasa bozbaşa pul var, amma...
23-10-2023, 12:46
Son illər Azərbaycan yazıçıları və şairləri öz kitablarını küçədə satırlar. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, başqa çarə yoxdur. İnsanlar öz beyinlərinin məhsulundan başqa cür pul qazana bilmirlər.
Gənc şair Eminquey Akifin bu yaxınlarda "Susdum" adlı kitabı dərc olunub. Şair bildirir ki, Azərbaycanda kitab satışı ilə bağlı problem illərdir davam edir:
"Mən də daxil olmaqla bəzi yazarlarımız kitablarını özü satmaq məcburiyyətindədir. Mən rayonlardan və xarici ölkələrdən onlayn sifarişlər qəbul edirəm. Bəzən hörmət naminə artıq pul ödəyənlər də olur. Adətən kitabımı hansısa kitab dükanına verəndə və sonra görəndə ki, kitabım göz qabağında deyil, onda həmin dükanla əməkdaşlığı dayandırıram. Mən kitabımı öz büdcəm hesabıma nəşr etdirmişəm. Məsələn, 500 tirajlıq kitaba 1600-2000 arası pul xərcləyirəm. Belə olan təqdirdə, qazancımın 60 faizini dükana verə bilmərəm. Bizdəki kitab dükanları gəlirin 60 faizini istəyirlər, müəllifə qazanc qalmır. Axı mən kitabdan qazandığımla maşın, ev almıram. Sadəcə, oradan əldə etdiyim gəlirlə növbəti kitabımı nəşr etməyə çalışıram. Bizə heç kim qucaq açmır ki, gəlin sizin kitabınızı nəşr edək".
E.Akif bildirir ki, bizim xalq kitaba pul verməyə qıymır: "Bizim insanlar gedib restoranda yemək yeməyi kitab almaqdan daha üstün tuturlar. Mənim sosial mediada xeyli izləyicim var. Amma bu qədər izləyicinin içində 100 nəfər oxucunu güclə toplamışam. Ümumiyyətlə, ölkədə kitabın təbliğatı çox zəifdir. Bundan həm naşirlər, həm də yazarlar əziyyət çəkirlər. Biz şairlər, yazıçılar satış öhdəliyini öz üzərimizə götürmüşük. Sözsüz ki, bu situasiya heç kimə xoş deyil. Buna sərf etdiyimiz vaxtı yaradıcılığımıza sərf edə bilərik. Mən gün ərzində 8 saat kitab satışı ilə məşğul oluram. Ona sərf etdiyim vaxtı yaradıcılıqla məşğul olaram, nəinki yağışda, küləkdə, qarda kitab sataram".
Müəllif qeyd edir ki, ötən il kitab, dərslik və kağızın idxal və satışına vergi güzəştlərinin tətbiqinə başlanılıb. Buna baxmayayaraq, vəziyyət dəyişməyib. Əksinə, naşirlər deyirlər ki, kağızın qiyməti artıb.
"Qanun" Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayara görə öz kitabını satan yazıçı və şair ən uca məqamdadır. Onun sözlərinə görə, o məqamdan üstün heç nə ola bilməz. Lakin könül istərdi ki, kitab industriyası elə qurulsun, yazıçının buna ehtiyacı qalmasın:
"İstərdik ki, nəşriyyatın sifarişindən, yayım şəbəkətlərindən tutmuş, kitabın Azərbaycanın hər bölgəsinə gedib oxucuya çatmasına qədər bütün işləri görən sistem qurulsun və mexanizm işləsin. Bundan sonra yazıçı yalnız öz işi ilə məşğul olsun. Kitab həm də əmtəədir. Demək, onun biznes tərəfi ilə də məşğul olan qurumlar və mütəxəssislər olmalıdır. Necə ki, digər sahələrdə var. Biz indi çalışırıq ki, buna doğru gedək".
Yazıçı Cəlil Cavanşir bildirir ki, yazarların öz kitablarını satması heç də xoş mənzərə deyil. Xarici ölkələrdə bu məsələlərlə müəllif agentlikləri, nəşriyyatlar məşğul olurlar. Onun sözlərinə görə, kitab çapı və satışı ilə məşğul olmaq yazıçının yaradıcı tərəfini əlindən alır:
"Məsələn, Kəramət ilin böyük hissəsini kitablarının satışına həsr edir. Amma onun kitablarının satışı ilə məşğul olan menecer olsa, Kəramət satışa ayırdığı vaxt ərzində gedib kitab yazar. Azərbaycanda Kitabxana Kollektoru var. Ötən il kitabxana kollektoru yerli müəlliflərin kitabını alıb, kitabxanalara bağışladı. Bu müsbət addım idi. İndi bunu davam etdirmək lazımdır. Özəl nəşriyyatların satış meneceri var. Arzu olunan odur ki, kitab satış işi ilə məşğul olanlar yerli yazarlara üstünlük versinlər. Azərbaycanda sırf yerli yazarların əsərlərinin çapı və piarı ilə məşğul olan bir nəşriyyat yoxdur".
dia.az