Binaların üzlənməsi məsələsində Hacıbala Abutalıbova ittihamlar - Dövlətin pullarını göyə sovurur
21-05-2015, 15:45
Mayın 19-da Bakıda 16 nəfərin ölməsi, 50-dən çox adamın xəsarət alması ilə nəticələnən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı cinayət işi açılıb. Məlumata görə, həmin binaya vurulan üzlüklərin istehsalı ilə məşğul olan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb.
Tanınmış hüquqşünas Adil Minbaşı ilə əlaqə saxlayıb, baş vermiş yanğın hadisəsinə münasibətini öyrəndik. A.Minbaşı öncə yanğın hadisəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr dilədi:
«Baş vermiş yanğın hadisəsi olduqca üzücü və ağrılıdır. Və bu təhlükəli hadisə bununla bitmir. Çünki paytaxtda və ölkənin bir sıra regionlarında bu dəhşətli hadisəni təkrarlayacaq çoxlu sayda penoplast üzlüklər vurulmuş binalar var. Bildiyiniz kimi, bu yanğın artıq Bakıda baş vermiş üçüncü hadisədir.
Əvvəlki yanğınlardan fərqli olaraq, bu hadisənin acı nəticəsi məmurlar tərəfindən gizlədilməsi mümkün olmadığı üçün dövlət başçısı tərəfindən dərhal tədbir görüldü. Əgər məsələ ilə bağlı prezidentin tələb və göstərişlərinə əməl olunaraq günahkar şəxsələr cəzalandırılarsa, bir çox məmurların məsuliyyəti ortaya çıxacaq. Çünki həmin üzlüyün təhlükəsizliyinə, istismara buraxılmasına aidiyyəti qurumlar tərəfindən sertifikat verilib. Və bundan sonra məhsulun istehsalına başlanılıb. Heç kimə sirr deyil ki, paytaxda binaların fasadlarında və dam örtüklərində təmir-bərpa işlərini Bakı Şəhər İcra Hakimiyyətinin tikinti ilə bağlı müvafiq strukturu aparır və onun da rəhbəri var. Başda isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dayanır. H.Abutalıbov üçüncü yanğın hadisəsindən sonra dilə gəldi ki, bir neçə məsələyə aydınlıq gətirilməlidir. O qeyd etdi ki, əvvəla, aydınlaşdırmaq lazımdır ki, bu penoplast üzlük yanmaya davamlıdırmı? Onun sözlərinə görə, təsdiq olunsa ki, binanın yanamasına səbəb hazırkı üzlükdür, onda bu üzlüklər bütün binalardan söküləcək, əgər binanın yanması üzlükdən yox, başqa səbəbdəndirsə, onda üzlüklər qalacaq».
A.Minbaşı binaların üzlənməsi üçün 1 kv.metrə 100-120 manat xərcləndiyini bildirdi: «Bu hesabla, 20 mərtəbəli yaşayış binasının üzlənməsi 4-5 milyon dollara başa gəlir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətin pulunu Bakıda, Sumqayıtda, Mingəçevirdə yüzlərlə binanın üzlənməsi üçün havaya sovurub. Eyni zamanda, insanların fəlakətə sürüklənməsinə, ölümünə, sağlamlıqlarının təhlükə altına alınmasına səbəb olub. Və bunun da məsuliyyətini heç kim üzərinə almaq istəmir. Əslində penoplast üzlüklərin tərkibinə yanğına qarşı kimyəvi maddələr vurulmalıdır. Onu da qeyd edim ki, üzlük materiallar çoxdur, əsas istehsalçı ölkələrdən biri isə Kanadadır.
Məsələ ondadır ki, yanğına qarşı material baha başa gəldiyi üçün Azərbaycanda ondan istifadə etmirlər. Bunun da nətiicəsində yanğınlar baş verir, insanlar həlak olur. Əgər bu hadisə ilə bağlı araşdırma obyektiv aparılsa, 10-15 səlahiyyətli şəxs məsuliyyətə cəlb olunacaq».
Binaların üzlüklərinin sökülməsinə gəlincə, A.Minbaşı dedi ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər tikinti-abadlıq işləri yekunlaşmalıdır: «Ona görə də bütün binaların üzlüklərinin sökülməsi mümkün deyil. Bu səbəbdən də həmin binaların mühafizəsi daha məqsədəuyğundur. Ancaq Olimpiya Oyunlarından sonra həmin üzlüklərin hamısı mütləq sökülməlidir. Çox təəssüf ki, ölkənin tikinti sektorundakı bu plansızlıq dövlət büdcəsinin zərərinə işləyir. Fikir verin, binaların bərpası bir xərc, sökülməsi ikinci xərc, sonrakı bərpa isə üçüncü xərc...».