KƏRƏM HƏSƏNOVUN TAYFA KLANI
29-08-2016, 01:12
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyində sədrin tayfa üzvləri təmsil olunub; qurumda ailə klanları da mövcuddur
Əmlak Məsələləri Dövlət Komitəsində qohumbazlıq idarəetmənin əsas prinsipinə çevrilib. Komitənin sədri Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənov komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, komitə aparatının rəhbəri İlqar Həbiyevin qardaşı Adil Həbiyev isə xidmətin Şirvan Regional İdarəsinin rəisi işləyir. Bu barədə “Yeni Müsavat”a komitədəki mənbədən xəbər daxil olub.
Qan qohumlarının bir-birinin tabeçiliyində işləməsi Əmək Məcəlləsində birmənalı yasaq edilir. Qanunla qardaş və əmoğlu qan qohumları kateqoriyasına daxildir. Ancaq komitə rəhbərliyi Azərbaycan qanunlarına açıq şəkildə tüpürərək bu strateji dövlət qurumunu ailə təsərrüfatı kimi idarə edir.
Mənbə deyir ki, Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənov Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində formal olaraq sıravi işdə çalışsa da faktiki olaraq xidməti o idarə edir. Fərdi mənzillərin, obyektlərin özəlləşdirilməsi üçün verilən rüşvətlər onun əli ilə yığılır. Onun göstərişləri şöbə müdirindən tutmuş xidmətin rəisinə qədər hamı üçün məcburi sayılır. Əslində komitənin sədri əmisi oglunu sıravi işə qoyub xidmətin idarəedilməsinə ona tapşırmaqla hiyləgər bir gediş edib. Yəni bir çox qanunsuz sənədləri xidmətin rəhbərliyinə daxil olan (şöbə müdirindən tutmuş xidmət rəisinədək) şəxslər imzalayır, pulları isə M.Həsənov yığır. Bununla da M.Həsənov hər bir rəsmi məsuliyyətdən kənarda qalır. K.Həsənov iclaslarda qanunsuzluqlara görə xidmətin rəhbər işçilərini danlayır. Xidmətin rəhbərliyi isə qorxularından səsini çıxarta bilmir.
Komitə aparatının rəhbəri İlqar Həbiyevin qardaşı Adil Həbiyev isə Daşınmaz Əmlakı Şirvan Regional İdarəsində demək olar ki, at oynadır. Regionda vətəndaşlar fərdi evlərini özəlləşdirmək üçün xidmətə müraciət edir, sonda vətəndaşa deyilir ki, “sənədlər itib”. Sənədlər bir neçə dəfə “itdikdən” sonra vətəndaş rüşvət verməyə vadar edilir. Saatlı və Sabirabadda sənədlərin “itməsi” kütləvi hal alıb.
Ümumiyyətlə, komitənin idarə edilməsində K.Həsənovdan sonra ikinci söz sahibi İlqar Həbiyevdir. İlqar Həbiyev Əmlak Komitəsində çoxdan çalışsa da karyerasının ən parlaq dövrü K.Həsənov quruma sədr təyin edildikdən sonra başlayıb. Çünki İ.Həbiyev K.Həsənovla tələbə yoldaşı olub və həmyerlidir. Maraqlıdır ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə qohumluq münasibətləri olan İ.Həbiyev sabiq nazirin dövründə bir qədər kölgədə qalıb və yalnız idarə rəisinin müavininə qədər irəliləyib. K.Həsənovun dövründə isə dərhal idarə rəisi, az sonra isə aparatın rəhbəri təyin edilib və faktiki olaraq komitədə ikinci şəxsə çevrilib.
Hazırda İ.Həbiyev müavinlərdən də üstün səlahiyyət sahibidir. O, komitənin kadr siyasətini müəyyənləşdirir və özəlləşdirmədən gələn “gəliri” bir qaba toplamaqla məşğuldur. Bir sözlə, K.Həsənovun sağ əli, vuran qolu sayılır, onlar həm də eyni tayfanı təmsil edirlər.
Mənbə onu da deyir ki, komitə sədrinin müavini Rüstəm Şahbazov da K.Həsənovla həmyerli və qohumdur. Komitədə şübhəli əməliyyatlar barədə qərarları məhz bu üç şəxs - K.Həsənov, İ.Həbiyev və R.Şahbazov verir. Biz sözlə, Əmlak Məsələləri Dövlət Komitəsində tayfa klanı formalaşıb.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!