Naxçıvan teleradiosu Hesablama Palatasına meydan oxudu: - "Vaxt gələcək, sizi də yoxlayacaqlar"

3-08-2024, 10:56           
Naxçıvan teleradiosu Hesablama Palatasına meydan oxudu: -
Hesablama Palatası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparıb. 2023-cü ili əhatə edən yoxlama zamanı 400 min manatdan çox yeyinti faktı aşkarlanıb.

Bu günlərdə keçirilən Hesablama Palatasının Kollegiya iclasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.

Azərbaycanın mühüm dövlət orqanının apardığı yoxlamanın nəticəsini qəbul etməyən Naxçıvan teleradiosunun rəhbərliyi əvvəlcə tələm-tələsik Palatanın yaydığı məlumatı şübhə altına salan açıqlama yayıb. Bu gün isə “Nuhçıxan” İnformasiya Agentliyində Hesablama Palatasına meydan oxuyan yazı dərc edilib. Yazı müəllifi “aydan arı, sudan duru” olan Naxçıvan teleradiosunun rəhbərliyini “təmizə” çıxarmaq üçün tarixə ekskurs edib, heç bir əsası olmayan arqumentlər gətirib. Bəli, Naxçıvan teleradiosu 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin təbliğ olunduğu az saylı media orqanlarından biri idi. Amma onun bugünkü yeyintiyə nə dəxli var?

Naxçıvan teleradiosunun işçiləri hər zaman zəhmətkeş və fədakar olub. Naxçıvan teleradiosu Azərbaycan jurnalistikasına və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Ancaq vaxtilə Naxçıvan teleradiosuna rəhbərlik edən Fərman Tağıyevin, Elxan Əliyevin, Elman Həbibin, Ramiz Qurbanovun, Gülparə Bayramovanın nə bahalı avtomobilləri, nə Bakı şəhərində mənziləri, nə də Naxçıvanın dağ kəndlərində villaları olub. Ona görə də Hesablama Palatası onları yoxlayıb materialları Baş Prokurorluğa göndərməyib. Yazı yazanda da gərək vicdanla yazasan, göy yalanı yox, heç olmasa yer yalanı danışasan. İndi nə demək istəyirlər? Üzvləri Milli Məclisdə seçilən, ölkə rəhbərinin ən çox etibar edib güvəndəyi, hesabatlarına istinad edərək qərarlar qəbil etdiyi Hesablama Palatası Naxçıvan teleradiosuna qərəzli yanaşıb? Bu, Hesablama Palatasının nəyinə lazımdır? Naxçıvan teleradiosunun rəhbərliyi əmin olsun ki, onları yoxlayanları yoxlamayacaqlar, Hesablama Palatası əvvəlki dövrləri də yoxlayıb nəticələri Baş Prokurorluğa göndərəcək. Bu cinayətləri törədənləri onları indi qızışdırıb ortalığa salanlar heç vaxt müdafiə etməyəcək. Və onlar layiqli cəzalarını alacaqlar.

“Nuhçıxan”ın hədə xarakterli həmin yazısını oxuculara təqdim edirik.

NTV-yə iki zərbə

70 il dünyanın yarısından çoxuna nəzarət edən Sovetlər Birliyi dünyəvilikdən uzaq olsa da, qəribə bir inkişaf yolu tutmuşdu. Sanki keçmiş SSRİ rəhbərliyi göstərmək istəyirdi ki, dünya xalqlarını bir bayraq altında birləşdirib, o birliyin əli ilə istədiyini etmək olar. Və bu tezislə uzun müddət SSRİ adlı nəhəng sınaq laboratoriyasında Teslanın da, Eynşteynin də ağlına gəlməyən şeyləri etdilər. Uğurlu layihələr də oldu, özünü doğrultmayanlar da... Amma insafən deyək ki, köklü, əsilli xalq və millətlərin mental dəyərləri ilə bağlı hər hansısa mənəvi irticaya yol vermədilər. Düzdür, aşınan dəyərlər, orta əsrlərdə dini ehkam donu geyindirilən bəzi adət-ənənə şəklinə salınan nəsnələr var idi ki, onların çoxu aradan qaldırıldı və əvəzində elmin işığına söykənən məqamlar oldu ki, indinin özündə də keçmiş müttəfiq respublikalarda həmin dəyərlər vacib rol oynayırlar. Bəli, sual oluna bilər ki, sovetlərin cəmiyyət üçün etdiyi hansı vacib məqamlardan söhbət gedir? Bu bir gerçəkdir ki, mədəni dəyərlər möhkəmləndi, incəsənət təşəkkül tapdı, elm ocaqları yarandı və yazımda haqqında bəhs edəcəyim kino və televiziyalar formalaşdı.

Ağ pərdələrdə həyat həqiqətlərini özündə əks etdirən filmləri seyr edən kütlələr filmlərdə baxıb gördüklərindən böyük tərbiyə aldılar. Çox keçmədi, bəyaz pərdələr öz yanlarında mavi ekranlara yer verdilər. Bəyaz pərdələrdə, mavi ekranlarda öz həyatlarının bənzərini görən insanlar mədəni səviyyələrini, intellektlərini, elm və savadlarını inkişaf etdirmək üçün yol göstərən, öyrədən, başa salan, maarifləndirən sehirli vasitələrdə fəaliyyət göstərən incəsənət, ədəbiyyat, mədəniyyət adamlarına rəğbətlə yanaşmağa başladılar. Tutduqları vəzifələrindən, oturduqları kürsülərdən, sahib olduqları səlahiyyətlərdən asılı olmadan, bütün vəzifə və mənsəb sahibləri kino adamlarına, incəsənət xadimlərinə, televiziya işçilərinə rəğbətlə yanaşır, onlara böyük etimad göstərir, nəvazişlə qarşılayırdılar. Cəmiyyətdə hər kəs öyrədən, maarifləndirən, sənət sahibləri ilə iştirak etdiyi qonaqlıqlardan ağız dolusu danışar, onlarla fotolar çəkdirər, həmsöhbət olmaq üçün yollar axtarardılar. Onların məclislərində iştirak etsinlər deyə, kino və televiziya adamlarına hətta minnətçi düşərdilər. Yeri gələndə isə söhbət əsnasında kiminsə məclisində bir sənət adamının ya da ədəbiyyatçının iştirakından fəxrlə bəhs edərdilər. Bəs indi? Görəsən nə baş verir? Axı indi hər şey özümüzündür. Kiminsə laboratoriyasında sınaq obyekti deyilik axı...

Ulu öndərin tribunası

Bu ölkədə, bu məmləkətdə A-dan Z-yə nə varsa özümüzə məxsusdur. Azərbaycan adlı bu məmləkət dağı ilə, daşı ilə, dənizi, suyu ilə, yeraltı-yerüstü sərvəti ilə, cavanı, qocası ilə bizim adımız, bizim namusumuz, bizim sərvətimiz, bizim qeyrətimizdir!

Axı bizi bir çox dəyərlərdən uzaq salan nədir? Doğrusu, bu gün qəlbi Vətəni, xalqı, dövləti, milləti ilə döyünən adamlar ürək ağrısı ilə qəbul edirlər ki, onun vətəndaşı olduğu məmləkətdə kinonun-televiziyanın adı hüquq-mühafizə orqanlarında hallanır, incəsənət adamları ilə bağlı məhkəmələrə müraciət olunur. Azərbaycanda mətbuat çox uzun bir yol keçib. Radionun yaşı 100-ü, televiziyanın yaşı isə 80-i haqlayıb. Əsası “Əkinçi” ilə qoyulan mətbuatın qət etdiyi şərəfli yolda Azərbaycanımızın inkişafı, müstəqilliyi uğrunda həyata keçirilən uğurlu layihələrdə Naxçıvan televiziyasının kollektivi yüz ilə yaxındır ki, bir an belə dayanmayıb, əzmlə çalışıblar.

1963-cü ildən fəaliyyətə başlayan Naxçıvan Televiziyasının əsası muxtar respublikanın çox dəyərli ziyalıları, elm və sənət adamlarının əli ilə qoyulub. Bu maarif və mədəniyyət məbədinin qurulmasında, inkişaf edib, vüsət tapmasında ulu öndərimiz Heydər Əliyevin xüsusi rolu, əməyi, sayğısı və diqqəti olub.

Ötən əsrin 90-cı illərində baş verən müharibədə ilk ağır zərbə Naxçıvan Muxtar Respublikasına dəydi. Naxçıvan uzun illərin ağır imtahanı ilə qarşı-qarşıya qaldı. Blokadaya düşdüyü ilk vaxtdan Azərbaycan xalqının hamisi, ulu Naxçıvan torpağının xilaskarı Heydər Əliyev Moskvadan Naxçıvana gələrək bu çətin vəziyyətdə naxçıvanlılarla birgə mübarizə apardı.

Həmin çətin zamanlarda həm Naxçıvanın, həm də Heydər Əliyevin haqq səsini dünyaya çatdıran 2 media orqanı var idi. Bunlardan biri Naxçıvan Televiziyası, digəri isə “Şərq qapısı” qəzeti idi.

Müstəqilliyə gedən yolumuzda ümummilli liderimizin yanında olan, onun keçdiyi mübarizə yolunu kadr-kadr izləyən televiziya və radio işçiləri öz güclərini dahi rəhbərdən alırdılar. O vaxtlar ulu öndərimizin Naxçıvanda Ali Məclisin sədri olduğu vaxtlarda çəkilən qiymətli kadrlar, videolentlər bu gün Naxçıvan Televiziyasının arxivində qorunub-saxlanılır. O cümlədən, Naxçıvan Muxtar Respublikasının müstəqillik illərində keçdiyi ağır, mübarizələrlə dolu yolun salnaməsi də məhz Naxçıvan Televiziyasının əmakdaşlarının iştirakı ilə tarix səhifələrinə yazıla bilib. Hətta, ulu öndəri devirməyə çalışan xalq cəbhəsinin quldur dəstələri dövlət çevrilişinə cəhd edən zaman Naxçıvan televiziyasına silahlı basqın edərək dağıtmış, bununla da Ntv ilk böyük mənəvi zərbəni almışdı. İkinci böyük mənəvi zərbəni isə 30 il sonra - bu günlərdə aldı... Bu barədə az sonra.

Çətin iş şəraiti... Əsl əzm!

Bu sirr deyil ki, Naxçıvan Televiziyası çox böyük bir dövlətçilik yolu keçib. Bu televiziya indi bir məktəbdir. Dövlətimizə, dövlətçiliyimizə, milli ruhumuza, adət-ənənələrimizə, folklorumuza söykənən Ntv-ni dünən yaradan, bu gün qoruyan, sabaha aparan isə milliliyə, soy-kökə bağlılığıdır.

Qərəzdən uzaq, tam səmimi, birbaşa xalqın tribunası rolunu oynayan Naxçıvan Televiziyası Azərbaycanda fəaliyyət göstərən televiziyaların arasında həm də öz dəsti-xətti ilə seçilir. Təəssüflər olsun ki, bu gün Hesablama Palatası öz xeyir duasını ulu öndərimiz tərəfindən alan Naxçıvan Televiziyasını hüquqi pozuntularda günahlandıraraq prokurorluğa müraciət etməklə (Halbuki böyük maliyyə pozuntuları törədən qurumlar belə canfəşanlıqla hüquq mühafizə orqanlarına verilmir) Ntv-yə ikinci böyük mənəvi zərbəni vurdu. Əməkdaşları ən az əməkhaqqı ilə kifayətlənən, çətin zamanlarda, ağır və böhranlı vaxtlarda sıxıntılara boyun əyməyən, işinə və peşəsinə rəğbətlə yanaşan, dövlətimizə və dövlətçiliyimizə həmişə sədaqət nümayiş etdirən, bayram, istirahət günləri demədən çalışan və buna görə heç bir işəmuzd, vaxtamuzd haqq almayan Naxçıvan Televiziyasının adının ətrafında səslənən xoşgəlməz informasiyalar sanki bilərəkdən və qərəzli şəkildə ictimailəşdirildi. Hansısa 5 qəpiklik dəyəri olmayan saytların başında oturan bəzi “jurnalistlər” də adını “sifariş” qoyub feyk xəbərlər yaydılar. 200 nəfərdən artıq (aralarında əməyi ulu öndərimiz, eləcə də, ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilən) əməkdaşlar son iki gündə provakasiya xarakteri daşıyan məlumatların nəyə xidmət etməsini öyrənməyə çalışır. Kollektiv onillər ərzində sahib olduğu və alın təri ilə qazandığı işinə sayğı və hörmətlə yanaşılmasını istəyir və yeri gəlsə bunu tələb edir.

Haqq nazilər, amma üzülməz

Bu gün əməkdaşların əməyinin Cəmiyyət sədri tərəfindən qiymətləndirilməsi, nümunə gücündə işləyən işçilərin əməyinə qiymət olaraq qonorar və mükafatın verilməsi nəyə görə isə yoxlama qurumlarının hüquq-mühafizə orqanlarına təqdim etdikləri hesabatlarda maliyyə pozuntusu kimi təqdim edilir. Media haqqında qanunun 4-cü maddəsində deyilir ki, “media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq media sahəsində dövlətin əsas vəzifələrindən biridir”. Bəs siz nə edirsiniz cənablar?! Sizin vəzifəniz bizi mükafatdan, qonorardan məhrum etməkdir? Siz 400-500 manat aylıq vəzifə maaşı müqabilində bütün günü dağda-daşda çəkiliş edərsiniz? Təbii ki, yox! Və heç bizim də etmək fikrimiz yoxdur! Ona görə də mükafat da, qonorar da almaq bizim həm maddi, həm də mənəvi haqqımızdır. Bunu qanunsuz aldığımızı əsasladırmaq isə sizin haqqınız deyil. Məni bir sual da düşündürür. Operatorlarımıza ali təhsil tələbi qoyub artıq ödəmə yazırsınız, bəs siz necə, hər biriniz dövlət qullquğuna qəbul imtahanından keçərək palatalarda işləyirsiniz, dövlət qulluqçusu adını daşıyırsınız? Yaxınlarınız, valideynləriniz hansı korrupsiya əməllərinə bulaşıblar bunu biz və cəmiyyət yaxşı bilir! Təbii ki, bizim də bu barədə araşdırmalarımız olacaq!

Onu da deyim ki, bu gün muxtar respublikada, demək olar ki, nazirliklərin çoxunda, o cümlədən, idarə və təşkilatlarda “İctimaiyyətlə əlaqələr” şöbəsinə təyin olunan kadrların əksəriyyəti bir vaxtlar Naxçıvan Televiziyasının əməkdaşları olublar. Və söhbət o şəxslərdən gedir ki, həmin şəxslər Naxçıvan Televiziyasından əsasən əməkhaqqı azlığına görə uzaqlaşıblar.

Bu gün Naxçıvan Televiziyasında əsl fədailər, özünü televiziyamızın və radiomuzun inkişafına həsr edən şəxslər işləyirlər. Söhbət o şəxslərdən gedir ki, onların əksəriyyəti öz həyatlarını, ömürlərini NTV-yə həsr ediblər. İnanırıq ki, ulu öndər Heydər Əliyevin ideyalarının və siyasi irsinin təbliğatında xüsusi yeri və rolu olan Naxçıvan Televiziyası və Radiosu hər zaman dövlətinin yanında olduğu kimi, haqq-ədalət də onların yanında olacaq!

P.s Vaxt gələcək, Ntv-ni yoxlayanların özlərini də yoxlayacaqlar!

TNS.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.