Ramin İsayevin qanunsuz əməlləri haqqında - İlginc faktlar
4-08-2024, 10:14
Bir sıra şirkətlərdə müxtəlif vəzifələrdə çalışmış Ramin İsayevin qanunsuz əməlləri ilə bağlı araşdırmanın maraqlı təfərrüatı məlum olub.
AzFakt.com-un Haqqın.az-a istinadən məlumatına görə, Ramin İsayev 16 milyon manat məbləğində kreditin mənimsənilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçən il həbs edilib. Kredit 2012-2014-cü il dövründə Azərbaycan Beynəlxalq Bankı tərəfindən "Baghlan Group" ilə əlaqəli şirkətə verilib, harada ki İsayev rəhbər vəzifə tutub. Nəticədə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Araşdırma zamanı Ramin İsayevin fəaliyyətinin, o cümlədən onun SOCAR AQŞ-nin rəhbəri olduğu dövrə aid digər gizli təfərrüatları da üzə çıxmağa başlayıb.
Ramin İsayev sonuncu iş yeri olan SOCAR AQŞ şirkətində yol verdiyi kobud nöqsanlara, mənimsəmə və digər sui-istifadə hallarına dair əsaslı şübhələrə görə 2020-ci ildə şirkətin direktoru vəzifəsindən uzaqlaşdırılıb və fəaliyyəti ilə bağlı araşdırma başlanılıb.
Araşdırma müddətində məsuliyyətdən yayınmaq üçün Ramin İsayev ölkəni tərk edib, 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alıb, soyadını Hakan soyadına dəyişib və rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunub. Şirkətə aid külli miqdarda maliyyə vəsaitini mənimsəyərək tez bir zamanda zəngin həyat tərzinə öyrəşən Ramin İsayev, mənimsədiyi vəsaitin bir hissəsini Türkiyə və digər dövlətlərin banklarına yatırıb, digər hissəsinə isə Türkiyənin İstanbul şəhərinin müxtəlif elit rayonlarında daşınmaz əmlak əldə edib. O, Türkiyə vətəndaşlığı almaqla və soyadını dəyişməklə, xarici ölkələrdə olan aktivlərini müvafiq dövlət qurumlarından gizlətməyə nail olub.
Araşdırma zamanı Ramin İsayevin şirkətin maliyyə resurslarını mənimsəmək üçün yaratdığı və istifadə etdiyi çoxsaylı cinayət sxemləri müəyyən edilib. İsayevin həyata keçirdiyi bu cür cinayət sxemlərinə misal olaraq onun tapşırığı ilə qohumları öz adlarına şirkətlər yaradıb, həmin şirkətlər vasitəsilə SOCAR AQŞ üçün şişirdilmiş qiymətlərə mal-material, avadanlıqlar alıb, xidmətlər göstərib, torpaq sahələri icarəyə götürüb və nəticədə şirkətə milyonlarla ziyan vurub.
İsayev təkcə maliyyə vəsaitlərini mənimsəməklə kifayətlənməyib, həm də tanınmış beynəlxalq şirkətlərin adlarını mənimsəməkdən və cinayət məqsədləri üçün istifadə etməkdən çəkinməyib. Məsələn, o, qohumlarının adına qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərindən birinin adını dəyişərək “Baker Energy” qoyub, mahiyyətcə Amerikanın tanınmış şirkətinin adını və reputasiyasını şəxsi cinayət məqsədləri üçün istifadə etmək üçün mənimsəyib.
Ramin İsayevin digər cinayət əməllərinə dair çoxsaylı misallar gətirmək olar. Məsələn, İsayevin Çin vətəndaşı Tan Tinqlə sövdələşməsi, vəsaitlərin mənimsənilməsi və çıxarılması üçün onların Çin şirkətlərindən istifadə etməsi qeyd edilə bilər. Adıçəkilən Çin vətəndaşı, Kostya Tinq kimi də tanınan Tan Tinq dələduzluq əməllərinə görə Çin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib və hazırda istintaqdan gizlənir.
Ramin İsayevin cinayət sxemlərinin daha bir bariz nümunəsi “Ulduz” şirkətindən torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı epizoddur.
İsayevin bacısının qaynının adına rəsmiləşdirilən “Ulduz” şirkətindən 3 hektar torpağın icarəyə götürülməsi ilə bağlı müqavilədə dəfələrlə şişirdilmiş qiymətlər göstərməklə, 2015-2020-ci illər ərzində “Ulduz” şirkətinə 4,1 milyon manat icarə haqqı ödənilib, halbuki, həmin torpaq sahəsinin faktiki icarə dəyəri 278 min manat olub. Maraqlıdır ki, yekun müqavilədə göstərilən qiymətlə müqayisədə 10 dəfə aşağı qiymətə ilkin müqavilə tərtib edildikdən sonra “Ulduz” şirkəti qısa zamanda İsayevin qohumlarının adına yenidən rəsmiləşdirilib və icarə qiyməti dəfələrlə artırılıb. Nəticədə təkcə bu mənimsəmə epizodunda Ramin İsayev rəhbərlik etdiyi şirkətə 3,8 milyon manat ziyan vurub.
İsayev qanunsuz əməllərini gizlətmək üçün şirkət hesabatlarını saxtalaşdırmaqdan da çəkinməyib. Banqladeş Xalq Respublikasında həyata keçirilən layihədə maliyyə itkilərinin gizlədilməsi məqsədi ilə Ramin İsayev Banqladeşin “Bapex” şirkəti adından 12 milyon 400 min ABŞ dolları ödəniləcəyi barədə saxta maliyyə sənədləri hazırlayıb. Daha sonra İsayev tabeçiliyində olan əməkdaşları bu saxta sənədləri imzalamağa məcbur edib. Bu yolla o, illik hesabatlarda şişirdilən gəlirlər göstərib və ilin yekunlarına görə mövcud olmayan gəlirlərdən belə pul mükafatları alıb. Hətta, bu saxta maliyyə sənədi əsasında Azərbaycan banklarının birindən kredit götürməyə nail olub. Qeyd olunan bu fakt da onun barəsində həyata keçirilən cinayət işi çərçivəsində araşdırılır.
Bundan başqa, araşdırma zamanı müəyyən edilib ki, Ramin İsayev Türkiyədə qeydiyyatdan keçən “Rotana Lojistik İthalat İhracat ve Diş Ticaret Limited Şirketi” (qısaca “Rotana”) ilə müqavilə bağlayıb və heç bir xidmət göstərilmədiyi təqdirdə Ramin İsayevin imzası və göstərişi ilə həmin şirkətə 306 000 ABŞ dolları (520,000 AZN) məbləğində vəsait ödənilib. SOCAR-AQŞ-nin şikayəti əsasında Türkiyədə prokurorluq orqanları tərəfindən bu məsələ ilə bağlı Rotana şirkəti barəsində cinayət işi başlanılıb. İlkin araşdırma zamanı müəyyən olub ki, Rotana şirkəti heç bir xidmət göstərmədən Azərbaycan şirkətlərindən külli miqdarda pul köçürmələri alıb və sonra bu pullar Türkiyədə nağdlaşdırılıb. Hazırda Türkiyədə qanunsuz pul mədaxili və “çirkli” pulların yuyulması ilə bağlı araşdırma davam edir.
Ramin İsayev rəhbəri olduğu şirkəti bütünlüklə özününkü kimi istifadə edib, müvafiq peşə bacarıqları olmayan 30-dan çox qohumunu şirkətə işə götürüb. O, həmin şəxslərə tutduqları vəzifələrə uyğun olmayan yüksək məvaciblər, eləcə də külli miqdarda həvəsləndirici ödənişlər təyin edib. Hətta, İsayevin işə götürdüyü şəxslərin bəziləri işə gəlmədən əmək haqqı alıb. Məsələn, adı hazırda açıqlanmayan tanınmış musiqi qrupunun 5 üzvünü Ramin İsayev SOCAR AQŞ-yə strateji layihələr və logistika mütəxəssisləri vəzifələrinə işə rəsmiləşdirib və onlara 2016-2020-ci illərdə ümumilikdə 500 000 manata yaxın əmək haqqı ödənilib.
Cinayətkar planlarını həyata keçirməkdə ona lazım olan savadlı və mütərəqqi menecer obrazını yaratmaq üçün Ramin İsayev şirkətin vəsaiti hesabına gizli şəkildə və müvafiq razılaşdırmalar olmadan ABŞ-nin bahalı universitetlərində, o cümlədən Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil haqlarını və digər xərclərini ödəyib, eləcə də Harvard Kennedi Məktəbinə şirkətin vəsaiti ilə ianələr edib. Məsələn, 16 avqust 2018-ci il və 10 iyun 2019-cu il tarixlərində o, şirkətin vəsaitlərindən Harvard Kennedi Məktəbinə 100,000 ABŞ dolları məbləğində ianələr edib və onları öz vəsaiti kimi təqdim edib. Bu böyük məbləğdə ianələr ona görə edilib ki, onun adı bu tanınmış təhsil ocağının saytında donor kimi qeyd edilsin və o, bu titulu özünün saxta və layiq olmadığı nailiyyətlərinin bir hissəsi kimi göstərə bilsin. Onun barəsində cinayət işi açıldıqdan sonra onun adı məktəb tərəfindən xeyriyyəçilər siyahısından çıxarılıb.
İsayevin cinayət xarakterli fəaliyyəti işdən çıxarıldıqdan sonra da bitməyib. SOCAR AQŞ-nin direktoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra qisas hissini rəhbər tutaraq, cinayət əməllərinin izini gizlətməyə çalışan Ramin İsayev öz yaxın adamına, şirkətin İnformasiya Texnologiyaları şöbəsinin rəhbərinə şirkətin serverlərinə kiberhücum etməsi barədə tapşırıq verib, sonuncu isə İsayevin göstərişini icra edərək kiberhücum təşkil edib. Bununla bağlı, həmin şəxs barəsində 23 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1 və 273.2 maddələri ilə cinayət işi başlanılıb və araşdırma aparılıb.
Bundan başqa, Ramin İsayev şirkətdə aparılan müstəqil audit və araşdırma prosesinə təzyiq göstərmək məqsədilə müxtəlif elektron poçt ünvanlarından istifadə edərək SOCAR AQŞ, onun rəhbərliyi və səhmdarları haqqında hədələr göndərərək, böhtan xarakterli materiallar yayıb.
Etibarlı mənbələrə əsasən, Ramin İsayevin vəzifə səlahiyyətlərindən sui-istifadə və səhvləri təkcə SOCAR AQŞ-də fəaliyyət göstərdiyi dövrlə məhdudlaşmır, həm də əvvəlki iş yerlərini əhatə edir.
Belə ki, Ramin İsayev KCA Deutag şirkətində region üzrə biznesin inkişafı meneceri vəzifəsində çalışarkən, yol verdiyi səhvlər və bu vəzifədə ona həvalə edilən tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən KCA Deutag şirkətinin rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib. Bunu bilən İsayev KCA Deutag şirkətinin rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb, 2009-cu ildə Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərməklə KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta, şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.
Ümumiləşdirərək qeyd etmək lazımdır ki, araşdırma zamanı əldə edilən ilkin məlumatlara görə, Ramin İsayev cinayət əməlləri nəticəsində sonuncu rəhbəri olduğu SOCAR AQŞ şirkətinə məxsus 54 milyon manatdan çox vəsaiti mənimsəyib.
Məlumat verildiyi kimi, Ramin İsayevin işi üzrə ibtidai istintaq başa çatıb və cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4 308.2, 32.4, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəmədə iştirak edəcək.
Ramin İsayevin mənimsədiyi dəqiq məbləğ isə məhkəmə yekunlaşdıqda və hökm çıxarıldıqda məlum olacaq.