Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşı kəsilir.

5-08-2024, 17:38           
Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşı kəsilir.
Buna səbəb Hesablama Palatasının yerli Səhiyyə Nazirliyində milyonlarla manat yeyinti aşkarlamasıdır. Yəni, nazirlik üzə çıxan yeyintinin yerini işçilərin maaşı ilə doldurmaq istəyir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup tibb işçisi məlumat verib.
Təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasının həkimlərindən biri deyir ki, göstəriş nazirlikdən gəldiyindən heç yerə şikayət edə bilmirlər:
“Maaşları kəsilməsini Hesablama Palatasının üstünə atırlar. Güya palata deyib ki, bizə yazılan mükafat və bayram pulları qanuni deyil. Biz buna inanmırıq. Bu necə ola bilər? Azərbaycanın hər yerində bütün işçilərə mükafat və bayram pulları yazılır. Hesablama Palatası bunu niyə qeyri-qanuni hesab etsin. Bizdə olan məlumata görə, palata başqa qanunsuz yeyintilər üzə çıxarıb, həm də milyonlarla manat dəyərində. Həmin pulun yerini doldurmaq üçün tibb heyətinin maaşından kəsəcəklər. Aidiyyəti qurumlara müraciət edirik, onlardan tələb edirik ki, bu qanunsuzluq dayandırılsın”.
Naxçıvan MR Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.M. (ad şərtidir) da maaşların kəsilməsindən narazıdır:
“Biz kasıb adamlarıq. Onsuz da artıq saatlar işlətməklə bizi istismar edirlər. İndi də kimsə milyonlar yeyib deyə, bizim maaşımız kəsilir. Bu qədər haqsızlıq olmaz axı, biz də insanıq. İlk dəfə olaraq, bu ildən bizə mükafat və bayram pulu verməyə başlamışdılar, onu da burnumuzdan gətirdilər. Cəmi 400 manat maaş alıram, onu 120 manatı kəsiləcək. Bu pul neçə ay kəsiləcək ki, yeyintinin yeri dolsun, bilmirik. Naxıvandakı tibb işçilərinə qarşı bu haqsızlıqlar nə vaxt bitəcək?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.