Cavanşir Yusifov Qərb bölgəsini NECƏ QARIŞDIRIR... - Prezidentə müraciət olundu
7-08-2024, 11:29
Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları şikayət məktubunun bir nüsxəsini də, Dəryaz qəzetinin redaksiyasına göndəriblər və ictimailəşdiriməsini xahiş ediblər,
Müraciətnamədə bildirilir:
“Möhtərəm cənab Prezident İlham Əliyev,
Hörmətli Azərbaycanın birinci Xanımı, El Anası Mehriban xanım Əliyeva
Sizə Qərb bölgəsindən, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin bir qrup mədəniyyət işçiləri adından müraciət edirik. Onu qeyd edək ki, Regional İdarə özündə beş rayonu birləşdirir — Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy. Bildiyiniz kimi, biz mənfur ermənilərlə sərhəd bölgədə yaşayırıq. Ölkəmizin ən çətin zamanlarında biz düşmənlə üz – üzə dayanaraq öz torpağımızdan heç bir yerə getmədik. Çünki ölkə rəhbərimizə inanırdıq. Bilirdik ki, Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan, nəyi necə və nə vaxt etməyi yaxşı bilir. Budur, Sizin sayənizdə biz qalib xalq olduq. Biz mədəniyyət işçiləri Prezident seçkilərində fəal iştirak etdik. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” — deyən İlham Əliyevə səs verdik.
Möhtərəm cənab Prezident!
Bu gün biz üzləşdiyimiz problemlə bağlı Sizə müraciət edirik. Üç aydır bizdə Malliyə Nazirliyi yoxlama aparır. Yoxlamanın bu qədər uzun çəkməsi bizi narahat edir. Düzdür, iş olan yerdə nöqsan da olur. Lakin bu qədər uzun çəkməsi yoxlamanın qərəzli olması barədə bizdə şübhə yaradırdı. Bu yaxınlarda biz bunun şahidi olduq. Bir nəfər (qadın olduğu üçün adını çəkmək istəmədiyimiz) şəxs məlumat verdi ki, yoxlama ona görə bu qədər uzun çəkir ki, bizim sahədə güclü ixtisar gözlənilir. Kim ixtisara düşüb işini itirmək isrəmirsə, Şəmkir rayon uşaq musuqi məktəbinin keçmiş direktoru Rizvan Məmmədovu “görməlidir”. Onun oğlu Muxtar Məmmədov Gəncə Regional Malliyə Nəzarət İdarəsində rəis müavini vəzifəsində çalışır. Hal – hazırda maliyyə yoxlamasının başında duran odur. Bütün yoxlama sənədləri onun tapşırığı ilə imzalanır. Bundan başqa, Rizvan Məmmədovun bacısının yoldaşı Cavanşir Yusifov Maliyyə Nazırliyində aparat rəhbəridir. Məmmədovun vasitəsiylə bunlar bizim işdə qalmağımıza köməklik edə bilərlər…
Biz — bir neçə nəfər mədəniyyət işçiləri deyilənlərin doğru olduğunu araşdırmaq üçün Şəmkir rayonuna yollandıq. Öyrəndik ki, bəli, Rizvan Məmmədov həqiqətən arxalı adamdır. Belə ki, 65 yaşı olmağına və dövlət qulluqcusu olmadığına baxmayaraq, Düyərli kənd icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyir. Onu da öyrəndik ki, bacısının həyat yoldaşı Cavanşir Yusifovun köməyi ilə bizim zonada çox adamlara iş düzəldir. Maliyyə yoxlaması mədəniyyət sahəsində bütün müəssisələri əhatə etməsinə baxmayaraq, Rizvan Məmmədovun musiqi məktəbinə direktorluq etdiyi dövrü yoxlamayıb, onun fəaliyyəti dövründə guya heç bir catışmamazlıq olmayıb. Bu, onu sübut edir ki, həqiqətən Rizvan Məmmədovun qohumları ona himayədarlıq edirlər.
Möhtərəm cənab Prezident!
Biz işimizi itirmək istəmirik. Cünki bir çoxlarımız tək ailə başçısıyıq, himayəmizdə övladlarımız var, həmçinin elə bir yaşdayıq ki, ixtisara düşsək, iş tapmağımız çətin olacaq. Biz Sizdən kömək istəyirik. Xahiş edirik, Maliyyə Nazirliyində aidiyyatı şəxslərə tapşırıq verəsiz, ixtisarlara yol verilməsin. Biz nəyə görə Rizvan Məmmədovdan kömək istəməliyik? Hal — hazırda biz parlament seçkilərinə hazırlaşırıq. Bizə seçki məntəqələrində müxtəlif vəzifələr həvalə olunub. Biz daima ölkə Prezidentini, onun siyasətini dəstəkləmişik.
Hörmətli Mehriban xanım! Siz bütün Azərbaycan qadınlarının himayədarı, Bizim Mehribansınız. Məktubumuzu oxuyub bizə dəstək olmağınızı xahiş edirik.
Qazax – Tovuz Regional Mədəniyyət idarəsini əhatə edən müəssisələrin əməkdaşları”.
Redaksiyadan: Əlavə olaraq maraqlanıb öyrənmişik ki, Cavanşir Yusifov Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin hamısında fəaliyyətin son dörd ilini yoxlatdırsa da, Rizvan Məmmədovun rəhbərlik etmiş olduğu məktəbin son altı aylıq fəaliyyətini yoxlatdırır. Hansı ki, yoxlamanın əhatə etdiyi həmin dövrdə Rizvan müəllim artıq direktor vəzifəsini tərk etmişdi. İctimai qınağın təsiri ilə Cavanşir Yusifov yoxlamanın əhatə dövrünü son dörd ilə qədər artıracağını vəd etsə də, sonradan bu məsələ unuduldu. Hazırki yoxlama isə Rizvan Məmmədovu əvəzləyən Samirə xanımın fəaliyyətini araşdırıb və guya hansısa uyğunsuzluqlar, maliyyə pozuntuları aşkar edib. Halbuki, Samirə xanım Rizvan Məmmədovun tərtib etdiyi proqram və tərtibat üzrə fəaliyyətini davam etdirdiyi halda necə olur ki, Rizvan müəllimin 3 il 6 ayda bir manat da olsa belə maliyyə yeyintisi olmadığı halda Samirə xanımın altı ayda 16000 manat maliyyə mənimsəməsi aşkarlanır.
Bölgənin mədəniyyət işçiləri belə qərəzli araşdırma işini həm də onunla əlaqələndirirlər ki, Cavanşir Yusifovun niyyəti Rizvan Məmmədovun qızı, yəni qaynı qızı Şəlalə xanımı atasının yerinə — Şəmkir Musiqi Məktəbinə direktor təyin etdirmək olub. Özü də Rizvanın müəllimin maliyyəçi oğlunun əli ilə. Cavanşır Yusifov Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə yaxın qohumu üçün ağız açsa da, sözü yerə düşüb. Ona görə də acığa düşüb, mədəniyyət müəssisələrində qərəzli yoxlamalar təşkil edib. Şikayətçilər onu da bildirdilər ki, Muxtar Məmmədovun diplomu saxtadır. O, dövlət qulluğuna imtahan versə də, istəyi qəbul olunmayıb.
Bu sualla bağlı Rizvan müəllimə müraciət edib deyilənlərin nə dərəcədə doğru olub olmamağı barədə mövqeyini öyrəndikdə o, bildirdi ki, oğlu Muxtar Məmmədov Gəncə Aqrar Universtitetini bitirib və dövlət qulluğuna verdiyi imtahanda birinci dəfə etdiyi müraciət qəbul olunmasa da ikinci dəfə baş tutub. Bu barədə araşdırmalarımız davam etdiyindən aidiyyatı qurumlara etdiyimiz müraciətə cavab aldıqdan sonra mövzunu davam etdirəcəyik.
Deryaz.az