Naxçıvan Dövlət Universitetinin Kembric hoqqası - valideynlər aldadıldığını deyirlər…

9-08-2024, 11:36           
Naxçıvan Dövlət Universitetinin Kembric hoqqası -
Naxçıvan Dövlət Universiteti Kembriclik etmək sevdasına düşüb.

Azinforum.az-ın əldə etdiyo məlumata görə, NDU ötən təhsil ilinin əvvəlində 1-ci və 6-cı sinif şagirdlərinin universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbinə Kembric proqramı üzrə hazırlanması təşəbbüsünə start verib.

Bir neçə gün əvvəl keçirilən “Kembric imtahanları”na Universitetin rektoru Elbrus İsayevin şəxsən özü nəzarət edib. Rektorun 4 avqust 2024-cü ilə aid paylaşımında bildirilir:

“Bu gün Naxçıvan Dövlət Universitetinin Kembric Məktəbinə (Cambridge school)şagird qəbulu imtahanı keçirildi.
Qəbul imtahanında 1-ci və 6-cı sinif şagirdləri iştirak edirdi;
Namizədlərə ingilis dili qrammatikasından 10, riyazi biliklər 30, ingilis dilində oxu materialları 30, dinləmədən isə 20 sual olmaqla ümumilikdə 90 sual təqdim edildi;
Qeyd edək ki, NDU Beynəlxalq Məktəbində Kembric proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən tədrisə başlanılacaq. Tədris tamamilə ingilis dilində həyata keçiriləcək;
Böyük Britaniyadan müəllimlərin cəlb ediləcəyi tədris üçün yerli müəllimlərin də lazımi tələblərə cavab verməsi məqsədilə müxtəlif təlimlər təşkil olunur.
Vətənimiz, millətimiz üçün xeyirli olsun!”.

Maraqlıdır ki, NDU-nun “Kembric məktəbi”nə hazırlıq kursları da açılıb və bir çox şagirdlər imtahanlara NDU müəllimləri tərəfindən hazırlanıb.

Bəs, rektorun təbirilə desək, “Vətənimiz, millətimiz üçün xeyirli olan” bu hazırlıq kursları necə təşkil edilib?

Valideynlərdən birinin iddialarına görə, ondan övladının bu imtahanlara hazırlaşdırılması üçün ayda 120 manat ödəniş alınıb. Övladı imtahanlara hazırlaşarkən dəfələrlə onun hazırlıq vəziyyəti yoxlanılıb və yüksək bal toplayacağına zəmanət verilib. Hətta “Kembric məktəbi”nin şagirdliyinə namizədi (abituriyent də demək olar) ən yüksək səviyyəli qrupa: “Bayram müəllimin sinifi”nə keçiriblər. Və nəticə:

İmtahan sonra valideynə deyiblər: “Təəssüf ki, övladın bir balla imtahandan kəsildi”. Beləcə, ən yaxşı qrup sayılan “Bayram müəllimin sinifi”nin yetirməsi belə, NDU Beynəlxalq Məktəbində Kembric proqramı ilə tədris almaq imkanından məhrum olub.

Valideyn indi aldadıldığını və ailəsinin boğazından kəsib NDU Beynəlxalq Məktəbinə ödədiyi pullardan çox, övladının aylarla çəkdiyi əziyyəti heç kimə, yəqin ki, (həm də Elbrus müəllimə) halal etməyəcəyini vurğulayır.

Bizi maraqlandıran ən mühüm sual isə budur: Bir universitet öz nəzdində hansısa orta məktəb aça bilərmi? Bu, təhsildə monopoliya yaradılması demək deyilmi?

Suallarımıza cavab almaq üçün Elm və Təhsil Nazirliyinin ali məktəblərlə iş üzrə müvafiq şöbəsinə müraciət etdik. Zəngimizə cavab verən şöbə əməkdaşı suallarımızı eşidərkən bir anlıq susdu və bizdən bir qədər gözləməyi xahiş etdi. 5 dəqiqədən sonra isə geri dönüb əlimizdə bu iddiaları təsdiqləyən hansısa sənədin olub-olmaması ilə maraqlandı. “Var”, – dedim: – “Şəxsən rektorun özü imtahanın elanını və özünün imthanda iştirak etdiyini təsdiqləyən fotolar paylaşıb”.

Nazirliyin əməkdaşı xahiş etdi ki, suallarımı və əlimdəki dəlilləri onlara göndərim. Onlar da mənə rəsmi qaydada və yazılı şəkildə cavab versinlər. Mən də göndərdim. İndi də Novruzəli kişi kimi oturub post qutusunun qabağında, Elm və Təhsil Nazirliyindən gələcək cavab məktubunu gözləyirəm. Məktub gəlib çıxan kimi, paylaşacağam, siz də tanış olasınız.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.