Deputatlığa namizəd pirə getdi, “mandat duası” oxudu
16-08-2024, 00:06
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov seçki kampaniyası çərçivəsində pirlərdən birini ziyarət edib.
Tribunainfo.az xəbər verir ki, deputatlığa namizədin piri ziyarət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun seçicilərlə görüşməli olduğu vurğulanıb. Amma görünür ki, Anar Məmmədov mandat üçün seçicilərdən səs istəmək əvəzinə, pirdə dua edir. Bildirək ki, dairədə namizədlərin sayı 6 nəfər olsa da, əsas mübarizə 3 namizəd arasında gedir. Bu dairədən namizədlərdən üçü – Tərtər şəhər İcra Nümayəndəsinin işçisi Gülşən Əlizadə, işsiz Şahpələng Əzimli və Kəlbəcərin 94 saylı məktəbinin direktoru Tapdıq Həsənov sadəcə, say çoxluğu üçün ortalıqda vardırlar. Realda isə onların nə səs toplamaq, nə də seçki təşviqatı aparmaq gücü var. Elə bu səbəbdəndir ki, 97 saylı seçki dairəsində üç əsas namizəd arasında “savaş” gedir. Belə ki, Şəhriyar Məcidzadə, Anar Məmmədov və Qələndər Muxtarlı arasında mübarizə elə təbliğatdan da məlumdur.
Anar Məmmədovun rəqibləri arasında Məcidzadə məşhur batalyon komandiri, Tərtərin müdafiəsini təşkil edən mərhum Sərdar Həmidovun oğludur. Digər şəxs Bozqurdlar Partiyasının qurucularından olan Qələndər Muxtarlıdır.