LERİKDƏ SEL SULARI YOLU YUYUB APARDI, SAKİNLƏR TAXILINI BİÇƏ BİLMİR - İcra Hakimiyyəti və digər qurumlar əhalinin şikayətinə məhəl qoymur / VİDEO
29-08-2024, 10:57
Lerik rayon Qılqılov kənd sakini Quliyev Faiq Nəcəf oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, bildirir ki, müraciət etdiyi qurumlar onun şikayətinə baxmır:
“Mən, Quliyev Faiq Nəcəf oğlu, bildirirəm ki, uzun illərdir dövlətin mənə verdiyi pay torpağında taxılçılıqla məşğul olmuşam. Lakin bu il iyun ayının 29-da sel nəticəsində torpaq sahəmə gedən yol bərbad vəziyyətə düşüb. Rayonda aidiyyatı üzrə hansı quruma müraciət etsəm də, şikayətimə baxan yoxdur. Rayon icra başçısına, yol idarəsinə, Kənd Təsərrüfat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə şəxsən müraciət ünvanlamışam. Qurumlardan mənə bildirirlər ki, get, özünə "bel" ilə yol düzəlt. Mən də onlar deyəni etdim, amma videodan da görəcəksiniz ki, bu yolu bel ilə düzəltmək mümkün deyil. Mən bura asfalt salınmasını istəmirəm ki, yolu səliqəyə salsınlar. İlin-günün bu vaxtı - bütün dünya taxıl üçün dava döydüyü bir zamanda, bizim məmurlar taxılın biçilməyi üçün şərait yaratmırlar. Taxıl üçün dövlət-dövlətə ağız açdığı bir vaxtda Lerikin Qılqılov kəndində buğda biçilmir. Səbəb də sel yumuş yoldur.
Yuxarıda adını çəkdiyimiz qurumların heç birinin "günahı yoxdur" . Yağışı və seli "məhkəməyə verib" , yolun düzəlməsi üçün onlardan təzminat almalıyıq. Başqa yol yoxdur.
Kombayın maşınlarının taxılı biçməsi üçün hazırda yol yoxdur”.
Sizin sayt vasitəsilə bir daha rəsmi qurumlara müraciət edirəm ki, bu yolun abadlaşması üçün mənə köməklik göstərin".
Məsələ ilə bağlı Lerik rayon İcra hakimiyyətinə zənglərimiz cavabsız qaldı.