Sabirabadda fermerlər narahatdır: Pambıq sahələrinə sovka yayılıb, Nazirlikdən isə xəbər yoxdur...
29-08-2024, 15:38
Sabirabadda pambıq sahələrinə sovka (zərərverici qurd) yayılıb. Fermerlər deyirlər ki, pambıq sahələrinə sovka yayılması ilə ilk dəfə qarşılaşmırlar, lakin bu dəfə kütləvi hal alıb. Əsas problem isə odur ki, istifadə etdikləri kimyəvi dərmanlar işə yaramayıb.
Fermer Əli Məmmədov Meydan TV-yə bildirib ki, ziyanvericilərə görə məhsuldarlıq azalır. Bu isə artan xərclərin müqabilində qazanclarının azalması ilə nəticələnir.
“Ziyanvericilərə qarşı kimyəvi dərmanlar işə yaramır. Dərmanın istifadə təlimatında necə yazılıbsa, ona da əməl elədik. Bir hektara 600 qram dərman vurduq, amma heç bir təsiri olmadı. Dəfələrlə dərmanlama aparmışıq”,-fermer qeyd edib.
Onun sözlərinə görə, sovka olmasaydı, məhsuldarlıq ötənilkindən də yüksək olardı. İndi isə elə sahə var ki, məhsuldarlıq 10-15 sentnerdən çox olmayacaq.
Fermerlər onu da deyiblər ki, Kənd Təsərrüfatı Nazirliyinə təxminən ay yarımdan çoxdur müraciət ediblər, qurumun mütəxəssisləri isə hələ bu yaxınlarda sahələrə baxış keçiriblər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, yalnız pamıqçılıqla məşğul olanlar deyil, bağçılıq, taxılçılıq, tərəvəz məhsullarının istehsalında da fermerlər əziyyət çəkirlər. Onlar pestisidlərdən (bitki zərərverici və xəstəliklərinə qarşı istifadə edilən kimyəvi maddə) istifadə ediblər, heç bir nəticəsi olmayıb.
“Sovka elə bir zərərvericidir ki, ona qarşı mübarizə tədbirləri ciddi aparılmalıdır. Sovka pambıqçılığa ciddi ziyan vurur və məhsuldarlığı iki-üç dəfə aşağı salır. Yəni harada sovka geniş yayılıbsa, orada məhsuldarlıq aşağı düşəcək”,-ekspert deyib.
Onun sözlərinə görə, pestisidlərin idxalı ilə məşğul olan, yaxud onu daxildə istehsal edənlər keyfiyyətinə ciddi önəm verməlidirlər. Ümumiyyətlə, bu sahəyə nəzarət olmalıdır:
“Qonşu İranda belə bir hal heç vaxt baş vermir. Çünki keyfiyyəti aşağı olan dərman preparatları istehsal edən, yaxud idxal edən sahibkarı ciddi cəza gözləyir. Azərbaycanda hətta müxtəlif xəstəliklər üzrə dərmanlar sifariş edilərkən həlledici maddə daha dəyərli olduğu üçün dozasını azaldırlar, amma daha ucuz başa gəldiyi halda bir neçə dəfə baha da satırlar. Eləcə də heyvandarlıqda istifadə edilən dərmanları keyfiyyəti aşağıdır”.
V.Məhərrəmli bildirib ki, bitkiçilikdə istifadə edilən dərmanların keyfiyyəti ilə bağlı şikayətlər edilir:
“Pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulsa da, bu il 260-270 min ton olacağı gözlənilir. Aqrotexniki qaydalara əməl olunmur, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilmir, verdikləri gübrənin keyfiyyəti aşağıdır, yəni bitki normal inkişaf edə bilmir”.
“Digər tərəfdən, bitki zərərericilərin təsirinə məruz qalır. Nəticədə məhsuldarlıq aşağı düşür. Pestisidləri idxal, yaxud istehsal edənlərin himayədarları pambığın məhsuldarlığının aşağı düşməsini dərd etmir. Cəza tədbirləri həyata keçirilməlidir”,-ekspert bildirib.
Əlavə edib ki, sahibkarların özlərinin dərman və gübrə gətirməsinə imkan vermirlər.
Mütəxəssisin fikrincə, mhsuldarlıq aşağı düşdüyündən fermerlər çəkdikləri xərci çıxara bilməyəcək. Məhsuldarlıq 20-21 sentner olmalıdır ki, fermerin 1 hektar üçün çəkdiyi xərci qarşılasın.