Nizami rayonunda məhəllədaxili yollar nə qədər pul "yeyir"? - DETALLAR
30-08-2024, 11:08
Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) "Koneks Construction" şirkəti ilə iki satınalma müqvailəsi imzalayacaq.
TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilələrdən biri məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınması ilə bağlıdır. Bu müqavilənin maliyyə dəyəri 446 281,25 manatdır.
Maliyyə dəyəri 274 662,36 manat olan digər müqavilə isə parklarda görüləcək abadlıq işlərinin satın alınması ilə bağlıdır.
Nizami rayon MKTB ötən il də məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınması ilə tender keçirib. Bu tenderin də qalibi "Koneks Construction" MMC olub. Həmin tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 388 319,46 manat olub.
"Koneks Construction" MMC haqqında açıq mənbələrdəki məlumatlarda şirkətin 2016-cı ildə yaradıldığı qeyd edilib. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında isə "Koneks Construction" MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşir. Şirkətin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur. Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur.
"Koneks Construction" MMC tender kralı kimi tanınır. Maraqlıdır ki, şirkət əsasən MKTB-lərin keçirdiyi tenderlərdə qalib olur.
Şirkətlə bağlı daha bir müəmma isə onun bəzi hallarda geyim və invertarların satın alınması ilə bağlı keçirilən tenderlərdə qalib seçilməsidir.
Nizami rayon MKTB Nizami Rayon İcra Hakimiyyətinin tabeliyində faəliyyət göstərir.
MKTB-nin rəisi Firdovsi Cəbrayılodvur. Nizami Rayon İcra Hakimiyyətinin başçısı isə Coşqun Cəbrayılovdur.