Gədəbəydə qardaş oğlunun qisası bibidən alındı - BİABIRÇILIQ
30-08-2024, 11:31
Gədəbəy rayonunun Arıqıran kənd sakini Məlikova Hamayıl Yunis qızı Gundemxeber.az-ın redaksiyasına yazılı müraciət edərək, Gədəbəy Rayon İcra Hakimiyyətinin məmurları tərəfindən haqsızlığa məruz qaldığını və maddi ziyana düşdüyünü bildirib:
“13 Mart 2024-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinə faktiki yaşadığım, mərhum valdeyinlərimə məxsus həyətyanı torpaq sahəsində 5x10 metr ölçüdə tövlə tikintisinə icazə verilməsi üçün ərizə yazdım. Təxminən beş gün sonra kənd icra nümayəndəsi icazənin verildiyini bildirdi. Bundan sonra həmin ərizəmə uyğun tikintimə başladım, aprelin sonu tövləmi tikib qurtardım. Tikinti getdiyi zamandan, qurtarana qədər mənə heç bir etiraz məktubu verilməyib, çünki ərizəmə verilən cavaba uyğun tikinti aparılmışdı.
Lakin qardaşım oğlunun Gədəbəy Kommunal Müəssisələri Kombinatının fəaliyyətinin yoxlanması ilə bağlı yuxarı instansiyalara müraciətini “əsas” götürərək, Gədəbəy Tikinti-Memarlıq şöbəsinin əməkdaşı və Gədəbəy Kommunal Müəssisələri Kombinatının işçiləri tikintisi üç ay əvvəl başa çatmış tövləni zorla sökərək tam yararsız hala saldılar.
Gədəbəy İcra Hakimiyyətinin mənə göndərdiyi, tikilimin 5 gün müddətinə sökməyəcəyim təqdirdə “Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinin tələblərinə uyğun olaraq barəmdə qanunamüvafiq tədbir görüləcəyi haqda” 08.07.2024-cü il tarixli rəsmi bildiriş məktubu mənə iyulun 26-da çatıb. Həmin məktub 15 iyul tarixində Gədəbəy poçtuna daxil olub, 24 iyulda isə mənim yaşadığım Arıqıran kəndindəki poçta daxil olub. Halbuki, tikintini 12 iyul tarixdə söküb tam yararsız hala salıblar.
Əlavə olaraq bildirişdə qeyd ediblər ki, 5x10 metr ölçüdə tikilmiş tövlə guya sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulduğu üçün söküləcək. Söküb mənə 10 000 manat ziyan vurandan sonra bu məktub nəyə lazımdır?
Yazırlar ki, monitorinq zamanı vizual baxışda qapısının dəmir qapı olması, pəncərələrinin alüminiumdan olmasından kafeyə bənzədiyi üçün söküblər. Qanunsuz idisə, özümüz sökərdik. Yaxşı, mənə niyə ziyanlıq vurublar?”
Məsələ ondadır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin şərtlərini elə Gədəbəy İcra Hakimiyyəti özü pozub. Belə ki, həmin məcəllənin 95-ci maddəsinin 5-ci bəndinə görə, sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə, həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülür. Rayon rəhbərliyi isə vətəndaşa cəmi dörd gün möhlət verib. Qərar barədə bildiriş vətəndaşa çatmamış hərəkətə keçib. Yenə də həmin məcəllənin şərtlərinə görə, qərarda tikinti obyektində müşahidə olunan pozuntular qeyd edilməklə bərabər, həmin pozuntuların aradan qaldırılması (bizim misalda, tikilini kafeyə oxşadan qapı-pəncərəni dəyişdirib mal tövləsinə bənzədən dəyişikliklər aparmaq) ilə bağlı möhlət nəzərdə tutulur. RİH vətəndaşın bu hüququnu da unudub. Görünən odur ki, həqiqətən də Hamayıl xanımdan onun şikayətçi qardaşı oğlunun qisasını almağa tələsirmişlər.
Gədəbəy RİH-nin məsələ ilə bağlı başqa izahı varsa, dinləməyə hazırıq.