1 illik məktəb direktorları: Problemlər yaradır - AKTUAL
Bu gün, 10:27

"Azərbaycanda məktəb direktorları və direktor müavinlərinin 1 illik müddətə təyin olunması praktikası var və bu, digər ölkələrlə müqayisədə fərqlidir. Bir çox ölkədə direktorlar 3, 5, hətta 7 illik müddətlərə vəzifəyə gətirilir".
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil ekspert, Təhsil Xidmətləri və Məsləhət Mərkəzinin direktoru Elşən Qafarov deyib. Ekspert bu fərqin mənfi tərəfləri barəsində konkret məqamları açıqlayıb:
“Birincisi, stabil idarəetmənin zəif olmasıdır ki, qısa müddət rəhbərlik edən şəxs uzunmüddətli planlar qura bilmir və həyata keçirə bilmir. Strateji inkişaf planlarının (3-5 illik) icrası yarımçıq qalır və davamlılıq pozulur. Məktəbdə idarəetmə sabitliyi olmur, komandada və məktəb kollektivində qeyri-müəyyənlik yaranır.
İkincisi, motivasiyanın azalmasıdır ki, rəhbər hər an vəzifədən uzaqlaşdırıla biləcəyini düşündüyü üçün işə yanaşmada ehtiyatlı olur. İnnovativ ideyaları həyata keçirməyə risk etmir, çünki nəticələri tam görünməyə bilər. Direktorda və komanda üzvlərində peşəkar inkişaf marağı zəifləyə bilər.
Üçüncüsü, komanda və kollektivdə psixoloji gərginlik - hər il rəhbər dəyişə bilər deyə, müəllim heyəti və digər əməkdaşlar təzyiq altında işləyir. Müəllimlər və valideynlər arasında etimad zəifləyə bilər, çünki rəhbərlikdə ardıcıllıq olmur. Eləcə də layihə və proqramların davamlılığının olmamasıdır ki, beynəlxalq layihələr, məktəb inkişaf proqramları adətən 2-3 illik olur, amma rəhbərin tez-tez dəyişməsi proqramların dayandırılmasına və ya keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Müəllim inkişafı, şagird nailiyyətlərinin artırılması kimi uzunmüddətli layihələr yarımçıq qala bilər".
Ekspertin fikrincə, digər məqamlardan biri direktorun və müavinin şəxsi inkişaf imkanlarının məhdudlaşmasıdır:
"Bir illik müddət rəhbərin peşəkar və şəxsi inkişafına sərmayə qoymasına mane ola bilər. Direktor və müavinlər öz gələcəklərini planlaşdıra bilmirlər, çünki vəzifədə qalacaqları qeyri-müəyyəndir. Həmçinin məktəbin imici və ictimai nüfuzunun zərər görməsidir ki, təkrar-təkrar rəhbər dəyişiklikləri məktəbin ictimai nüfuzunu azalda bilər.
Valideynlər və ictimaiyyət məktəb rəhbərliyinə az etibar edir. İllərlə əvəzedici (müvəqqəti) kadrın məktəbə rəhbərlik etməsinin qısa və konkret mənfi tərəfləri - stabil idarəetmənin olmaması, daim müvəqqəti rəhbərlik məktəbdə uzunmüddətli plan və sabitlik yaratmır. Motivasiyası aşağı olur və əvəzedici rəhbər özünü daimi hiss etmədiyi üçün təşəbbüslərdən çəkinir, risk almır.
Kollektivdə qeyri-müəyyənlik hökm sürür, müəllimlər və digər əməkdaşlar gələcək rəhbərlik barədə narahat olur, bu da psixoloji gərginlik yaradır. Məktəbin inkişafı ləngiyir, layihələr və yeniliklər dayandırılır və ya davamlı olmur. Məktəbin nüfuzu zəifləyir və valideynlər və ictimaiyyət məktəb rəhbərliyinin qeyri-sabitliyinə görə etimadsızlıq göstərir.
Azərbaycanda direktor və müavinlərinin 1 illik təyin olunması, idarəetmədə qısamüddətli yanaşmalara səbəb olur, sistemin sabitliyi və davamlılığı zəifləyir. Müqaisə üçün deyim ki, Finlandiya, Almaniya, Yaponiya kimi ölkələrdə direktorlar 5-7 illik müqavilələrlə işə qəbul edilir və bu müddət ərzində uzunmüddətli strategiyalar həyata keçirirlər. Türkiyə və Rusiya kimi ölkələrdə də direktorlar adətən 3-5 il müddətinə təyin olunur. Bu ölkələrdə sabitlik və inkişaf üçün direktorların vəzifə müddətləri daha uzun planlaşdırılır".