”zırıldama, rədd ol çıx çölə, vaxtımı alma"- deyən başçı elə hadisə olımadığını deyir, amma.......
27-04-2017, 09:23

İcra hakimiyyətinin rəsmisi “belə bir şikayət olmayıb” deyir
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımı Bahar Əliyevanın adından mediada şikayət dərc olunub. Onun müraciətində bildirilirdi ki, şəhidin xanımı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub: “İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Kamil Fazil oğlu Əliyev 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı iyul ayının 3 də Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram.
Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o məni, ”zırıldama, rədd ol çıx çölə, vaxtımı alma", deyib qovdu".
Bahar Əliyeva avropa.info-ya bildirib ki, evdə balaca uşaqlar var. Evin hamamı yoxdur. Yataqxana isə aylardır boşdur. Amma müraciətlərə baxmayaraq, onlara bir otaq belə verilmir: “Neçə dəfə müraciət etmişəm. Evin hamamı yoxdur. Mərdan Camalova bunları danışanda isə mənə dedi ki, evin ortasına qab qoyub çimin. Mənə nə bundan?”
Şikayətçinin sözlərinə aydınlıq gətirmək üçün Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Şəfayət Əsgərovla əlaqə saxladıq. Ş.Əsgərov bizə açıqlamasında Mərdan Camalovun belə bir fikir söyləmədiyini təkzib etmədən, bizim özümüzə birbaşa sual ünvanladı: “Siz müstəntiqsinizmi, sizə nə dəxli var?”
“Yeni Müsavat”ın əməkdaşı daha sonra icra başçısının 1-ci müavini Samid Abıyevlə əlaqə saxlayıb. S.Abıyev isə deyib ki, Bahar Əliyeva şikayətçi deyil, mətbuatı bu haqda yazmamağa çağırıb: “O qadın şikayətçi deyil, yazmayın”.
Şirvan İcra Hakimiyyətinin İctimai siyasi şöbəsinin müdiri Adəm Hüseynov isə deyib ki, məsələ ilə bağlı araşdırma aparıblar: “Bu məsələ ilə bağlı Bahar Əliyeva ilə əlaqə saxladıq. Dedi ki, heç hara şikayətim olmayıb. Hansısa sayt bunu yazıb və mən zəng edib abrını bükdüm, təkzib verdilər” - deyə şöbə müdiri bildirib.
B.Əliyevanın telefon nömrəsini redaksiyamıza təqdim etməkdən imtina edən şöbə müdiri əlavə edib ki, şəhid ailələri icra başçısının qəbuluna növbədən kənar düşə bilirlər: “Mən şəhid ailələri ilə işləyirəm. Onların sosial problemləri ilə maraqlanırıq. Şirvanda 154 şəhid ailəsi var. Onlarla mütəmadi, gündəlik işləyirəm. Xeyir-şərlərinə gedir, problemləri ilə məşğul oluruq. Mərdan müəllim onları növbədənkənar qəbul edir. Onlar üçün konkret olaraq vaxt yoxdur, nə vaxt gəlsələr başçı ilə görüşə bilirlər”.