Razim Məmmədova dur deməyin vaxtı çatıb ...

23-07-2015, 11:30           
Razim Məmmədova dur deməyin vaxtı çatıb ...
Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclası zamanı yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərini sərt şəkildə tənqid etdi. Ölkə başçısı vətəndaşlara, iş adamlarına qarşı aqressiv münasibət sərgiləyən bəzi icra başçılarını bu əməllərindən əl çəkməyə çağırdı.
Qeyd edək ki, cənab prezident hökumət üzvləri ilə keçirdiyi görüşlərin əksəriyyətində bu kimi məsələlərə toxunur və işini düzgün icra edə bilməyən bəzi məmurlara irad tutur. Əfsus ki, müxtəlif vəzifələrdə təmsil olunan şəxslərin bir neçəsi ölkə başçısının tənqidlərindən nəticə çıxarmır, əksinə özbaşına əməllərinin sayını daha da artırırlar. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun da adı indiyə kimi bir çox xoşagəlməz hadisələrdə, o cümlədən qanunsuz torpaq satışı və "yaşıl soyqırımı"nda hallandırılıb. 2006-cı ildən Xətai Rayon İcra Hakimiyyətinə rəhbərlik edən Razim Məmmədov ötən 9 il ərzində yerli sakinlərin problemlərinin həlli istiqamətində tutarlı iş görməyi bacarmayıb. Hər halda, mətbuatda yazılan tənqidlər, eləcə də rayon sakinlərinin başçı ilə bağlı səsləndirdiyi etiraz dolu fikirlər bunu deməyə əsas verir. Fəaliyyətindəki nöqsanlar icra başçısının tez-tez mətbuatın gündəminə düşməsinə səbəb olur. Nə qədər tənqidi yazılar dərc olunsa da, Xətainin icra hakimi qanuna zidd əməllərindən əl çəkmir ki, çəkmir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rayon ərazisində boş torpaq sahəsi qoymayan icra başçısı indi də Xətaidə yerləşən orta məktəblərin ərazisinə göz dikib: "Başçı əsas hədəf olaraq rayonun Əhmədli və Köhnə Günəşli qəsəbələrinin ərazisində yerləşən orta məktəbləri seçib. Aidiyyəti dövlət qurumlarının rəsmiləri gəlib bu qəsəbələrdəki məktəblərin ərazisinə baxış keçirsələr görərlər ki, təhsil müəssisələrinin ərazisi zəbt olunub və yerində müxtəlif iaşə obyektləri tikilib. Rayon rəhbəri bu məsələdə ilk növbədə məktəb direktorları ilə anlaşma əldə edir. Daha sonra isə başçının bəzi işlərinə nəzarət edən şəxslərə həmin məktəblərin ərazisi təklif olunur. Əgər qarşı tərəfə məktəbin ərazisi əlverişlidirsə, "danışıqlar" yekunlaşır və iş start götürür. Razim Məmmədov son illər ərzində rayondakı bəzi məktəblərin ərazisini qeyri-qanuni olaraq iş adamlarına satıb. Yerli camaat, ərazisi zəbt olunan məktəblərin şagirdlərinin valideynləri və müəllimlər bu duruma etirazlarını bildirsələr də, heç bir xeyri yoxdur". Yeri gəlmişkən onu da qeyd edək ki, ötən il Xətaidə məktəbə aid olan ərazidə aparılan tikinti işləri ciddi etirazla qarşılanıb. Belə ki, Bakının Xətai rayonu 245 saylı orta ümumtəhsil məktəbinin müəllimləri və valideynləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə bağlı qərar qəbul ediblər. Etirazçılar 2 il əvvəl bu təhsil ocağının təmiri ilə bağlı təsdiqlənmiş layihənin hələ də icra olunmamasından narazılıqlarını dilə gətiriblər. Həmçinin bildiriblər ki, təmir işlərinin başlanmasına Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov imkan vermir: "İcra başçısı məktəbin təmir edilməsinə şərait yaratmır. Bizdə olan məlumata görə, bunun səbəbi məktəbin ərazisinin bir tikinti şirkətinə satılmasıdır. Elə buna görə də məktəbin nəinki təmir edilməsi, əksinə söküləcəyi gözlənilir. Bizdə olan məlumata görə, yaxın vaxtlarda məktəbin ərazisində çoxmərtəbəli binanın inşasına başlanılacaq". Əldə etdiyimiz məlumatlara görə, yay tətilini fürsət bilən başçı Əhmədli qəsəbəsinin ərazisində, bir az da dəqiq desək 34-cü Polis Bölməsinin yaxınlığında yerləşən orta məktəblərin ərazisini satmaq barədə fikirləşir. Bu məqsədlə həmin məktəblərin ərazisi hətta bir neçə iş adamına təklif edilib. Məsələ ilə bağlı icra hakimiyyətinin rəsmilərinin münasibətini öyrənmək, deyilənlərin yalan, yoxsa doğru olduğunu aydınlaşdırmaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. İstənilən halda, başçının məktəblərin ərazisini satması barədə ittihamlar varsa, yuxarı instansiyalar tərəfindən mütləq münasibət bildirilməlidir. Hesab edirik ki, təhsil naziri Mikayıl Cabbarov da məsələyə qarışmalıdır. Əks təqdirdə, icra hakimi təhsil ocaqlarının ərazisini iş adamlarına satacaq.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.