Heydər Əsədovun oliqarxa çevrilən məmuru... - Nazir baytarlıq sistemi qarşısında acizdir?

23-07-2015, 11:58           
Heydər Əsədovun oliqarxa çevrilən məmuru... - Nazir baytarlıq sistemi qarşısında acizdir?
Dünənki sayımızda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Göyçay rayon Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevin fəaliyyətindəki qanun pozuntuları və vəzifəsindən başqa məqsədlər üçün istifadə etməsi barədə xəbər vermişdik. Rayonun R.Rza küçəsi, ev 41 sakini Məmmədyarov Müşviq Sidqi oğlu redaksiyamızın elektron poçtuna göndərdiyi məktubda bir çox məsələyə aydınlıq gətirmişdi.

"Göyçay Rayon Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz şəxsi maraqlarına görə qanunsuz və qərəzli olaraq 15 il qanuni fəaliyyət göstərən, 3 ailənin yeganə qazanc yeri olan baytarlıq aptekimizi bağlatdırıb. Rəis qəsdən qanunsuz olaraq bizə göndəriş vermir ki, Kənd Təsərrüfatı Nazirliyindən sənədimizi alaq. Səbəb isə odur ki, Göyçay rayon ərazisində fəaliyyət göstərən baytarlıq apteklərinin idarə rəhbərinin inhisarında olmasıdır. Göyçay rayonu R.Rza küçəsi ev 51 həyətyanı sahəsində 20 kvadratmetr sahəsi olan baytarlıq aptekimiz düz 15 ildir ki, qanuni sənədlərlə fəaliyyət göstərirdi. Aptekin direktoru Rəfiqə Abdullayeva Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirib, ixtisasca baytardır. Özüm isə Göyçay 106 saylı Kollecində süni mayalanma texniki kursunu oxumuşam. Aptekimizdə satılan dərmanlar həm yüksək keyfiyyətli, həm də digər apteklərdən ucuzdur. Keçən il respublika ərazisində mal-qara arasında yayılmış nodulyar dermatit və psendosarkos xəstəliyinə görə biz xəstə mal-qaranı cəmi 15 manat qiyməti olan dərmanla tam müalicə edirdik ki, bu da baytarlıq apteklərini inhisara almış və qanunsuz fəaliyyət göstərən Ağadadaş Hacıyevin qəzəbinə səbəb oldu. Buna görə də 2015-ci il üçün Kənd Təsərrüfatı Nazirliyindən sənəd almağımız üçün bizə göndərişi qanunsuz olaraq verməyib fəaliyyətimizi qərəzli olaraq dayandırdı", deyə vətəndaş şikayətində vurğulayıb. Qanunsuz işlərə imza atan, baytarlıq apteklərini inhisara almaqda ittiham olunan idarə rəisi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlı mənbənin sözlərinə görə, uzun müddətdir Göyçay Rayon Baytarlıq İdarəsinə rəhbərlik edən Ağadadaş Hacıyev ötən dövrdə müəssisəyə ayrılan vəsaitlər, eləcə də rayon ərazisindəki ət kəsimi məntəqələrindən, şadlıq sarayları, kafelər, restoranlar və digər obyektlərdən yığdığı qeyri-rəsmi rüsumlar hesabına özünə əməlli-başlı kapital toplamağı bacarıb: "Rayonun bərəkətli torpaqlarının demək olar ki, böyük hissəsi idarə rəisinin nəzarəti altındadır. Belə ki, Ağadadaş müəllimin Göyçayda ucu-bucağı görünməyən yonca sahələri var. O həmçinin ailə üzvlərinin və yaxın qohumlarının adına sənədləşdirdiyi torpaq sahələrində iri fermalar tikdirib. Həmin fermalardakı heyvanların sayı-hesabı yoxdur. İdarə rəisinin sürülərini bir neçə çoban otarır. Məmur baytarlıq idarəsindən qazandığı pulların hesabına rayonun ən varlı şəxslərindən birinə çevrilib. Göyçayın mərkəzindəki ticarət obyektlərinin bir neçəsi ona məxsusdur. İlk baxışdan baytarlıq idarəsi xırda müəssisə təsiri bağışlayır. Yəni heç kimin fikrinə gəlmir ki, belə idarələrdə böyük yeyintilər və qazanc ola bilər. Amma reallıq ortadadır. Göyçayda bir neçə baytarlıq apteki fəaliyyət göstərir. Bu apteklərin demək olar ki, tamamı idarə rəisinin sərəncamındadır. Yerdə qalan baytarlıq aptekləri isə müxtəlif bəhanələrlə sıxışdırılaraq sıradan çıxarılır. Maraqlı məqam ondan ibarətdir ki, heyvanı xəstəliyə yoluxmuş fermerlərə dərman lazım olduqda onlara ilk olaraq Ağadadaş Hacıyevə məxsus apteklər göstərilir. İdarənin baytarları fermerləri məhz rəisin apteklərindən dərman preparatları almağa vadar edirlər. Həmin apteklərdə isə həm qiymətlər bahadır, həm də dərmanlar keyfiyyətli deyil. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Göyçay Baytarlıq İdarəsi rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfatları ilə zəif əlaqə saxlayır. Fermerlər vaxtlı-vaxtında maarifləndirilmir və onlara lazımi köməklik göstərilmir".

Mənbənin bildirdiyinə görə, Göyçaydakı ictimai iaşə obyektlərində, şadlıq saraylarında və yol kənarı yeməkxanalarda baytar həkimlərin yoxlaması formal xarakter daşıyır: "Obyekt sahibləri idarənin əməkdaşlarına "şirinlik" verib işlərini görürlər". Bu arada, xüsusi vurğulamaq lazımdır ki, adıçəkilən rəisin adı bundan əvvəl də bir neçə dəfə mətbuatın gündəminə gəlib. Lakin Kənd Təsərrüfatı Nazirliyinin və DBNX-nin rəhbərliyi hər dəfə ona güzəştə gediblər. Fikrimizcə, nazir və xidmət rəisi idarə rəhbərinin törətdiyi qanundan kənar əməllərə göz yummaqla bu sahədə problemləri daha da dərinləşdirirlər. Odur ki, nazir Heydər Əsədov dərhal idarə rəisinin özbaşına əməllərinin qarşısını almalı, onun barəsində zəruri tədbirlər görməlidir. Deyilənə görə, Ağadadaş Hacıyev harda oturursa, "Siyalə xanıma heç bir pisliyim keçməyib, əksinə hər ay ona yaxşılığım dəyir. Buna görə də məni işdən çıxarmaz", deyir. Bu barədə növbəti saylarımızda müfəssəl məlumat verəcəyik.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.