"AZAL" 860 milyon manatı hara xərcləyib? - Dövlət konserni dövlətdən hər cür dəstək alıb, amma vergiləri ödəməyib

23-07-2015, 12:28           
"AZAL" 860 milyon manatı hara xərcləyib? - Dövlət konserni dövlətdən hər cür dəstək alıb, amma vergiləri ödəməyib
"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı. "AZAL" dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?" Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında səsləndirmişdi.

Dövlət başçısının kəskin çıxışından sonra "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin ucuzlaşdırılması barədə xəbər yayıldı. Hətta sosial şəbəkələrdə Bakıdan Türkiyəyə uçuşun 90 manata düşməsi kimi xəbərlər də yer aldı. Amma sonradan məlum oldu ki, eyforiyaya qapılan insanlar yanılıblar, "AZAL"ın heç bir güzəşt tətbiq etmək fikri yoxdur.

Sadəcə olaraq, bəzi istiqamətlərdə özünün guya aşağı büdcəli sərnişindaşıma xəttini yaradacaq.
Şirkətin saytında yer alan məlumata görə, "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) quracaq:

- Bakı-Antalya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
- Bakı-İstanbul-Bakı - bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;
- Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;
- Bakı-Dubay-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş.

Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq.

Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
Bundan əlavə, "Azərbaycan Hava Yolları"nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq.

Beləliklə, bu ilin avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları"nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

Sual oluna bilər ki, tariflərin ucuz olması üçün mütləq Prezidentmi göstəriş verməli idi? Qiymətləri öncədən ucuz sata bilməzdimi? Axı, dövlət başçısının da bildirdiyi kimi, bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilir. Son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən "Azərbaycan Hava Yolları"na 860 milyon manat vəsait ayrılıb.

2005-ci ildə - 5 milyon
2007-ci ildə - 25 milyon
2008-ci ildə - 28 milyon 200 min
2009-cu ildə - 54 milyon 721 min
2010-cu ildə - 115 milyon 200 min
2011-ci ildə - 261 milyon 521 min
2012-ci ildə - 232 milyon 650 min
2013-cü ildə - 177 milyon 864 min
2014-cü ildə - 20 milyon

Həmin vəsaitlər hesabına Qəbələdə, Qubada yeni aeroportlar tikilib, Heydər Əliyev adına Hava Limanının yeni binası inşa olunub, təyyarə və vertolyotlar alınıb.

Bundan əlavə, yanacaq və digər xərclər üçün isə büdcənin cari xərclərindən son bir neçə ildə hər il 10 milyon manata yaxın vəsait ayrılıb.

Amma bilet və digər xidmətlərdən əldə olunan gəlirlər hesabına büdcəyə ödəniləcək vergi olduqca simvolikdir. "AZAL" iri vergi ödəyicisi kimi büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Ən böyük vergi borcu olan dövlətin iri şirkətlərindən biridir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Deməli, təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Bununla "AZAL" rentabelli olmaması haqda təsəvvür yaradır və biletlərin qiymətinin baha olmasını əsaslandırmağa çalışır. Heç bir hesabatlılığın olmaması isə şirkətin daha geniş əl-qol açmasına, dövlət vəsaitini qeyri-şəffaf, istədiyi kimi xərcləməsinə imkan verir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Bizim Yol"a şərhində problemlərin kökündə inhisarçılığın durduğunu söylədi: "Problemin həllinin yeganə yolu bazarda rəqabətli mühitin yaradılması, "AZAL"-ın rəqiblərinin bazara birbaşa çıxışının təmin edilməsidir. Nə qədər ki, rəqabət mühiti olmayacaq, "AZAL" inhisarçı mövqeyindən istifadə edərək bazarda istədiyi kimi fəaliyyət göstərəcək. Əks təqdirdə, baha qiymətlərlə belə tələbat varsa, niyə qiymətləri aşağı salsın? Əgər bazarda başqa rəqibləri olsa, o zaman biletlərin satılmadığını görüb qiymətləri aşağı salacaq.
İndi bəzi istiqamətlərdə biletlərin qiymətinin 99 avro olacağını açıqlayıb. 99 avro təqribən 113-114 manata bərabərdir. Bu, hələ tək tərəfli biletin qiymətidir. İki tərəfli biletin qiymətini hesablayarkən, 225-230 manata qədər dəyişir. Əl yüklərinin 5 kq-dan artıq olacağı təqdirdə əlavə ödəniş ediləcək. Əgər yük baqaja veriləcəksə, 50 avro ödəməli olunacaq. Deməli, kimsə Bakı-İstanbul reysi ilə uçuş həyata keçirsə, baqajla bir yerdə qiymətlər 330 manat civarında olacaq".

N.Cəfərli qiymətlərin ucuzlaşması ilə bağlı açıqlamaların ictimai rəyi sakitləşdirməyə, verilən tapşırığı guya icra etdiklərinə yönəldiyini bildirdi: "Bunun real endirimlərlə heç bir əlaqəsi yoxdur.
Bu gün "AZAL"la yanaşı, bütün dövlətin təbii inhisarçı şirkətlərinin büdcəyə vergi ödənişləri ilə bağlı problemləri var. Bunun əsas səbəbi siyasi amillərlə bağlıdır. Dövlət iqtisadiyyat subyektinə çevrildikdə bu, heç vaxt effekt vermir. Obrazlı şəkildə desək, dövlət iqtisadiyyatda ən pis menecerdir. Nəticədə vergidən yayınmalar, xərclərin şişməsi kimi halları artır.
Azərbaycan iqtisadiyyatının dövlətsizləşdirilməsi başa çatmayıb. Xarici ticarət dövriyyəsinə nəzər yetirdikdə, ixracda dövlətin payı 90 faizdən yüksəkdir. Bu isə, böyük bir problemdir".
"Bəlkə "AZAL" özəlləşdirilməlidir" sualına iqtisadçı bildirdi ki, öncə rəqabətli mühit yaradılmalı, bazara alternativ şirkətlərin daxil olması üçün şərait yaradılmalıdır: "Çünki inhisarçı durumda "AZAL"ın bazar qiymətini də müəyyənləşdirmək çətindir. Rəqibləri yoxdur və çox böyük rentabelliliyi var. Meydana rəqiblər çıxandan sonra rentabelliliyin hansı səviyyəyə düşəcəyinə baxmaq lazımdır. Amma indiki halda özəlləşdirmə çıxış yolu deyil. Hava alanının idarə edilməsi "AZAL"ın əlindən alınmalıdır. İdarəçilikdə çeviklik yaradılandan sonra sözügedən şirkətin özəlləşdirilməsinə getmək olar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.