Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətində ciddi nöqsanlar - İskəndər Çəndirlinin başı dərddə

27-07-2015, 13:04           
Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətində ciddi nöqsanlar - İskəndər Çəndirlinin başı dərddə
Son dövrlər Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətində ciddi nöqsanlar, bir sıra problemlər müşahidə olunur. Belə ki, İskəndər Çəndirlinin direktoru olduğu adıçəkilən qurumun ölkə başçısının müvafiq fərmanına əsasən dövlət vəsaitləri hesabına malların - işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradıldığını vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, Satınalmalar üzrə Dövlət Agentliyi bəzi məqamlarda "Dövlət satınalmaları haqqında" Qanunun tələblərini kobud surətdə pozur.

Beləliklə, sözügedən qurumun əsas vəzifəsinin dövlət vəsaitləri hesabına malların - işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək, Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlamaq və təsdiq edilməsi üçün ölkə başçısına və Nazirlər Kabinetinə təqdim etmək, həmçinin dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını qanunla müəyyən edilmiş müddətə dayandırmaq və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq olduğunu deyən məlumatlı şəxs iddia edir ki, Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru yaxın vaxtlarda yol verdiyi nöqsanların qurbanı ola bilər: "Deyilənlərə görə, dövlət sifarişlərinin keçirilməsi üçün elan edilən tenderlərin təşkilinə və şəffaf keçirilməsinə cavabdeh olan Satınalmalar üzrə Dövlət Agentliyi bəzi hallarda formal müsabiqələrin keçirilməsinə göz yumur. Elə bu səbəbdən də İskəndər Çəndirlinin direktoru olduğu qurumla bağlı yuxarı dairələrə, aidiyyəti qurumlara, əsasən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mütəmadi şikayət xarakterli müraciətlər daxil olur. Nəzərinizə çatdırım ki, "Dövlət satınalmaları haqqında" Qanunun müvafiq tələblərinə görə, 50 min manatdan yuxarı dövlət sifarişlərinin icrası üçün tenderlər mütləq elan edilməlidir. Tender həm həmin işin icraçısının ən yaxşısını tapmaq, həm də dövlət sifarişini səmərəli həyata keçirmək üçün vacibdir. Tender şəffaf aparılmalıdır, sonda qərar qəbul olunmalıdır ki, hansı üstünlüyünə görə filan işin icrası filan firmaya tapşırılır. İş o yerə çatıb ki, artıq formal tenderlərin keçirilməsi müsbət göstərici sayılır. Çünki indi artıq tenderlər ümumiyyətlə, keçirilmir. Məsələn, ayrı-ayrı qurumlar Satınalmalar üzrə Dövlət Agentliyinin razılığını aldıqdan sonra təmir-tikinti üçün şirkətlərlə tendersiz, birbaşa müqavilə bağlayırlar. Bu isə ciddi qanun pozuntusu kimi qiymətləndirilməlidir".

İskəndər Çəndirlinin Satınalmalar üzrə Dövlət Agentliyində yaratdığı mühitin əksər dövlət müəssisələrinə sərf etdiyini iddia edən məlumatlı şəxs qeyd edir ki, bir sıra qurumlar agentliyin rəhbərliyi ilə "danışıqlar"dan sonra iri həcmli dövlət sifarişlərini formal tenderlə özlərinə yaxın şirkətlərə həvalə edirlər: "Bu səbəbdən də ölkədə tenderlərin qeyri-şəffaflığı uzun müddətdir mətbuatın və müvafiq qurumların əsas müzakirə mövzusudur. Çünki xüsusilə dövlət investisiya layihələrinin çoxalmasından sonra bəzi iriranqlı məmurların tenderlərə müdaxilə etməsi adi hal alıb. Həmin layihələrə ayrılan iri həcmli vəsaitlərin ilkin məbləğlərin sonradan fantastik şəkildə artırılması imkanları bəzi məmurların "tender biznesi"nə marağını artırıb. Bu kimi səbəblər üzündən son zamanlar keçirilən tenderlərin bir çoxunda şəffaflıq yetərincə təmin olunmur. Bir sıra hallarda iri layihələri elə şirkətlər həyata keçirir ki, ya heç bir təcrübəsi yoxdur, ya da nizamnamə kapitalı cüzi rəqəmlə ifadə olunur. Həmin şirkətlərin böyük layihələrlə bağlı tenderlərin qalibi olması isə müəmmalı məqamlardan xəbər verir".

Bu arada, onu da qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkədə nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 milyon manat təşkil edib. Ümumi məbləğdən 9,8 milyon manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 milyon manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib. Verilən məlumata görə, bu nöqsanlarla yanaşı, satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olub, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, bir mənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib. Bütün bu kimi nöqsanlara görə birbaşa Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirlinin cavabdehlik daşıdığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, həddən artıq geniş kapitala və bir sıra proseslərə ciddi təsir imkanlarına malik olan bəzi məmurlar adıçəkilən agetnliyi təsir dairələrinə almağa müvəffəq olublar: "Məhz elə bu səbəbdən də Satınalmalar üzrə Dövlət Agentliyi daxilində ciddi kadr islahatı aparılmalı, agentliyin başına yeni rəhbər gətirilməlidir. Çünki artıq İskəndər Çəndirlinin fəaliyyəti bir o qədər də qənaətbəxş hesab olunmur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.