Pirallahı Prokurorluğu, Polisi və Məhkəməsinin birgə qanunsuzluğu
11-10-2017, 10:16

2016-cı ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında verilmiş qərarı, 9 aydan sonra rayon prokurorluğunun ləğv edib, polisə və məhkəməyə əlavə iş verməkdə məqsədi nədir?
Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun, RPİ-nin müstəntiqi Anar Bağırovun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun qanunsuz əməllərindən, nə qədər təəccüblü olsa da, xeyrinə qərar çıxarılmış zərərçəkən yuxarılara şikayət edir...
Ötən sayımızda Pirallahı rayonu S.Vurğun küçəsi ev 35, mənzil 7-də yaşayan Yasər İsmayilovun vəkili Ə.Kazımovun dərc etdiyimiz vəsatətindən göründüyü kimi, baş vermiş qəza işinin araşdırılmasında böyük saxtakarlığa yol verilib. Bəli, çox təəssüf ki, ilkin mərhələdə işi bağlamış müstəntiq N.Mirzəbəylinin bu qərarı kimlərinsə xoşuna gəlməyib.
Müstəntiq də bu qərarı kefindən çıxarmayıb. İstintaqı düz iki ay uzadandan sonra, Y.İsmayılovu günahlandırmaq üçün bir tutalqa tapa bilmədiyindən, işi bağlamaq qərarına gəlib. Maraqlıdır ki, müstəntiq N.Mirzəbəyli işin bağlanması haqqında qərarı Y.İsmayılova qanunauyğun olaraq 3 gündən gec olmayaraq verməli olduğu halda, kobud qanun pozuntusuna yol verərək, iki aydan sonra verir. Bu 5 ay müddətində isə Y.İsmayılovun maşını cərimə meydançasında saxlanılıb ki, bu da tam qanunsuzdur. Düşünmək olardı ki, məsələ bitdi. Ancaq necə deyərlər, sən saydığını say gör Pirallahı prokurorluğu nə sayır? Belə ki, 19 yanvar 2017-ci il tarixdə, yəni işin bağlanmasından 9 ay keçəndən sonra hansı niyyətləsə, Pirallahı prokurorluğu tərəfindən həmin qərar ləğv edilib. İşin araşdırılması yenidən Pirallahı Rayon Polis İdarəsinə göndərilib.
Pirallahı RPİ-nin müstəntiqi mayor Anar Bağırov isə bu dəfə işə qanun çərşivəsində yox, öz bildiyi kimi yanaşmışdır. Çünki əvvəllər müstəntiq Namiq Mirzəbəylinin tabeliyində çalışmış və bu işə yaxından bələd olduğundan A.Bağırov çox böyük səbrsizliklə Pirallahı rayonun mərkəzi küçəsi olan Səməd Vurğun küçəsinin yol təmirindən sonra genişlənməsini gözləmişdir. Təmirdən əvvəl yolun eni “Azəravtoyol”ASC-nin verdiyi rəsmi arayışa görə 7 metr olmuşdur. Təmirdən sonra isə yolun eni genişlənərək 15 metrə çatdırılmışdır. Müstəntiq A.Bağırov da öz qanunları ilə işlədiyindən hadisə baş verən gün yolun 7 metr olan enini nəzərə almadan, yeni 15 metrlik yol ölçülərindən Y.İsmayılovu günahkar çıxartmaq üçün istifadə etmişdir. A.Bağırov iş üzrə mövcud faktları və sübutları nəzərə almadan hadisənin mahiyyətini dəyişərək, saxta sənədlər tərtib edib və bununla da prosessual qaydaları kobud surətdə pozmaqla, istintaq hərəkətləri həyata keçirmişdir. Eyni zamanda məhkəməyə qədər aparılan istintaq materialları ilə cavabdeh Y.İsmayılov və zərərçəkən M.Səmədova qanuna zidd olaraq tanış edilməyib və gizlədilmişdir. Hətta Y.İsmayılov Bakıda olmadığı halda müstəntiq A.Bağırov cavabdehlə iş materiallarını tanış etdiyi haqqında protokol tərtib edib ki, bu da sırf qanun pozuntusudur. Məhz bu saxtakarlıqla hazırlanan sənədlər və sübutlar məhkəməyə göndərilib. Maraqlıdır ki, müstəntiqin bu saxtakarlığına məhkəmə və prokurorluq da şərik olmuşdur.
Belə ki, 01 iyun 2017-ci ildə Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun sədrliyi ilə proses olduqca gülməli keçirilib və lətifə sayağı başa çatıb. Yaxşı olar ki, bu barədə redaksiyamıza müraciət edən Y.İsmayılovun özünü dinləyək:
- Əvvəlcə onu qeyd edim ki, ibtidai istintaq zamanı, mən Bakıda olmadığım zaman müdafiəm üçün müstəntiq tərəfindəndən vəkil təyin edilmişdir. Lakin bu vəkil bircə dəfə də olsun, mənimlə nə əlaqə saxlamış, nə də görüşmüşdür. Ona görə də məhkəmə zamanı prokuror Vilayət Cəfərov mənə belə bir sual etdi: “İstintaq dövründə sənin müdafiə hüququn pozulubmu?” Dedim ki, bəli, pozulub. Çünki xəbərim olmadan mənə vəkil təyin edilib və mən o adamı nə görmüşəm, nə də tanıyıram. Bu səbəbdən mən həmin vəkildən imtina edirəm. Bundan əlavə, prokurorun sualına cavab olaraq istintaq materiallarının da məndən gizlədildiyini hakimin və dövlət ittihamçısının diqqətinə çatdırdım. Mənim bu etirazlarıma baxmayaraq sonradan məhkəmə sənədlərində qeyd edilib ki, vəkilin təyin olunması ilə razıyam. Belə kobud qanun pozuntusu ilə həm hakim, həm də prokuror hüquq sisteminə zərbə vurmurlarmı?
Bundan sonra Y.İsmayılov zərərçəkən Mətanət Səmədova ilə prokuror Vilayət Cəfərov və hakim arasında olan dialoqu da bizə söylədi. Gələcəkdə istənilən lətifəyə mövzu ola biləcək həmin dialoqları Baş Prokurorun və Ədliyyə Nazirinin diqqətinə çatdırırıq.
Deməli, prokuror Vilayət Cəfərov zərərçəkən M.Səmədovaya belə bir sual verir:
- Cavabdeh Y.İsmayılov sənə hadisə zamanı və sonralar hər hansı bir kömək edibmi?
Zərərçəkən:
- Bəli, edib.
Prokuror:
- Bəs ifadələrində göstərmisən ki, Y.İsmayılovun günahı yoxdur. Günahı yox idisə, niyə sənə kömək edirdi?
Maraqlıdır, istənilən insan dara düşənə kömək etməlidir. Bəs görəsən prokurorun özü həmin an, həmin yerdə olsaydı durub tamaşamı edəcəkdi? Əlbəttə, prokurorun verdiyi suallardan görünür ki, o, elə hər şeyə tamaşa kimi baxır. Tamaşada rejissor obrazın dediklərini istədiyi tək dəyişdiyi kimi, prokuror da sonradan bu dialoqun protokola salınmasına əngəl olub.
İndi özünüz deyin, belə prokurora insan taleyi tapşırmaq olarmı? Prosesi idarə edən Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov isə lap gül vurub. Deməli, zərərçən Mətanət Səmədova ifadəsinə uyğun olaraq verilən “yolun eni neçə metrdir”- sualına belə cavab verir:
- 5-6 metr.
Bu yerdə maraqlıdır ki, hakim Əkrəm Qəhramanov nədənsə, 5 dəfə dalbadal “neçə metr?”- deyərək zərərçəkənə sualı təkrar edir. Axırncə dəfə də eyni cavabı aldıqdan sonra zərərçəkəni yanına çağırıb, əlindəki müstəntiqin tərtib etdiyi yolun sxemini M.Səmədovaya göstərir ki, bəs yolun eni 15 metrdir. Bu dəfə M.Səmədova təmkinlə izah edib ki, “möhtərəm hakim, sizin əlinizdəki sxem hadisədən 1 il sonra təmir zamanı genişləndirilmiş yeni yolun sxemidir”.
Daha gülməlisi isə odur ki, zərərçəkənlə prokuror və hakim arasında olan bu epizodların heç biri protokola salınmayıb. Təəssüflənirik ona görə yox ki, Y.İsmayılovu günahlandırmaq üçün belə ediblər. Ona təəssüflənirik ki, əgər bu dialoqlar protokola salınsaydı, gələcəkdə satirik yazarlar bundan istifadə edib, gözəl komediya yazardılar. Nəhayət, belə gülməli sonluqla bitən məhkəmənin hökmünü təqdim edirik:
“İsmayılov Yasər Seyidməmməd oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin”.
Olduqca gülməli, gülməli, olduğu qədər də ağlamalı hökmdür. Belə çıxır ki, hakim, özü də Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əkrəm Qəhramanovun və prokuror V.Cəfərovun fikri dəyişməzdir, yəni, sən nə çalırsan, çal, mən “Heyvagülü” oynayacağam. Bu yerdə Pirallahı prkuroru,polisi və hakimin necə qanunsuzluq etdiyini bir daha görmək üçün Y.İsmayılovun vəkili, 27 il Bakı Şəhəri Baş Polis İdarəsinin yol-nəqliyyat hadisələri üzrə İstintaq Şöbəsində müstəntiq işləmiş, Vəkillər Kollegiyasının üzvü Əlizadə Kazımovun Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun adına yazdığı vəsatətdən bir məqamə diqqətə çatdıraq. Vəkil Ə.Kazımov yazır:
“Hörmətli Hakim Əflatun Qasımov,.!
Səid Mehdiyevin ifadəsində qeyd edilmişdir ki, o, hadisənin şahidi olduğu üçün piyada Mətanətin avtobusun qarşısından çıxıb iti yerişlə addımlayaraq 4 metr məsafə qət etməsini, Yasərin idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onu vurmasını görmüşdür. Hadisə zamanı hətta Yasər hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobilə tormoz belə etməsini görməmişdir.
Müdafiə tərəfi olaraq məhkəmə kollegiyasının nəzərinə çatdırıram ki, işin istintaq materiallarında şahid Səid Mehdiyevin ifadəsindən başqa piyada Mətanət Səmədovanın avtobusun qabağından avtomobil ilə vurulduğu yerə qədər 4 metr məsafə keçməsi haqda heç bir sübut və hər hansı bir formada məlumat yoxdur.
Məhkəmə kollegiyasının nəzərinə çatdırmağı vacib hesab edirəm, əgər istintaq orqanı Səid Mehdiyevin ifadəsi əsasında iş üzrə məhkəmə avtotexniki ekspertiza təyin edibsə, nəzərə almaq lazımdır ki, Səid Mehdiyevin ifadəsində piyadanın vurulmasına ekspertiza təyin etmək üçün zəruri hesab edilən məlumatlar, yəni Mətanət Səmədovanın yolu avtobusun qabaq tərəfindən hansı məsafədə və hansi sürətlə keçməsini, piyadanın avtobusun qabaq tərəfindən yolu keçərkən sürücü Yasər İsmayılovun görünüş dairəsində necə və hansı andan görünməsini müəyyən etməsini, sürücü Yasər İsmayılov idarə etdiyi avtomobilin sürəti və avtobusun sol yan tərəfindən hansı məsafədə avtoboli idarə etməsini, avtobusun yolun sağ kənarından hansı məsafədə dayanması haqda məlumatları göstərilməli olduğu halda göstərməmişdir.
İşdən görünür ki, ittihamın əsasını təşkil edən şahid Səid Mehdiyevin ifadəsidir. Həmin ifadə əsasında 13 mart 2017-ci il tarixdə 5923 saylı məhkəmə avtotexniki ekspertizadan rəy alınmışdır. Nəzərə almaq lazımdır ki, ittihamın əsasını təşkil edən ekspert rəyi ancaq şahid Səid Mehdiyevin ifadəsi əsasında alındığı üçün müstəntiq ittiham aktında onu məhkəmədə ifadə vermək üçün məhkəmə iclasına dəvət olunacaq şəxslərin siyahısında mütləq göstərməli idi. Lakin müstəntiq Səid Mehdiyevin ifadəsində piyadanın 4 metr məsafə keçməsini özündən uydurduğu üçün və bu halı Səid Mehdiyev məhkəmədə təsdiq etməyəcəyini nəzərə alıb onu ittiham aktında məhkəmə iclasına ifadə vermək üçün dəvət olunacaq şəxslərin siyahısında daxil etməmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsidə obyektivliyi təmin etmək üçün Səid Mehdiyevin ifadəsini məhkəmə iclasında almağa təşəbüs belə göstərməmişdir.
Müdafiə tərəfin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsi şahid Səid Mehdiyevi məhkəmə iclasına dəvət edib ifadəsi alınmışdır. Səid Mehdiyev məhkəmə iclasında istintaq orqanın onun adından yazılmış ifadəsində piyadanın avtomobil ilə vurulduğu yerə qədər 4 metr məsafəni iti yerişlə keçməsinin düzgün olmasını təsdiq etməmişdir. O, məhkəmədə ifadəsində göstərmişdir ki, piyadanın avtomobil ilə vurduğu anı görməmişdir. Piyadanın avtomobil ilə vurulduğu yerə qədər neçə metr məsafəni hansı sürətlə keçməsini bilmir.
Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən hadisənin baş vermə mexanizmi tamamilə təhrif olunmuş hadisənin şahidi olmayan Səid Mehdiyevin ifadəsində piyadanın avtomobil ilə vurulduğu yerə qədər 4 metr məsafə keçməsini yalandan göstərilməsi nəticəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluğunu təsdiq edən ekspert rəyi alınaraq, Yasər İsmayılova tam əsasız ittiham irəli sürülmüşdür. Əslində işin faktiki hallarından görünür ki, piyada M.Səmədova sürücü Y.İsmayılovun İdarə etdiyi avtomobilin hərəkəti üçün təhlükə yaratdığı andan vurulduğu yerə qədər təxminən 1,5 metrə qədər məsafə qaçıb. Bu məsafəyə sərf olunan vaxt ərzində şübhəsiz ki, sürücünün hadisənin qarşısını amağa imkanının olmadığını yaxşı bilən müstəntiq, saxtakarlıq edərək məsafəni 4 metrə çatdıraraq Y.İsmayılovu təqsirləndirə bilmişdir”.
Müstəntiq Anar Bağırovun şahid kimi unudub “tapa bilmədiyi” 150 Saylı avtobusun sürücüsü Eldayaq Quliyevin Bakı Apellyasiya Məhkəməsində verdiyi maraqlı ifadəsi, hakim Əflatun Qasımovun cavabdehin xeyrinə olan qanuni vəstətləri niyə qəbul etməməsi, zərərçəkən Mətanət Səmədovanın ifadələrinin cavabdehin ziyanına saxtalaşdırıldığına görə yuxarılara yazdığı şikayəti və s maraqlı məqamlar barədə növbəti sayımızda oxuya bilərsiniz.
(Davamı var)
Tezadlar.az