Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...

Bu gün, 10:17           
 Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bəzən bir video bir nazirin bütün islahat nağıllarını darmadağın edir.

Tovuzdan gələn kadrlarda bir müəllimənin barmağına valideyn tərəfindən qızıl üzük taxılması, bəlkə də bu ölkədə təhsilin simvolik məzarı başında çəkilmiş son görüntü oldu. Əlimərdanlı kənd məktəbindəki “zinət mərasimi” bir daha sübut etdi ki, Azərbaycanda təhsil artıq biliklə yox, bəzəklə ölçülür.

Əziz Emin Əmrullayev, bu mənzərə sizin idarəçiliyinizin qızıl göstəricisidir. Bu, sinif otaqlarında biliyin deyil, bəzəyin hökm sürdüyü bir təhsil sisteminin təntənəsidir. Yaxud müəllimin yox, müftəxorun kultlaşdırıldığı, biliyin yox, barmağa taxılan qızılın dəyər qazandığı bir sistemin real nəticəsidir. Yaxşı, Elm və Təhsil Nazirliyi bu illər ərzində nəyin üzərində işləyirdi? Rəqəmsallaşma? Elektron jurnallar? Məktəb direktorlarını işdən çıxarıb yerlərinə “özgə”ləri təyin etmək?

Əgər bir müəllim valideyndən hədiyyə adı ilə zinət əşyası tələb edirsə, bu artıq tək bir şəxsin deyil, təhsildəki bütöv bir sistemin çürüməsidir. Və bu çürümənin başında dayanan şəxs cənab Əmrullayevdir. Çünki o, bu cür halları illərdir görməməzlikdən gəlməklə təhsildə “susqun korrupsiya” dövrünü yaratdı. İndi o susqunluğun səsi qızılın cingiltisiylə partlayır.

Uşaq beyinlərinin işıqlandırılması üçün yox, müəllim barmaqlarının bəzədilməsi üçün çalışan bir təhsil sistemində hansı gələcəkdən danışmaq olar?! Əgər bu ölkədə müəllim öz sinif şagirdlərinin valideynlərini sıraya düzüb barmağına üzük taxdırırsa, bu artıq sadəcə rüşvət deyil, bu, qısacası, təhqirdir. Bilik məbədi sayılan məktəb artıq zinət bazarına çevrilibsə, demək, biz bu savaşda uduzmuşuq. Özü də çoxdan…

Və siz, cənab nazir, bu uduzmanın ali rəhbərisiniz. Siz susduqca, üzük parıldadı. Siz susduqca, müəllim daha da cəsarətləndi. Siz susduqca, təhsil yox, zinət “biliyi” öyrədildi. Bəs siz nə zaman danışacaqsınız?! Nə zaman məsuliyyəti boynunuza alacaqsınız?!

Görünən odur ki, bu təhsil sisteminin artıq islah ediləsi yeri qalmayıb. Ya təhsildəki sistem, ya da bunun başında duranlar kökündən dəyişməlidir. Və görünür, ilk dəyişməli olan sizsiniz, cənab Emin Əmrullayev. Çünki bu xalq artıq təhsilin “Emin” əllərdə yox, əmin əllərdə olmasını istəyir…

"DİA-AZ"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.