Petrosyan kilsəyə dəstək verdi, Paşinyana qarşı çıxdı – Ermənistanda böhran dərinləşir

Bu gün, 11:04           
Petrosyan kilsəyə dəstək verdi, Paşinyana qarşı çıxdı –
İyunun 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Eçmiədzinə – Erməni Apostol Kilsəsinin Ana Taxtına baş çəkərək bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. Görüş zamanı o, katolikosa tam dəstəyini ifadə edib və Ermənistan hakimiyyətinin kilsəyə qarşı atdığı addımları sərt tənqid edib.

Ter-Petrosyanın bu çıxışı Baş nazir Nikol Paşinyan ilə Eçmiədzin arasında uzun müddətdir davam edən qarşıdurma fonunda baş verir. Son aylarda münasibətlər daha da gərginləşib. Erməni Apostol Kilsəsi Qarabağın itirilməsi, Qarabağ ermənilərinin taleyi və Rusiya ilə münasibətlərin korlanması səbəbilə hökuməti tənqid edib. Katolikos II Qaregin Paşinyan hakimiyyətini “xalqın milli kimliyinə və tarixi dəyərlərinə xəyanət”də günahlandırıb.

Buna cavab olaraq hökumətə yaxın media və Paşinyan tərəfdarları kilsəni “köhnə elita ilə əlbir olmaqda” və “Rusiyapərəst siyasət yürütməkdə” ittiham edir. Son aylarda kilsənin mülkiyyətinə və idarəçiliyinə qarşı hüquqi təzyiqlərin, bəzi ruhanilərə qarşı təhqiqatların başladılması qarşıdurmanın inzibati müstəviyə keçdiyini göstərir.

Ter-Petrosyanın bu kontekstdə verdiyi dəstək Eçmiədzinin mövqeyinə güclü siyasi siqnal və hökumət siyasətinə dolayısı etiraz kimi qiymətləndirilir. Keçmiş prezident hər nə qədər aktiv siyasətdən uzaq görünsə də, bu mövqeyi ölkə daxilində gedən siyasi və ideoloji qarşıdurmada ciddi əhəmiyyət daşıyır.

“AzPolitika.info”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.