Şirkət rəhbərinin adı 20 minlik söhbətdə hallandırılır
9-09-2015, 11:40
Dövlət Sığorta Kommersiya Şirkətinin idarə heyətinin sədri Məmməd Məmmədovla bağlı şok faktların üstü açıldı
Laçın rayonundan məcburi köçkün düşmüş Taleh Şahməmmədov şirkətin filial direktoru Şirin Hətəmov tərəfindən aldadıldığını iddia edir
Laçın rayonundan məcburi köçkün düşmüş Şahməmmədov Taleh Engilis oğlu redaksiyamıza şikayət məktubu göndərib. Vətəndaş yazır ki, 2011-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin Laçın rayon filialının direktoru Şirin Hətəmov oğlu, hazırda həmin şirkətin 1 saylı Sumqayıt filialının direktoru işləyən Xəyyam Hətəmovla birlikdə onu adıçəkilən şirkətin Sumqayıt filialına işə düzəltmək adı ilə aldadaraq külli miqdarda maddi ziyana salıb: "Şirin Hətəmov məni deyilən işə düzəldə biləcəyini, ancaq bunun üçün ona 20 min manat "şirinlik" verməli olduğumu bildirdi.
Şirinin deməsinə görə, o məndən aldığı pulu şirkətin İdarə Heyətinin sədri Məmməd Məmmədova verəcək. Həqiqətən də, əvvəlcədən Şirin məni Məmməd Məmmədovla görüşdürdü. Uzun müddət işsiz qaldığıma görə Şirinin şərti ilə razılaşmağa məcbur oldum. Beləliklə, qohumlarımın köməkliyi ilə müxtəlif vaxtlarda ümumilikdə 12 min manat pul düzəldib Şirinə və oğlu Xəyyama verdim. Şirin məni işə düzəltsə də, 3-4 aydan sonra sədr Məmməd Məmmədov məni müavini Aftandil müəllimin vasitəsilə çağırtdıraraq bildirdi ki, guya işləyə bilmirəm. Buna görə də ərizə yazıb işdən çıxmalı olduğumu bildirdi. Bu barədə Şirinə bildirərək belə olan halda ona verdiyim pulları qaytarmasını tələb etdim. Şirin müxtəlif vasitələrlə sədrlə hansı danışıqlara getdisə, mənə bir ədəd "NOKİA-X7" telefonu aldırıb sədrə verəcəyi adı ilə aldadaraq bildirdi ki, işində problem yoxdur. Bundan iki ay sonra sədr məni yenə baş idarəyə çağırtdırdı və ərizəmi yazmağı tələb etdi. Şirin Hətəmovla danışıb pulumu qaytaracağı təqdirdə ərizə yazacağımı dedim. O söz verdi ki, pulunu alıb qaytaracam". Şikayətçi deyir ki, şirkətin Laçın rayon filialının direktoru pulun bir hissəsini qaytarsa da, 7 min manatı qaytarmaqdan imtina edib: "Belə olan halda şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur oldum. Amma bir ildir ki, Yasamal Rayon Polis İdarəsində baxılan şikayətimin heç bir nəticəsi yoxdur. Şirin Hətəmova pul verməyim barədə kifayət qədər sübutlar olsa da (şahid ifadələri və s.dəlillər) müstəntiq cinayət işinin başlanması barədə göstəriş vermir. Qeyd edim ki, bundan əvvəl Yasamal RPİ-də guya yetərli dəlillər olmadığına görə iş iki dəfə bağlanıb. Mənim Respublika Prokurorluğuna yazdığım şikayət ərizələrindən sonra işin yenidən araşdırılması barədə göstəriş verilib, amma hələlik heç bir nəticəsi yoxdur. Şikayətimə baxan yoxdur. Hər yerdən ümidim kəsilib.
Pozulmuş hüquqlarımın bərpası üçün sizin vasitənizlə cənab prezident İlham Əliyevə müraciət edib kömək istəyirəm. Xahiş edirəm ki, Şirin və Xəyyam Hətəmovların dələduzluq yolu ilə mənə vurduqları maddi zərərin ödənilməsi üçün aidiyyəti üzrə göstəriş versin. Tək ümidim prezidentimizədir". Şikayəti araşdırmaq məqsədilə Dövlət Sığorta Kommersiya Şirkətinin (012) 561 28 87 nömrəli şəhər telefonuna zəng vurduq. Dəstəyi qaldıran şəxsə idarə heyətinin sədri Məmməd Məmmədovla danışmaq istədiyimizi bildirdik. O isə bizə sədrin qəbul otağının nömrəsini verdi. Gün ərzində 561 23 44 nömrəli telefona dəfələrlə zəng vurmağımıza baxmayaraq, cavab verən tapılmadı. Daha sonra şirkətin Laçın rayon filialının direktoru Şirin Hətəmovla əlaqə saxladıq. O isə barəsində səsləndirilən ittihamlarla razılaşmadığını bildirdi: "Bu adam yalan danışır. Mən ondan pul alıb işə düzəltməmişəm. Özü min cür fıtnə-fəsadla məşğuldur".
Ümid edirik ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri laçınlı məcburi köçkünün üzləşdiyi özbaşınalığı araşdırıb ona lazımi köməkliyi göstərəcəklər.
Məsələ ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkətinin idarə heyətinin sədri Məmməd Məmmədovun da münasibətini dərc etməyə hazırıq.
xəbər xətti