Nazir müavini doğma dilinin "qol qabırğasını" niyə sındırır
9-09-2015, 12:01
Belə getsə, gənclər və idman nazirinin müavini Azad Rəhimovun nazir postuna həsrət qalacaq...
Azərbaycanda yüksək vəzifə tutan bir sıra məmurların danışıq qabiliyyətinə mələməmiş quzu kəsmək mənim borcum deyil.Mənim borcum qonşumuz Hətəm dayının nəvəsi usta Bilaladır ki, hələ də onu görəndə utandığımdan tər tökürəm.Ömründə heç bir kərə də olsun tərlətmə dərmanı atmamış mənim kimi məzlum bir adam bu utancın hardan yarandığının fərqində olduğundan gözlənilən fəsadlardan qaçaq düşüb. Bax, belə qaçağın qoçaqlığına məndə şübhələr var. Ona görə də özümdən köhnə kişilərin sözü olmasın, bilmərrə narazıyam.
Razılıq elədiyim isə o hörmətli vəzifəli şəxslərdir ki, danışığında hərdənbir şirinlik tapılır. Bu tapıntı deyil, sadəcə eşidilən nitq xətalarıdır. Həmin xətaların rəsmi dövlət qəbullarında hörmətli məmurlarımızın dilindən ara-sıra eşidilməsinə öyrəşmişik. Bundan heç bir dəfə də olsun pəjmürdəlik hissi keçirməyənlərdən bəlkə də birincisi mənəm. Olan şeylərdi, qadan alım, heç kəs axı anadan alim doğulmayıb. İnsan oxuya-oxuya arzuladığı məqamlara çata bilir. Məmur başına duz doladığım vəzifə xatirinə də olsa, hər hansı rəsmi tədbirqabağı bir kitab açıb oxusa, yaxud da ki, ona üzündən oxumaq üçün verilmiş çıxış mətninə gözucu baxsa, aləmmi qarışar? Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun ABŞ səfirliyində bu ölkənin milli bayramı münasibətilə təşkil edilmiş rəsmi qəbul zamanı irad etdiyi çıxışı onun siyasi karyerasının unudulmaz səhifəsi kimi dəyərləndirmək lazımdır. Çünki, İsmayıl müəllim ABŞ səfirinin əhatəsində bir neçə dəfə söz yaradıcılığı imkanlarını ortaya qoya bildi. Hörmətli nazir müavini Amerika xalqını və dövlətini təbrik edərkən konseptual bir fikir söyləməsə də konspektdən güc-bəla ilə oxumağını tədbir iştirakçılarından gizlədə bilmədi.Birdən irad tutub soruşarsınız ki, nazir müavininin bu çıxışı iyulun 2-də gerçəkləşib. İndiyəcən hardaydın? Mən də cavabında deyirəm ki, latın əlifbasında "konsensul" sözününü mənasını araşdırırdım, tapammadım.
Bu sözü İsmayıl müəllim hansı mənbədən əldə edib, onu bilmirəm, amma kəşf olmasa da, maraqlı tapıntıdı.İndi gəlin gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun ABŞ səfirliyində etdiyi tarixi çıxışdan bir abzasla tanış olaq. Sitat: "Amerika Birləşmiş Ştatlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını dəstəkləməsini, həmçinin, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasında münaqişənin həlli istiqamətində 4 qətnamənin konsensulla qəbul edilməsində töhfəsini yüksək qiymətləndiririk". İsmayıl müəllimin çıxışındakı növbəti abzas da hörmətli nazir müavininin ana dilimizdə səlis və aydın danışmaq üçün etdiyi mühüm cəhdlərin qabarıq da olmasa, tipik nümunəsi ola bilər. Sitat: "Bakıda keçirilmiş Bakı-2015 Birinci Avropa Oyunları ilə bağlı Avropa Əməliyyat Komitəsinin işinə cəlb olunan ABŞ mütəxəssislərinin zəhmətini qiymətləndirir, Avropa Oyunlarına qatıldıqları töhfəni məmnunluqla qeyd edirəm".
Görürsünüzmü, əlavə şərhə ehtiyac yoxdur. Aydındır ki, İsmayıl müəllim həmin çıxışa hazır deyildi. Nazir müavininin çıxışına qulaq verəndə adamda həm də belə təəssürat yaranır ki, sanki amerikalı azərbaycanca danışır. İsmayıl müəllim isə bildiyimiz kimi amerikalı deyil. Azərbaycanda mühüm bir nazirlikdə müavin vəzifəsini tutur. Bilirsiniz, bir müddət öncə, İsmayıl İsmayılovun Azad Rəhimovun vəzifə postunu tutmaq cəhdləri barədə eşidəndə, bu ideya mənə maraqlı göründü. İsmayıl müəllimin hətta yüksək hökumət kuluarlarında bir himayəçi ilə də anlaşdığı üzə çıxdı. Sevindim ki, İsmayıl müəllimdən yaxşı nazir çıxar.Sonradan məlum oldu ki, nazir müavininin ABŞ səfirliyindəki çıxışından sonra onun çalışmalarını dəstəkləyənlərin ümidlərinə Hövsan soğanı doğranıb.İnnən belə nə təhər olacaq, bilmirəm, amma gərək nazir müavini o bir parça kağızı heç olmasa axşamdan oxuyub əzbərləyəydi ki, mən də ertəsi gün onun danışığına məmnunluqla bir quzu kəsdirə biləydim.
X X.com