İnsan ruh tuta bilməz, kameralara düşən isə... - Ekstrasens
6-12-2018, 09:10
Axar.az parapsixoloq, ekstrasens Vüsal Mərdinli ilə müsahibənin ikinci hissəsini təqdim edir:
(Əvvəli burada)
- Parapsixologiya sahəsində təhsilinizi davam etdirmək fikriniz varmı?
- Kanadada kollecə qəbul oldum. Özümə viza alsam da, ailəmə viza ala bilmədiyim üçün getmədim. Bu sahədə təhsilimi inkişaf etdirmək istəyirəm. Çünki bu işlə məşğul olan dələduzlar çoxdur. İnsanları maarifləndirmək lazımdır.
- El arasında “ruh tutmaq” deyə bir anlayış var. Bu, nə dərəcədə doğrudur?
- Əgər bir “molla” ruh tutduğunu deyirsə, bilin ki, şarlatandır. Bəzən kameraya hansısa görüntü düşür, deyirlər, ruhdur. Yalandır, bu, ruh deyil, cindir.
Mən insan qulağının eşitmədiyi dalğaları, səsləri tutan qurğuları ölkəmizə gətirməyi düşünürəm. Azərbaycanda market və küçələrdəki kameralara cinlərin görüntüsü düşüb. Bu barədə də araşdırma aparmışıq.
Fikrimcə, böyük dövlətlər cinlərlə əməkdaşlıq edirlər, sadəcə, həmin cihazları bizdən gizlədirlər. Mediumlar cinayətlərin üstünü cinlər vasitəsilə açırlar. Tutaq ki, bir nəfər başqasını öldürüb. Həmin hadisəni yalnız cinlər görüb. Medium da cinlərin gözü ilə həmin cinayətkarı tapır.
- Cinayətlərin açılması seansları bizdə də həyata keçirilirmi?
- Bizdə bu məsələyə münasibət bir az fərqlidir. Məncə, Azərbaycanda bu işlə ciddi şəkildə məşğul olan adamlar yoxdur. Çünki buna inam yoxdur, amma Rusiyada istifadə olunur.
Konkret rəml elmi ilə cinayətlərin üstünü açmaq mümkündür. Bu, Almaniyada akademik səviyyədə araşdırılır.
Bizdə isə cinçıxarmanı qəbul etmirlər, amma eksorsizmi qəbul edirlər. Deyirlər ki, mənfi enerjiyə inanıram, nəzərə yox. Avropadan gələni qəbul edirlər. Bu, həqiqətən, tragikomediyadır. Bəlkə də Qurani-Kərim Fransadan, ya da Almaniyadan gəlsəydi, bizdə hər kəs mömin olardı.
- Bayaq “böyük dövlətlər” dediniz, öncəgörən Vanqanın ölkələrlə bağlı proqnozlarını xatırladım. Vanqa Qarabağ problemi haqda da proqnoz vermişdi.
- Vanqanın öncögörən olduğuna inanmıram. Məncə, o qadın sovet hökumətinin propaqanda maşını olub. Necə ki, dünyada bir sıra qüvvələr Nostradamusun adından hər şeyə ilahi don geyindirirlər, eləcə də Vanqanın adından Qarabağ haqqında uydurulmuş fikirlər yayırlar.
- Vüsal bəy, həyatınıza qarşı hər hansı təhdidlər olurmu?
- Ekstrasenslərin daim həyati təhlükəsi var. Çünki onlar qatilləri tapa bilirlər. Cinayətkar bilir ki, filankəs bunun haqqında məlumat alıb. İstər-istəməz həmin ekstrasens hədəf olacaq. Mənim də başıma gəlib.
- Bir insanla seans zamanı hansı proseslər baş verir?
- İnformasiya aldıqca yoruluruq, halımız dəyişir, təzyiqimiz qalxır. Məsələn, ağır prosedurdan sonra bir adamın Rusiyada öldürülən oğlunun yerini tapdıq. Təsəvvür edin, bunun qarşılığında mənə 20 manat pul göndərdi. Tək maddi yöndən yox, ümumən, qiymət verilmir. Əslində, cinlər haqqında çox şey demək olar. Sadəcə, insanlar bu barədə çox şey bilsələr, bir otaqdan başqasına keçməyə qorxarlar.
- Cin insan bədəninə niyə daxil olur?
- İnsan bədəninin nuru zəiflədikdə, bədən çirkləndikdə cin insan bədəninə keçir. Bir şeyi xatırladım: Fransa kralı 14-cü Luis heç vaxt çimmirdi, çünki istəyirdi ki, cinlər ona yaxın gəlsin. Avropa krallarının çoxu çimmirdi ki, cinlərlə əlaqə yarada bilsin.
Cinlər də şüurlu, energetik varlıqlardır. Sadəcə, cinlər bizim kimi dadla yox, qoxu ilə qidalanırlar. Onlar vücud əldə etmək istəyirlər. Onların başçıları insan cildində gəzir. Cinlər daim insan olmaq istəyirlər. Cin insan bədəninə daxil olanda insanın əsəb sistemini ələ keçirir.
- Bir az da mənfi enerjinin gücündən danışaq...
- Enerji məsələsi çox mühümdür. Nə qədər müsbət düşünsək, işlərimiz bir o qədər qaydasında gedəcək. Bəzən hətta insana “xəstəsən” deyə-deyə onu xəstələndirmək olur. Məsələn, bir qız “ağır xəstə” idi. Gözünün bağlayıb bıçağı qızdırdım, dedim ki, sənin qoluna isti bıçaq basacam, yandıracaq, amma sağalacaqsan. Kənardan soyuq qaşığı götürüb qızın qoluna basdım. Elə bu an qız qışqırdı, özündən getdi. Bu, psixologiyada isterikadır. Sonradan valideynləri başa düşdülər ki, onlar bilmədən qızı xəstə ediblər.
Nə qədər ailələr var, gəlib deyirlər, bizə cadu olunub, evimiz lənətlənib, hər gün dalaşırıq. Halbuki bütün problemlər birlikdə vaxt keçirməməkdən qaynaqlanır. Mən də belələrinə məsləhət görürəm ki, həmin evdən uzaqlaşsınlar, gedib gəzsinlər. Bir-iki ay başqa yerə gedirlər, sonra gəlirlər ki, biz barışmışıq, evimiz təmizlənib. Əslində isə onlara cadu olunmamışdı, sadəcə, birlikdə vaxt keçirmirdilər deyə, belə problemlər yaşanırdı.