VƏKİL İLHAMƏ HƏSƏNOVA:"İslahatlar vəkilliyin müstəqilliyi üçündür" - MÜSAHİBƏ

12-12-2018, 06:37           
VƏKİL İLHAMƏ HƏSƏNOVA:"İslahatlar vəkilliyin müstəqilliyi üçündür" - MÜSAHİBƏ
Vəkillər Kollegiyasının üzvü, fəxri hüquq doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun rəhbəri İlhamə Həsənova Vəkillər Kollegiyasının son 1 illik fəaliyyəti ilə bağlı AnTV.az-a müsahibə verib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

– İlhamə xanım, 2017-ci il dekabrın 7-də Vəkillər Kollegiyasının konfransı keçirildi və bundan sonra Kollegiyada köklü islahatlara start verildi… İslahatların nəticəsi haqda nə deyə bilərsiniz?

– Bu mövzuya – Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı maraqlı mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Məlum olduğu kimi, – bu, artıq cəmiyyətdə də aşkar və bəlli bir haldır, – son zamanlar Vəkillər Kollegiyasının fəaliyyətində müsbət mənada irəliləyişlər baş verir. Mən hətta bunu belə adlandırardım: qurum intibah dövrünə qədəm qoyub. Tarixdə də hər zaman hər bir fəaliyyət sahəsində dönüş, intibah, çiçəklənmə dövrü olur. Mən Vəkillər Kollegiyasının son bir illik fəaliyyətində, həqiqətən də, inkişaf, intibah dövrünün başlandığını düşünürəm. 2017-ci ilin dekabrın 7-də Vəkillər Kollegiyası konfrans keçirdi. Bu konfransda Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti, Rəyasət Heyətinin yeni sədri və üzvləri seçildi. Bir sıra komissiyalar, məsələn, İntizam Komissiyası və s. yenidən formalaşdırıldı. Konfransa hazırlıq mərhələsində əsas məqsədimiz ondan ibarət idi ki, vəkilliyi beynəlxalq standartlara uyğunlaşdıraq. Şükür Allaha, bu bir illik görünən fəaliyyətimizdə, hesab edirəm ki, biz məqsədimizə nail ola bilmişik.

– Beynəlxalq standartlara uyğunlaşdırmaq hansı mənaya gəlir?

– Konfransda və ondan sonrakı fəaliyyətimizdə bir sıra normativ aktlar qəbul etdik. Bilirsiniz ki, Azərbaycanda vəkillik fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Lakin bizim üçün əsas və başlıca prinsip həm də AR Konstitusiyasının 61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardımdır. Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulub ki, hər bir kəsin keyfiyyətli hüquqi yardım ala bilmək hüququ var. Bu, Konstitusiyada təsbit olunub, lakin Konstitusiyada təsbit olunmuş hüquqlar həm də dövlət tərəfindən təmin olunmalı və bunun mexanizmi işlənməlidir. Bunun da təminatı Azərbaycanda məhz vəkillik institutudur.

Bir faktı nəzərinizə çatdırmaq istəyirəm: Azərbaycanda bu hüquqi yardım Vəkillər Kollegiyasının üzvü olan vəkillərdən başqa, nümayəndələr tərəfindən də həyata keçirilir. Yəni, bu baxımdan, Azərbaycanda keyfiyyətli hüquqi yardımın yalnız vəkillər tərəfindən həyata keçirilməsi istiqamətində önə bir addım atılıb və indi məhkəmələrdə nümayəndə qismində yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər çıxış edə bilərlər. Düzdür, bəziləri tərəfindən bu, narazılıqla qarşılandı, bəziləri isə bunu başa düşdü, amma bir məsələni vurğulamaq istəyirəm ki, bu, doğrudan da, əhaliyə keyfiyyətli hüquqi yardımın təmin edilməsi üçün görülən çox məqsədəmüvafiq və böyük iş idi. Yəni, bu professional, peşəkar yardımı yalnız vəkil həyata keçirə bilər.

– Yəni, islahatlar zamanı vəkillərin fəaliyyətində dəyişikliklər baş verdi?

– Bəli, bu dəyişikliyin özü də əhaliyə keyfiyyətli yardımın təmin edilməsinə yönəldilib. Burada məqsəd ondan ibarət deyildi ki, vəkil olmayan hüquqşünasların bu sahəyə buraxılmasına hər hansı qadağa qoyulsun. Xeyr! Məqsəd ondan ibarət idi ki, məhz həmin hüquqi yardım peşəkarlar tərəfindən göstərilsin. Çünki vəkilliyə qəbulun qaydalarına görə, vəkilliyə qəbul olmaq üçün hüquqşünas həm test imtahanı verir, həm də müsahibədən keçir. Daha sonra isə bununla bağlı kurs keçir. Proses zamanı vəkil daha da təkmilləşir, keyfiyyətli hüquqi yardım göstərilməsi üçün hazır olur. Bu baxımdan, belə bir addım atıldı və hazırda çox müsbət nəticələrini verməkdədir. Konfransda Rəyasət Heyətinin sədri seçildi, Rəyasət Heyəti formalaşdırıldı. Bu tərkib tərəfindən, başda Rəyasət Heyətinin sədri cənab Anar Bağırov olmaqla, həyata keçirilən islahatlar vəkillik üçün çox əhəmiyyətli islahatlardır.

– Bunlar hansı islahatlardır?

– Bizim Əsasnaməmiz – “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə qəbul olundu. Bu Əsasnamə tamamilə Avropa standartlarına uyğun bir Əsasnamədir. Bundan əlavə, vəkillərin etik davranış normaları yenidən işlənib hazırlandı. Niyə görə bu məsələlər önəmlidir? Ona görə ki, birinci növbədə vəkillər etik davranış normalarına diqqət yetirməlidir. Çünki vəkillərin bu davranış normaları vəkilin müştəri ilə, digər vəkillər ilə və dövlət qurumları ilə, məhkəmələrlə olan münasibətlərini tənzimləyir. Yəqin, siz də mənimlə razılaşarsınız ki, ümumiyyətlə vəkillik etimad əsasında göstərilən fəaliyyət növüdür. Vəkil və müştəri arasında etimad olmalıdır. Müştəri bizə etibar edərək müraciət edir. Yəni, hansısa meyara görə bizi seçir: ya kimsə tövsiyə edir və ya yaxşı bir vəkil kimi görərək, özü seçir. Lakin biz o etibarı, o etimadı qoruyub saxlamasaq, müştəri bizdən gedir, bizimlə işləmir. Buna görə də, həm ictimaiyyətin vəkilliyə etimadını yüksəltməsi üçün, həm ayrı-ayrı fərdlərin etibarının qorunub saxlanması üçün bu etik davranış normaları mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, ilkin atılan addımlardan biri möhtərəm Prezidentimizin vəkilliyə göstərdiyi qayğı idi ki, bu qayğı bizi çox ruhlandırdı. Məlum olduğu kimi, 22 fevral 2018-ci il tarixdə möhtərəm prezidentimiz “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Bu Sərəncam, doğrudan da, vəkilliyə göstərilən qayğı, həm də qayğıdan əlavə, əhaliyə göstərilən keyfiyyətli hüquqi yardımın təmin olunması üçün çox böyük bir addım idi. Həmin Sərəncamda vəkilliyin maddi texniki bazasının gücləndirilməsi sahəsində müəyyən tədbirlərinin görülməsi barədə Prezident tərəfindən göstəriş verildi. Eyni zamanda həmin Sərəncamda dövlət tərəfindən göstərilən hüquqi yardım haqqının artırılması barədə də bir müddəa yer aldı. Bu, vəkilləri ruhlandıran və dövlətin vəkilliyə olan qayğısını göstərən bir Sərəncam idi.

Eyni zamanda bu müddət ərzində digər böyük işlər də görülüb. Nəzərinizə çatdırım ki, vəkil qurumlarının sayı xeyli artıb. Bilirik ki, bu vaxta kimi vəkillərin fəaliyyət göstərdiyi iş şəraitləri çox da qənaətbəxş deyildi. Məhz bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görüldü. İmkan yaradıldı ki, özləri üçün qurum yaratmaq istəyən vəkillər birləşib bu qurumu yaratsınlar. Bundan başqa, bir sıra vəkil büroları təmir olundu və indi həmin vəkil büroları, həqiqətən də, öz şəraiti və yaraşığı ilə göz oxşayır. Bu bürolarda müştərilərə hüquqi yardım göstərilməsi üçün rahat şərait yaradılmışdır. Eyni zamanda, həmin vəkil bürolarının işinin təkmilləşdirilməsi üçün bir sıra konsepsiyalar işlənib hazırlandı.

– Yeni qaydalarla işləməyə başladılar?

– Bəli. Onu da nəzərinizə çatdırım ki, yeni qaydalarda əsasən gənc kadrlara üstünlük verilir. Seminarlar, təlimlər, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahəsində çox böyük işlər görülür. Məsələn, bu yaxınlarda bizdə bir beynəlxalq konfrans keçirildi. Bu, 50-yə qədər ölkənin vəkil qurumlarının iştirak elədiyi möhtəşəm konfrans idi. Konfrans beynəlxalq vəkil standartlarına həsr olunmuşdu. Möhtəşəm bir tədbir oldu və eyni zamanda bizim beynəlxalq əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində güclü rol oynadı.

Ümumən söyləyə bilərəm ki, bu bir illik fəaliyyətin nəticələri gözlədiyimizdən də artıqdır. Mən bunu öz adıma söyləmək istəyirəm, çünki mən artıq 20 ildən artıq hüquqşünas stajına malikəm və 2005-ci ildən də Vəkillər Kollegiyasının üzvü olaraq fəaliyyət göstərirəm. Bundan əvvəl də hüquqşünas olaraq fəaliyyət göstərmişəm. Yəni, bu hadisələrə tək Vəkillər Kollegiyası nöqteyi-nəzərindən yox, həm də ayrıca bir vəkil kimi baxaraq, sizə əminliklə deyə bilərəm ki, həqiqətən də, vəkilliyin nüfuzunun artırılmasına və əhaliyə keyfiyyətli hüquqi yardım göstərilməsinin təmin edilməsinə yönələn çox qlobal işlər görülmüşdür.

– İlhamə xanım, bəs vəkillərin nüfuzunun artırılması istiqamətində hansı işlər görülüb?

– Məhz vəkillərin nüfuzunun artırılması istiqamətində görülən işlər barədə bundan öncəki sualınızın cavabı olaraq bir sıra məsələləri vurğuladım. İlk növbədə, vəkilin nüfuzu necə yaranır? Birincisi, mən belə hesab edirəm ki, müştəri bizə ilk müraciət edəndə normal iş şəraitində işlədiyimizi, normal bir yerdə oturduğumuzu görürsə, bu, artıq müştəridə ilkin təəssüratı yaradır. Çünki müştəri bizim şəraitsiz bir yerdə çalışdığımızı görsə, o düşünəcək ki, hansı vəkil belə bir yerdə çalışar?

– “Özünə umac ova bilməyən başqasına necə əriştə kəsir?”, misalı…

– Bəli, bəli. Yəni, bu baxımdan bizim yeni rəhbərlik seçildikdən sonra görülən ilk tədbirlər, məhz vəkillərin fəaliyyət göstərdiyi şəraitə diqqətin artırılmasına yönəldi. Dediyim kimi, büroların sayı artırıldı, fərdi fəaliyyət göstərən vəkillərin isə Komissiya tərəfindən ayrı-ayrılıqda müştəriləri hansı şəraitdə qəbul etdiklərinə baxış keçirildi. Yəni, bu məsələyə xüsusi önəm yetirildi.

– Fərdi fəaliyyət göstərən vəkillər arasında baxış keçirilən zaman onlardan hansısa fəaliyyədən kənarlaşdırıldımı?

– Xeyr. Sırf bu məsələ ilə bağlı, yəni, fəaliyyət göstərdiyi yerin şəraitinin yaxşı olmamasına görə kənarlaşdırma hallarına yol verilmir. Təbii, onlara tövsiyələr olunur ki, şəraitiniz müəyyən standartlara uyğunlaşdırılmalıdır. Bu məsələni normalaşdırmaqdan ötrü fərdi vəkil kabinetleri haqqında qaydalar hazırlandı. Rəyasət Heyəti tərəfindən qəbul olundu ki, fərdi fəaliyyət göstərən vəkillərin iş yerləri və yaxud vəkil kabinetləri hansı formada təşkil olunmalı və hansı tələblərə cavab verməlidir.

– İlhamə xanım, fərdi və ya büroda fəaliyyət göstərən vəkilin ofisi son dərəcədə modern ola bilər, amma müştəriyə xidmət, hüquqlarının müdafiəsi zamanı əslində ona fəaliyyət göstərdiyi otaq yox, savadı, biliyi, təcrübəsi daha çox kömək edir. Bu keyfiyyətlər öz arasında təzad təşkil etmir?

– Vəkillikdə məsələ belədir ki, vəkil müştəri tərəfindən seçilir və yaxşı vəkilin, təbii ki, həmişə müştərisi olur. Vəkillik elə sahədir ki, burada reklam ümumiyyətlə, qadağandır. Yəni, vəkilin öz fəaliyyətini reklam etməsi Əsasnamənin müddəalarına uyğun olaraq qadağandır. Amma siz də yaxşı bilirsiniz ki, “vəkillik təbii seçmə üsulu ilə seçilir”. Yəni, əgər mən birinə keyfiyyətli hüquqi yardım göstərirəmsə, o da məni qohumuna, tanışına və ya bir başqasına tövsiyə edir. Keyfiyyətli hüquqi yardım göstərməyən vəkil vəkillərin sırasından, əslində, özü-özünə kənarlaşmış olur.

– Reytinqli vəkilin təbliğatçısı müştərisi olur?

– Bəli, o özü-özünə kənarlaşacaq. Onun getdikcə müştərisi olmayacaq və s. Amma keyfiyyətli hüquqi yardımın göstərilməsinə bizim nəzarət mexanizmimiz necədir? Yəqin ki, siz bunu bilmək istəyərsiniz.

Müştərilərin Rəyasət Heyətinə olan müraciətləri hər zaman çox böyük bir həssaslıqla araşdırılır. Əgər müştəri vəkilin göstərdiyi hüquqi yardımın keyfiyyətindən narazıdırsa və bununla bağlı Vəkillər Kollegiyasına müraciət edirsə, bu müraciətlərə çox böyük həssaslıqla yanaşılır və bu məsələlər araşdırılır. Əgər müştəri haqlıdırsa, məsələn, vəkil işi icraatına götürməyinə baxmayaraq, həmin işlə bağlı heç bir hərəkət etmirsə və yaxud vəkilin səhlənkarlığı ucbatından şikayət, iddia müddətlərinə əməl olunmursa, bu hallarla bağlı şikayətlər araşdırılır. İntizam Komissiyası tərəfindən intizam icraatı açılır və bu məsələ çox böyük həssaslıqla, diqqətlə araşdırılır. Hal-hazırda sonuncu konfransdan bəri həyata keçirilən bir illik fəaliyyətimizdən danışırıqsa, bu müddət ərzində bu məsələlər daha diqqətli araşdırılır. İnanın, artıq bütün vəkillər bilirlər ki, əgər onların fəaliyyətindən müştəri narazı olacaqsa, bu, mütləq araşdırılacaq və obyektiv qərar qəbul olunacaq. Ona görə də, hər bir vəkil öz peşəsinə məsuliyyətlə yanaşır. Bu, ümumiyyətlə, bizim “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməmizdən və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanundan irəli gələn bir tələbdir. Buna əməl etmək bizim vəzifəmizdir, borcumuzdur. Belə deyə bilərik ki, bu məsuliyyət son bir il ərzində ikiqat artırılıb.

– İlhamə xanım, tutaq ki, müştəri vəkilin fəaliyyətindən narazı qalıb və Vəkillər Kollegiyasına şikayət edib. Adətən, vəkilin hansı fəaliyyət prinsipindən narazı qalırlar? Şikayət nələrdən olur?

– Şikayətlər müxtəlif növdə olur. Yəni, müştərinin şikayəti öz yanaşmasına bağlıdır. Bəzən elə olur ki, müştəri vəkildən onun peşə fəaliyyətindən artıq bir şey tələb edir. Bilirsiniz, vəkil məhkəmədə davranış qaydalarına da, etik davranış qaydalarına da riayət etməlidir. Müxtəlif xarakterli şikayətlər olur. Bəziləri deyir ki, vəkil mənim üçün filan işi görmədi. Müştərilər bir məsələni anlamalıdır ki, vəkil onlarla müqavilə bağlayırsa, bu o demək deyil ki, vəkil mütləq o işi udacaq. Vəkilin üzərinə düşən yalnız odur ki, o, müştəriyə keyfiyyətli hüquqi yardım göstərsin. Bəzi müştərilər var ki, vəkil ona sonuna qədər keyfiyyətli hüquqi yardım göstərir, lakin sonda işi uduzduğuna görə, müştəri onu şikayət edir. Bəzi müştərilər deyir ki, vəkil onun məhkəmə iclasına çıxmayıb və ya müəyyən istintaq hərəkətində filan hərəkəti etməyib. Təbii ki, biz müraciət edən şəxsi dinləməklə yanaşı, eyni zamanda vəkilin də bu müraciətlə bağlı fikrini öyrənməliyik. Çünki vəkilin özünün də bu araşdırmada iştirakı təmin olunmalıdır. Və sonda ədalətli və obyektiv bir qərar verilir. Əgər orada intizam pozuntusu varsa, bu zaman İntizam Komissiyası hadisədə intizam pozuntusu olduğu ilə bağlı rəy verir. Yəni, hər hansı müraciət növünün çoxluq təşkil etdiyini demək olmaz, müxtəlif xarakterli müraciətlər olur.

– İlhamə xanım, belə hallar olur ki, vəkil müştərinin hüquqlarını məhkəmədə müdafiə edərkən hakim tərəfindən basqıya qalır və hakimlər də vəkildən şikayət etməyə başlayır. Bəs vəkil öz peşə fəaliyyətini, öz müdafiəsini necə qurmalıdır ki, basqılara məruz qalmasın?

– Təbii ki, məhkəmə iclaslarında vəkillər öz işlərini həyata keçirirlər və Avropa standartlarına görə, vəkil bu zaman müəyyən kəskin ifadələrdən istifadə edə bilər. Belə deyək, vəkil məhkəmə iclasında qaydalara riayət etməlidir. Bu, bizim “Etik davranış qaydaları haqqında” Əsasnaməmizdə də, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda da var. Çünki məhkəmə iclasında qaydaya riayət etmək hər kəsin borcudur. Lakin vəkil bu qaydaya riayət etməklə yanaşı, məhkəmə iclasında müəyyən çıxışlar edir, vəsatətlər verir və bu zaman vəkil mütləq müəyyən şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır.

Bayaq sual verdiniz ki, bizdə hansı növ şikayətlər olur? Bəzən elə hallar olur ki, qarşı tərəf deyir ki, vəkil öz çıxışında və ya öz ərizəsində, yaxud şikayətində mənim şərəf və ləyaqətimə toxunan ifadələr işlətmişdir. Vəkil qanunun tələblərinə müvafiq olaraq, heç bir halda öz hüquqi yardım göstərdiyi şəxslə eyniləşdirilmir. Yəni, ona o prizmadan baxılmır. Amma vəkil mütləq mənada, təbii ki, qanunun tələblərinə uyğun, qanuni şəkildə əsaslandırmaq şərtilə öz izahatlarını verir, çıxışını edir, lakin o, hər bir halda başqalarının işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət etməlidir. Buna görə də, əgər məhkəmə iclasında vəkil istər qarşı tərəfin, istər dövlət ittihamçısının, istər hakimin şərəf və ləyaqətinə toxunan və yaxud məhkəmə hakimiyyətinin işgüzar nüfuzuna toxunan, yaxud ittiham orqanlarının işgüzar nüfuzuna toxunan ifadələr işlədirsə, bu, təbii ki, intizam pozuntusudur, yəni, etik davranış qaydalarının pozulmasıdır.

Sizə əminliklə deyə bilərəm ki, bu, yalnız bizdə belə deyil. Bu yaxınlarda biz Almaniyada etik normaların tətbiqi ilə bağlı bir səfərdə olmuşduq və orada bu məsələ ilə bağlı təcrübə mübadiləsi keçdik. Onlarda da belə bir təcrübə mövcuddur ki, vəkil istər məhkəmə iclasında, istər hər hansı bir istintaq və ya prosessual hərəkət zamanı bayaq adını sadaladığım şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ləkə gətirən və ya toxunan məlumatlar səsləndirirsə, məsuliyyətə cəlb olunur. Amma istənilən halda bu müraciətlər bizim tərəfimizdən tam həssaslıqla araşdırılır.

– İlhamə xanım, siz Vəkillər Kollegiyasında İntizam Komissiyasının sədr müavinisiniz. Etik davranış normaları ilə bağlı son bir ildə hansı işlər görülüb?

– Son bir ildə vəkillərin etik davranış normaları ilə bağlı görülən ən böyük iş, birinci, bununla başladı ki, biz hələ konfransa hazırlaşma mərhələsindəykən bir Komissiya yaradıldı. Bizim indiki Vəkillər Kollegiyası sədrimiz Anar Bağırov o zaman Rəyasət Heyətinin üzvü idi və həmin Komissiyada iştirak edirdi. Biz “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnaməni hazırladıq. İnanın ki, həmin Əsasnamə Avropa Vəkillər Birliyinin davranış qaydaları ilə birəbir eynidir. Təbii ki, biz həmin qaydaları bizim ölkədəki vəkillik fəaliyyətinə uyğunlaşdıraraq tətbiq etdik. Həmin davranış qaydaları tamamilə beynəlxalq standartlara uyğundur. Biz bu normaları qəbul etdik, çünki normalaşdırılmamış bir davranışı vəkildən tələb edə bilmərik. Bəs ikinci addım nə oldu? Bilirsiniz ki, bizdə vəkillərin sayı 1500-dən artıqdır. Bu da son bir ildə görülən işlərdəndir, çünki bundan öncə vəkillərin sayı 900-ə qədər idi. Hal-hazırda dekabr ayında yeni imtahan keçirilməsi planlaşdırılır. Bununla da, mütəmadi olaraq vəkillərin sayı artırılacaq. Bilirsiniz ki, Avropa Şurasının qoyduğu ən önəmli tələblərdən biri də bundan ibarətdir ki, Azərbaycanda vəkillərin sayı artırılmalıdır.

– Nümayəndəlik institutu ləğv edildikdən sonra bu iş bir az çətinləşdi. Vəkil sayının az olmağına görə…?

– Bəzi təsəvvürlər var ki, daha öncə əhaliyə hüquqi yardım göstərilməsindəki kəsir nümayəndələr hesabına doldurulurdu. Amma inanın, hal-hazırda bürolarımızda və fərdi fəaliyyət göstərən vəkillərimiz və Vəkillər Kollegiyası tərəfindən işlər elə qurulmuşdur ki, biz hətta ən ucqar rayonlarda, şəhərlərdə, kəndlərdə belə, bunu diqqət mərkəzində saxlayırıq. Vəkillərimizin əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərsə də, biz rayonları nəzərimizdən kənarda saxlamamışıq. Biz çalışırıq ki, ən ucqar rayonlarda belə, vəkillər olsun və əhaliyə hüquqi yardım göstərilməsindəki kəsir doldurulsun.

Yeri gəlmişkən, bir şeyi sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bizim Vəkillər Kollegiyasında çox gözəl bir ənənə var: demək olar ki, hər həftə bir qurum rayonlara səfər edir və həmin qurumun təxminən 15-20 əməkdaşı əhaliyə pulsuz hüquqi yardım göstərir. Elə düşünməyin ki, hüquqi yardım dedikdə, biz sadəcə gedib yerində hüquqi məsləhət verilməyini nəzərdə tuturuq və bununla kifayətlənirik. Əgər həmin səfər zamanı bizə bir vətəndaş müraciət edirsə, biz onun problemini dinləyirik və koordinatlarımızı veririk ki, şəhərə qayıtdıqdan sonra həmin hüquqi yardımı davamlı şəkildə həyata keçirək və həmin vətəndaşın probleminin son mərhələsinə qədər ona yardım göstərək. Bu işi görmək bizim üçün artıq bir ənənə halını alıb. Hal-hazırda yüzə qədər şəhid ailəsinə Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım göstərilir.

– Bölgələrdə fəaliyyət göstərən vəkillərin sayı qənaətbəxşdirmi?

– Hal-hazırda, deyərdim ki, qənaətbəxşdir. Son bir ilə qədər belə bir problem var idi ki, bəzi vəkillər vəkil kimi bölgələrdə qeydiyyata alınsa da, faktiki olaraq həmin bölgələrdə yox, Bakı şəhərində fəaliyyət göstərirdilər. Əgər reyestri qaldırıb görsəydik, tutaq ki, hər hansı rayonda 10 vəkil qeydiyyatdadır, ancaq faktiki olaraq orada 3 vəkil fəaliyyət göstərirdi. Vəkillər Kollegiyasında bu problem bir-bir yoxlanıldı və bu məsələ tənzimləndi, nizama salındı. İndi hansı vəkil harada qeydiyyata alınıbsa, orada fəaliyyət göstərir. Bu, o demək deyil ki, məsələn, mən Sabirabad şəhərində qeydiyyata alınmışamsa, Bakı şəhərində fəaliyyət göstərə bilmərəm. Belə bir istisna yoxdur. Amma yenə də vəkil ilk növbədə qeydiyyata alındığı yer üzrə əhaliyə hüquqi yardım göstərməlidir.

– Bu saydığınız işlərin vəkillərin müstəqilliyinə hər hansı formada təsiri varmı? Yəni, nəzarət, baxış, qeydlər və s. baxımdan…

– İlk baxışdan belə görünə bilər ki, əgər nəzarət gücləndirilirsə, bu, vəkilin müstəqilliyinə hər hansısa formada xələl gətirə bilər. Amma inanın ki, bütün bu tədbirlər məhz vəkillərin müstəqilliyinin artırılmasına xidmət edir. Çünki əgər vəkilin bu günə qədər hər hansı bir işdə çatışmazlığı var idisə, – məsələn, mən vəkil olaraq bilirəm ki, Şamaxıda qeydiyyatda alınmağıma baxmayaraq, Bakıda fəaliyyət göstərirəm, – bu, mənim bir qüsurum idi və mən bu qüsuru bilirəm. Belə olan halda, mən sözümü daha ürəklə deyə bilmirəm ki, birdən kimsə şikayət etsə, hər hansı bir hakim müraciət eləsə, mənim işimin üstü açılar və mənim üçün mənfi hal yaranar. Bununla mən özüm öz müstəqilliyimi qısıram. Amma vəkilin heç bir tərəfdən bir kəsiri yoxdursa, bizim də köməyimizlə, Kollegiyanın nəzarət və iş mexanizmiylə heç bir vəkilin heç bir yerdə bir kəsiri qalmırsa, vəkillər etik davranış qaydalarına əməl etməyə artıq öyrəşirlərsə və bu onların iş prinsipinə çevrilirsə, onda siz özünüz düşünün, vəkilin heç bir kəsiri qalmır. Onda bu nə deməkdir? Vəkilin daha çox müstəqil olmağı. Yəni mənim bir qorxacaq yerim yoxdursa, bütün etik davranış qaydalarını yaxşı bilirəm və bu qaydalara əməl edirəmsə, deməli, mənim müstəqilliyim daha da artır. Ona görə də deyirəm ki, bütün bu tədbirlər məhz vəkillərin müstəqilliyinin artmasına yönəlir. Buna görə də, bu istiqamətdə görülən işlər təqdirəlayiqdir.

– İlhamə xanım, bayaq dediniz ki, Vəkillər Kollegiyasının üzvü olan bir qrup vəkil konfransla bağlı Almaniyaya səfər eləyib. Bu konfrans bizim vəkillər üçün hansı baxımdan səmərəli oldu?

– Bu konfrans alman və azərbaycanlı vəkillərin beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsinə yönəlmiş bir konfrans idi. Səfər noyabr ayının 25-də başladı. Səfərdə AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri cənab Anar Bağırov, sədr müavini cənab Aydın Axundovun rəhbərliyi ilə İntizam Komissiyasının üzvləri – Komissiyasının sədri cənab Şahmar Məmmədov və sədr müavini olaraq mən iştirak edirdim. Bayaq qeyd etdiyim kimi, konfrans məhz beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin həyata keçirilməsinə yönəlmişdi. Konfrans çox uğurlu alındı. Səfərin ilk günündə Alman Federal Vəkillər Palatasının sədrinin cənab Anar Bağırovla və nümayəndə heyəti ilə görüşü oldu və burada beynəlxalq əməkdaşlıqla, təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələlər müzakirə olundu. Cənab Anar Bağırov Azərbaycan vəkilliyində baş vermiş son islahatlar və vəkillikdə yaranan problemlərlə bağlı müəyyən fikirlər səsləndirdi. Biz, həqiqətən də, çox səmimi qarşılandıq. Alman Federal Vəkillər Palatası bizimlə böyük əməkdaşlıq həvəsində olduğunu bildirdi. Bilirsiniz ki, alman təcrübəsi öyrənilməli təcrübədir və biz bu təcrübəni öyrənmək istəyirik. Hətta bu yaxınlarda Bakıda keçirilən beynəlxalq konfransda da göstərdiyimiz kimi biz nəinki alman təcrübəsi, ümumiyyətlə Avropa təcrübəsini və digər mütərəqqi ölkələrin bu sahədə təcrübəsini öyrənməyə hazırıq, qapımız buna açıqdır. Biz bunları öyrənib ən mütərəqqi şəkildə Azərbaycanda tətbiq etmək istəyirik. Məqsədimiz vəkilliyi inkişaf etdirmək və bu yolla da əhaliyə keyfiyyətli hüquqi yardım institutunu təkmilləşdirməkdir ki, bu Konstitusiyamızda da nəzərdə tutulmuşdur və dövlətimizin ilkin məramı, məqsədi də məhz budur.

– İlhamə xanım, Azərbaycanda fəaliyyət göstərən vəkilin Almaniyada və ya Avropanın digər ölkələrində kiminsə hüquqlarını müdafiə etməsi üçün dəvət olunması mümkündürmü? Avropalı həmkarlarınızla belə bir müqaviləniz oldumu və ya belə şərtlər mümkündürmü?

– Bu növdə əməkdaşlıqla bağlı danışıqlarımız hələ olmayıb. Ümumiyyətlə, bizim ora səfərimizin məqsədi etik davranış qaydaları ilə bağlı müəyyən təcrübə mübadiləsi etməkdən ibarət idi. Təbii ki, qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər də gündəmdədir. Biz bu məsələləri, yəqin ki, gələcək müzakirələrimizdə həyata keçirəcəyik. Təbii ki, əgər biz başqa ölkələrin vəkilləri ilə əməkdaşlıq qursaq, başqa ölkədə cinayət və ya mülki xarakterli işi olan Azərbaycanda yaşayan xarici ölkə vətəndaşı və ya xarici ölkədə əmlak, vərəsəlik və s. məsələsi olan Azərbaycan vətəndaşı olsa, biz bu əməkdaşlıq çərçivəsində hüquqi yardım da həyata keçirə bilərik.

– İlhamə xanım, 20 saylı Vəkil Bürosu yeni yaranıb. Bu büronun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Hansı ki, siz rəhbərlik edirsiniz. Necə oldu ki, bu büroya rəhbər olaraq məhz sizi seçdilər?

– Qeyd etdim ki, son konfransımızdan sonra bizdə vəkil qurumlarının sayının artırılmasına önəm verildi. 20 saylı vəkil bürosu da bu qurumlardan biridir. 20 saylı vəkil bürosunu mən və digər iki vəkil birlikdə təsis etdik. Hər bir vəkilin belə bir hüququ var. Burada mənə və ya başqa birinə önəm verilməsi məsələsi qoyula bilməz. Çünki 2 və daha artıq hər bir vəkil birləşib belə bir qurum yarada bilər. Bununla bağlı heç bir qadağa, məhdudiyyət və ya ayrı-seçkilik yoxdur. Bizim 20 saylı vəkil büromuzda əsasən son 1 ildə vəkilliyə qəbul olmuş şəxslər cəlb olunur.

– Büroya nə qədər vəkil cəlb edilib?

– Hal-hazırda bizim vəkillərimizin sayı 10-dan artıqdır və hamısı gənc vəkillərdir.

– Gənclərlə işləmək çətin deyil ki? Ən azından təcrübələri elə də çox deyil.

– Xeyr. Bu şəxslər vəkilliyə yeni gəlmiş olsalar da, onların hüquqi təcrübələri böyükdür. Yəni onlar bu vaxta qədər hüququn müxtəlif sahələrində çalışmış şəxslərdir. Məsələn, bizim vəkillərimizdən biri uzun müddət müstəntiq işlədikdən sonra öz xahişi ilə işdən çıxaraq vəkilliyə gəlib. Bu da vəkilliyin nüfuzunun artdığını göstərən göstəricilərdən biridir ki, müstəntiq işləyən şəxs vəkil olmaq istəyir. Vəkillərimizdən biri uzun müddət Dövlət Əmlak Komitəsində hüquqşünas işləyib. Hətta bir neçə əməkdaşımız mötəbər xarici şirkətlərdə işləyiblər. Bu şəxslərin heç biri sıfırdan gələn vəkil deyil, ən azından 5 il, 8 il staja malik olan hüquqşünaslardır ki, bunlar Vəkillər Kollegiyasındakı intibahı görərək vəkil olmağa gəliblər. Yəni, bu vaxta qədər onlar həmin sahələrdə işləyiblər. Bizim 20 saylı vəkil büromuzda, məsələn, Dövlət Əmlak Komitəsində çalışmış vəkil burada, təbii ki, cinayət işlərinə də çıxa bilər, bunda heç bir qadağa yoxdur. Lakin mən bizim vəkillərimizdə belə bir meyl görürəm ki, onlar əvvəl işlədikləri sahələrdə ixtisaslaşmağa üstünlük verirlər. Məsələn, 8 il Dövlət Əmlak Komitəsində işləyən şəxs bu gün gəlib vəkil işləyir və mən görürəm ki, onun götürdüyü işlər əsasən bu sahəyə aid olan işlərdir.

– Bu, onun ixtisaslaşdığı sahədir?

– Bəli, ixtisaslaşma çox böyük əhəmiyyətlidir. Nizami Gəncəvinin də məşhur bir sözü var: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Təbii ki, vəkil bütün işlərə çıxa bilər. Cinayət işi, inzibati, mülki iş, əmək mübahisəsi və s. Lakin yaxşı bilirsiniz ki, Avropa ölkələrində hətta ən dar sahələrdə belə, ixtisaslaşma var.

– Bəs Vəkillər Kollegiyasında bu sahədə iş necə gedir? Vəkillər ixtisaslaşma üçün imtahan verməlidirlər ya testdən keçməlidirlər?

– Xeyr. Belə bir imtahan və ya test nəzərdə tutulmayıb. Əgər Vəkillər Kollegiyasının saytında vəkillərin reyestrinə nəzər salsanız, həmin reyestrdə hər bir vəkilin göstəriciləri qeyd olunub: nə qədər təcrübəsi var, neçənci ildə anadan olub, hansı büroda fəaliyyət göstərir və ixtisaslaşdığı sahələr və s. Hər vəkil üzrə bir və ya iki sahə. Vəkillər Kollegiyasında artıq bu sahədə iş başlayıb ki, reyestrdə bunlar göstərilir. Amma təbii ki, bizim belə qaydalarımız yoxdur ki, ixtisaslaşmaq üçün mütləq imtahan verməlisən, testdən keçməlisən və s. Biz vəkillər üçün yeni bir bariyer yaratmaq istəmirik.

– Hər hansı seminarlar təşkil olunurmu?

– Təbii ki. Vəkillər Kollegiyasının saytına baxsanız, görəcəksiniz ki, çoxsaylı seminarlar keçirilir. Demək olar ki, hər həftə belə seminarlar keçirilir, beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatların, Avropa Şurasının və digər təşkilatların keçirdiyi seminarlarda vəkillərin bilavasitə iştirakı təmin olunur. Hansı ki, bu seminarlar müxtəlif mövzulara aiddir. 20 saylı vəkil bürosu olaraq biz özümüz planlaşdırmışıq ki, dekabr ayının ikinci yarısından başlayaraq, hər həftə bizim büroda 20-30 vəkil üçün müxtəlif mövzuda seminarlar keçiriləcək.

– Təlimçilər kimlər olacaq?

– Təlimçilər hansı mövzu üzrə seminar keçirilirsə, həmin sahədə ixtisaslaşmış mütəxəssislər olacaq. Bu, ümumi bir prinsipdir ki, vəkil bütün ömrü boyu oxumalıdır, öyrənməlidir və öz peşəsi üzrə ixtisasını artırmalıdır. Bu baxımdan biz vəkillərə yardım etmək və bu şəraiti yaratmaq üçün öz vəkil büromuzda bu seminarları keçirməyi planlayırıq.

20 saylı vəkil bürosunun fəaliyyəti haqqında bir neçə söz də demək istəyirəm. Bizim büromuzda həftənin 7 günü və sutkanın 24 saatı ərzində təcili vəkil xidməti yaradılıb. Bu, Respublikada ilk dəfə bizim büronun təcrübəsində tətbiq olunur. Bu nə deməkdir? Bizim bir telefon nömrəmiz var və bu nömrə əhaliyə bildiriləcək. Əhalinin sutkanın 24 saatı ərzində vəkilə təcili ehtiyacı yarana bilər. Tutaq ki, kimsə yolda gedərkən hər hansı bir DYP əməkdaşı tərəfindən saxlanılırsa və yaxud evinə qəflətən axtarışa gəlirlərsə, hər hansı bir istintaq orqanına gözləmədiyi halda şahid qismində, şübhəli şəxs qismində cəlb edilirsə, gözləmədiyi halda evinə məhkəmə bildirişi gəlirsə, belə vacib və təcili hallarda insan karıxır və nə edəcəyini bilmir. “Nə edim?” sualı yarananda, insan çıxılmaz vəziyyətə düşəndə, nə edəcəyini bilməyəndə dərhal bizim büronun əlaqə nömrəsini yığıb, bizdən həmin vəziyyətlə bağlı ilkin məsləhəti pulsuz olaraq ala bilər. Əgər həmin insana düşdüyü vəziyyətdə mütləq yanında vəkil olmağı lazımdırsa, özü olmasa da, onun qohumu, tanışı zəng vurub istənilən vəkili istəyə bilər. Əgər həmin vəkili Bakı şəhərinin ərazisində istəyirsə, 20-25 dəqiqə ərzində biz onun yanında olacağıq. Regionlarda tələb edirsə, təbii ki, həmin regiona olan məsafə nəzərə alınmalıdır. Ona görə də, bu, təcili vəkil yardımıdır. Burada həftənin hansı günü, saatı, istirahət günü və ya bayram günü olması, saatın gecə 2 və ya 3 olmasının fərqi yoxdur. Yetər ki, siz zəng edin, biz həmin vaxt ərzində sizin yanınızda olacağıq.

– İlhamə xanım, vətəndaşın ictimai nüfuzunun, statusunun müştəri xidmətində önəmi varmı?

– Müştəri xidmətində vətəndaşın ictimai statusunun heç bir önəmi yoxdur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə ən başlıca müddəa budur ki, biz irqinə, dininə, siyasi və yaxud digər mənsubiyyətinə, maddi rifah halına uyğun olaraq hansısa müştəriyə fərq qoymuruq və qoya da bilmərik. Çünki bu, bizim Qanundan irəli gələn tələbimiz, davranış qaydamızdır. Və inanın ki, belə bir fərq həqiqətən də qoyulmur və qoyula da bilməz. Təbii ki, biz hər hansı hüquqi yardım göstəririksə, onun haqqı ödənilməlidir. Məsələn, mən bizim büronun və vəkil olaraq öz adımdan deyə bilərəm ki, əgər bizə müraciət edən şəxsin bizim müqavilə üzrə xidmət haqqımızı ödəməyə imkanı yoxdursa, biz ona güzəştlər edə bilərik. Yeganə fərq bu güzəştlər ola bilər. Yəni, biz Vəkillər Kollegiyası olaraq, heç kimi qapıdan qaytarmırıq. Əgər vətəndaş bizə müraciət edirsə, lakin onun maddi imkanı yoxdursa, biz ona yenə də hansısa formada hüquqi yardım göstərəcəyik. Yəni “sənin imkanın yoxdur, biz sənə hüquqi yardım göstərmirik” deyib, heç kimi qapıdan göndərmirik, belə bir hal olmur.

– İctimai status deyəndə, mən təkcə onun maddi vəziyyətini düşünmədim, digər baxımdan ictimai nüfuzlu insanlar var. Məsələn, hakimiyyətyönlü, müxalifyönlü və ya müstəqil şəxs ola bilər. Bunlar xidmət zamanı nəzərə alınırmı?

– Bunlar nəzərə alınmır. Bayaq da qeyd etdiyim kimi, vəkil üçün siyasi və ya ictimai mənsubiyyətin heç bir önəmi yoxdur. Bizim birinci növbədə vəzifəmiz və məqsədimiz ondan ibarətdir ki, keyfiyyətli hüquqi yardım göstərək. Biz hər bir şəxsə bu hüquqi yardımı göstərməliyik. Fərqi yoxdur ki, o, hansı cinayəti törədib.

– İlhamə xanım, bu yaxınlarda Bakıda vəkillərin peşə standartları ilə bağlı beynəlxalq konfrans keçirildi. Bayaq bu mövzuda bir az danışdınız. Konfransla bağlı nə deyə bilərsiniz? Bu konfrans bizim vəkillərimizə, vəkillik institutuna nə verdi? Və ya nə verəcək?

– Bu konfrans Azərbaycan vəkilliyinin nüfuzunun artırılması üçün çox əhəmiyyətli oldu. Bu vaxta qədər biz müxtəlif ölkələrdə bu tipli beynəlxalq tədbirlərdə Vəkillər Kollegiyasının nümayəndələri olaraq iştirak edirdik. Mən özüm də şəxsən belə beynəlxalq tədbirlərdə çox iştirak etmişəm. Biz həmişə arzu ilə baxırdıq ki, kaş ki, belə bir tədbir bizim Respublikamızda da keçiriləydi. Tədbirin təşkilatçıları sağ olsunlar, bu tədbirin dövlət miqyasında keçirilməsində bizə çox böyük dəstək oldular. Vəkilləri Kollegiyası və Avropa Şurası bu tədbirin əsas təşkilatçılarından oldu. Çox şükür ki, bu tədbir Azərbaycanda baş tutdu. Burada bir sıra ölkələrdən, demək olar ki, 38-dən çox ölkədən nümayəndələr və kifayət qədər nüfuzlu şəxslər iştirak etdi. Ədliyyə Nazirliyinin nümayəndələri, AR Ali Məhkəməsinin sədri də burada iştirak edirdi. Bu tədbirdə hər bir xarici ölkədən gəlmiş nümayəndələr öz ölkəsinin vəkillik təcrübəsi haqqında danışdılar və tədbirin bir hissəsi məhz təlim xarakterində oldu. Vəkil etikası hüquqları və vəzifələri – Azərbaycan təcrübəsi barədə də mən çıxış etdim. Təcrübə mübadiləsi etdik. Həmin ölkələrin sosial şəbəkələrində, kütləvi informasiya vasitələrində Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirildiyi səsləndirildi. Vəkillər Kollegiyası tərəfindən tədbirin keçirilməsinin təşkilati məsələlərinə çox ciddi önəm verilirdi. Yəni bizim bir məqsədimiz var idi ki, qonaqlarımız bizdən razı qalsınlar, Azərbaycanımızı görsünlər, Azərbaycanımızın prioritetlərini görsünlər, onun gözəlliyini, zənginliyini görsünlər. Tədbir keçirilən günlərdə Azərbaycan xalqının qonaqpərvərliyini, bizim həm mənəvi, həm maddi zənginliyimizi göstərməkdən ötrü biz, Vəkillər Kollegiyasının rəhbərliyi və cənab Anar Bağırov başda olmaqla, bütün mümkün vasitələrdən istifadə etdik. Və mən inanıram ki, biz bunu bacardıq. Çünki bu tədbirin əks-sədası, doğrudan da, yayıldı və bəyənilən oldu. Vəkilliyin nüfuzunun artırılması üçün mühüm əhəmiyyəti oldu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.