Iqbal Ağazad:"Məndən xoşun gəlmir, ey vallah, axşam bizə qonaq gəlmə”.

15-12-2018, 07:25           
Iqbal Ağazad:"Məndən xoşun gəlmir, ey vallah, axşam bizə qonaq gəlmə”.
İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”

“Müxalifət bir yerə yığışır ki, ən azı ölkənin gündəmini zəbt edən problemlərdən danışsın. Niyə bunu pis xarakterizə edirlər? Demək ki, neqativ danışanların alt yapıda nə isə başqa məqsədləri, özlərinin pis xarakteristikası, pis niyyətləri var”.

Bunu Versus.Az-a müxalifətin “Zirvə toplantısı”na münasibətdə Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

Partiya sədri insanların bir yerə toplaşıb ölkə problemlərini müzakirə etməsini cəmiyyət üçün xeyirli, dialoq, barış, həmrəylik baxımından isə yaxşı hal kimi dəyərləndirib.

İ.Ağazadə müxalifətin “Zirvə görüşü” ilə bağlı “Dağ yoxdursa, zirvəsi hardan olacaq” kimi səslənən fikirləri düzgün yanaşma hesab etməyib. Bildirib ki, “zirvə”yə dəvət olunan adamların hamısı Azərbaycan vətəndaşıdır. Və özünə siyasətçi, siyasi lider, partiya sədri deyən hər bir kəs Azərbaycan vətəndaşını qiymətli hesab etməlidir. Əksinə, onu öz təbirincə desək, dağ hesab etmirsə, yazıqlar olsun o adama:

“İkincisi, kimsə “orda böyük partiya yoxdur” deyirsə, mən iddia edirəm: bunu deyənlərin partiyası mənim rəhbərlik etdiyim partiyanın yanında çox kiçikdir, Azərbaycanın problemlərinə münasibətdə bilik və bacarıqları mənimkindən qat-qat aşağıdır.

Azərbaycanın gələcəyi, iqtisadiyyatı, demokratikləşməsi, Azərbaycan problemlərinə, Dağlıq Qarabağ məsələsinə baxışda kimsə özünü İqbal Ağazadədən üstün hesab edirsə, buyursun polemikaya. Mən onlara sübut edim ki, Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər. Digər tərəfdən, əgər “dağ yoxdur, zirvə necə olacaq” deyirlərsə, niyə yoxdur ki, orda mən boyda dağ var. O cümlədən ora dəvət olunanların hərəsi bir dağdır. Mənim üçün onların hər biri dəyərlidir, mövqeyindən, münasibətindən asılı olmayaraq hər kəsə hörmət edirəm. Aramızda umu-küsülər də ola bilər, tənqidlər də. Amma kimsə kimsəni aşağılamağa qalxmasın, kimsə özünü çox da yuxarıda tutmasın”.


“Zirvə”yə dəvət alan partiyalarn bir araya gəlib-gəlməyəcəyi ilə bağlı gedən söhbətlərə gəlincə, İ.Ağazadə indidən bunu müzakirə etməyə ehtiyac olmadığını vurğulayıb:


“Hələ biz eyni masa arxasında əyləşməyi öyrənək, sonra danışacağıq görək hansı problemin həllində bir araya gəlmək mümkündür. Bir də əgər hər məsələdə bir araya gələ bilsəydik, onda elə bir dənə partiyada olardıq. Demək ki, bizi ayıran baxışlar, səbəblər var. Amma bu o demək deyil ki, biz elə bir-birimizə düşmən olmalıyıq. Bir-birimizi tənqid eləmişik deyə, bir masada oturmamalıyıq, düşmən olmalıyıq? Onda bunlar sabah hakimiyyətə gələndə ermənilərlə necə danışacaqlar. Axı beynəlxalq təşkilatların təkidi ilə eyni masa arxasında əyləşəcəklər. İndi niyə öz vətəndaşınla bir araya gəlib danışmırsan, ona aşağılayıcı baxırsan, orda “dağ yoxdu zirvəsi ola”, “bir-birini qəbul etməyənlər necə bir araya gələcək” ironiyası edirsən. Bu nə idbar yanaşmalardır. Mənim üçün 10 milyon vətəndaşın hər biri öz yerində dağdır. Mənə münasibətindən, peşəsinə münasibətindən və yaxud da bacarığından asılı olmayaraq”.


O ki, qaldı bu zirvənin hardasa partiyalar arasında yanlışlıqların umu-küsülülərin aradan qaldırılmasında nə dərəcədə rol oynamasına, İ.Ağazadə bildirib ki, siyasətçilər arasında umu-küsülərin olmasını düşünənlərin özünün siyasətdən xəbəri yoxdur. Onun fikrincə, siyasətdə rəqiblər var, bir dönəm tənqid edəcəksən, ümumi problemlərdə isə müttəfiq olacaqsan:


“Zirvə toplantısı” İsgəndər Həmidovun, Qurban Məmmədovun, İsa Sadıqovun təəşbbüsüdür. Nə olmasından asılı olmayaraq bu təşəbbüs birləşdirici məqsədi daşıyır. İqtidar da buna pis yanaşmamalıdır, birliyə gəlməyənlər də. Bizim birliyimiz ölkənin ziyanına deyil. Birliyimiz ölkəyə yalnız xeyir verə bilər. Əslində parçalanmağımız ölkəyə ziyan verə bilər. İqtidar da, müxalifət də, dəvəti qəbul etməyənlər də, vətəndaşlar da bunu bu cür qəbul etsinlər. Gəlməyənlər də papaqlarını qarşılarına qoyub düşünsünlər ki, İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır ki, deyir gəlin Azərbaycan məsələlərini müzakirə edək. Məndən xoşun gəlmir, ey vallah, axşam bizə qonaq gəlmə”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.