"Neftçi"nin futbolçusu: "FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır"

16-12-2018, 09:47           
"Neftçi"nin futbolçusu: "FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır"
“Rəqibin müdafiədən oynayacağını və və öz şansını gözləyəcəyini təxmin edirdik. Belə də oldu. Amma bu, bizim üçün bəhanə deyil. Özümüz uduzduq”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Kirilo Petrov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin evdə keçirdikləri ilk oyununda “Sumqayıt”a 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

Ukraynalı mərkəz müdafiəçisi bildirib ki, dekabrın 19-da keçiriləcək cavab görüşündə qələbə qazanmalıdırlar:

“Oyunçularla bir-birimizin gözünə baxmalı və nələri düz etmədiyimizi aydınlaşdırmalıyıq. Növbəti matçda bu rəqib üzərində qələbə qazanmalıyıq”.

Bu nəticədən sonra yarımfinala vəsiqə qazanacağınıza inanırsınız?

- Şanslar bərabər olaraq qalır. Futbol elə idman növüdür ki, növbəti oyunda nə olacağını bilmirsən. Xatırlayırsınızsa, ötən mövsüm səfərdə “Qələbə” üzərində qələbə qazansaq da, cavab qarşılaşmasında uduzduq və növbəti mərhələyə keçə bilmədik.

İlin yorğunçuluğu hiss olunurdu?

- Yorğun olduğumuzu deməzdim. Bu komanda ilə ötən həftə çempionatda qarşılaşmışdıq. Sadəcə, bu gün oyuna pis başladıq, ilk yarıda iki qol buraxdıq və nəticəni də gördünüz.

Komanda yoldaşınız Anton Krivotsyuk iki sarı vərəqə aldı və meydandan qovuldu. Təcrübəli bir futbolçu kimi bu cür hallarda ona məsləhət verirsiniz?

- Ona heç nə demədim. Çünki bu, emosiyalardır. Ola bilsin ki, Anton haqlı deyil idi. Amma FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır. İkincisi, rəqib futbolçu Aleksey İsayev qayda pozuntusu epizodunda özü “heç nə yox idi” deyib.

Bəlkə, “Neftçi” çempionluğa oynadığı üçün kuboka önəm vermir?

- Qətiyyən! Hər iki mükafatı qazanmaq istəyirik və belə bir fikri yaxına da buraxmırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.