Xilas yolu olmayanda qaçıb yazılarımda gizlənmişəm... - "Kürsü" layihəsinin növbəti qonağı İradə Tuncaydır
18-12-2018, 00:52
- İradə xanım, yadıma gəlir ki, on il əvvəl sizin yazılarınız həftədə üç, dörd bəzən beş dəfə çap olunurdu. Həm də böyük həcmli tarixi, siyasi, sosial, bədii effektli yazılar idi. Lakin getdikcə yazılarınızın sayı azaldı, mətnlərinizin həcmi kiçilib fraqmentləşdi. Bu gün İradə Tuncayın yazmamasının səbəbi nədir?
- Buna, yəqin ki, bir neçə rakursdan baxmaq lazımdır. İradə Tuncayın yaşı artdı. Əvvəl üstlənə biləcəyim yükə indi gücüm çatmır. Düzdür, təcrübəm çoxalıb, biliyim də öz yerindədir, amma onları yenidən bir müstəvidə birləşdirmək gücü və həvəsi qalmayıb. Həm də artıq hər şeyə ümid azalıb. Fikirləşirəm ki, yazdım, kimlərsə də mənim yazdıqlarımı oxudu. Nə olsun?! Mənim yazdıqlarımla nə dəyişir?! Yəni həmin yazıları oxuyub kimsə maariflənirsə, öz həyatında bəzi şeyləri dəyişirsə, o zaman yazmağa dəyər. Amma bu dediklərim yoxdur axı... Bütün hallarda, yəqin ki, yazmamağımın kökündəki əsas səbəb ümidsizlikdir...
- Bu gün bir çox ədəbiyyat adamı, gənc yazarlar, şairlər gözümüzün qarşısındaca jurnalistikanın içərisində əriyib gedir, mətnlər köşələşir, istedadlı insanlar jurnalistə, köşə yazarına çevrilir. Sizcə, nə etmək lazımdır ki, ədəbiyyatla jurnalistika, publisistika arasındakı balans itməsin?
- Belə deyək də, mənim bəzi imkanlarım var ki, məni köşə yazarı olmaqdan qoruyur. Yəni həyatın, məişətin bəzi qayğılarını çəkən insanın olması məni köşələşməkdən xilas edir. Amma köşələşmək, təbii ki, təkcə maddiyyatla bağlı deyil. Bu, həm də miqyas məsələsidir. Müəllif yazdıqlarının hara qədər gedib çıxmasını addım-addım hesablayandan sonra nə baş verdi sualı ilə qarşı-qarşıya qalır. Və məşğul olduğu işin hansı məna kəsb etməsi üzərində düşünməyə başlayır. İndi çoxlu həyat materialı olan dövrdə yaşayırıq. Amma bu həyat materiallarını böyük ədəbiyyata çevirə bilən adamlar azdır. Bu azlığın isə səbəbləri çoxdur. Cəmiyyətin içində böyük təbədüllatlar getdi, insanlar böyük eyforiyalara qapıldılar. Həmin eyforiyalardan yıxılmaların nəticələri çox ağır oldu. Mənə belə gəlir ki, bu yıxılmalara görə bu gün çoxumuz toparlanıb qalxa bilmirik.
- Bu balans qoruma məsələsində mütaliənin nə dərəcədə rolu var?
- Çox qəribədir ki, mən son vaxtlar hiss edirəm ki, yeni heç nə oxumaq istəmirəm. Köhnədən oxuduqlarımı təkrar oxuyuram. Yenidən Mixail Bulqakova, Edqar Poya qayıdıram. Sanki yeniləri oxumaqdan, onların mənə necə təsir etmələrindən qorxuram. Bir növ özümü qorumaq hissi, ehtiyatlılıq yaranıb. Amma sizə deyim ki, misal üçün, Den Braun detektiv ədəbiyyat sayılsa da, orda məlumat çoxluğu və mənə doğma gələn məqamlar var. Amma Koelyonu oxuya bilmədim.
- Bəs Orxan Pamuku?
- Pamuku sevə-sevə oxumuşam. O, mənim qəbul elədiyim klassik ədəbiyyat adamı anlayışına uyğun gələn müəllifdir. Amma Murakaminin əsərlərindən oxudum və qəbul etmədim. Onun ətrafında baş verənlər əsasən hay-küydən ibarətdir. Sən özün bu gün ədəbiyyatdakı krizisi hiss etmirsən? Görmürsən ki, Nobel mükafatını verməyə yazıçı tapmırlar. Baş verənlərin hamısı dünyəvi prosesdir və biz heç birimiz bundan kənarda qala bilmərik. İndi hər şey çox qloballaşıb. Əslində, bu qloballaşma həmişə olub. Sadəcə, bizə bildirməyiblər. Sovet dövründə bunun qarşısını kəsiblər ki, guya hər şey sovet tərkibində baş verirdi. Amma istər-istəməz bütün dünya prosesi bizə də təsir edirdi. Gəl, indi yadımıza salaq. Misal üçün, Çingiz Aytmatov bir sıra əsərlər yazmışdı. Onlar hamısı dünya ədəbiyyatının, Markesin təsiri ilə yazılmışdı. İndi biz Markes deyirik. Çünki Markesi bizə təqdim eləmişdilər, yedirtmişdilər. Bəlkə, ondan daha böyük yazıçılar vardı ki, biz onları tanımırdıq. Və Çingiz Aytmatov o əsərləri yazandan sonra bizim ədəbiyyatımızda həmin formada xeyli əsərlər yarandı. Yəni bunlar hamısı ümumi bir prosesin nəticələridir. Biz də həmin prosesin içərisində qaynayib, əriyib, bəzən də çıxdaş oluruq. Ədəbiyyatda belə halların olması mümkündür.
- Bayaq böyük ədəbiyyatın yarana bilməməsi problemindən danışdıq. Təkcə Qarabağ müharibəsini qeyd etsək kifayət edir ki, doğrudan da, son otuz ildə çox böyük hadisələr, siz deyən proseslər baş verdi. Amma ədəbiyyat yenə də seyrçi qaldı.
- Ədəbiyyatı bütün sahələrdən ayırmaq olmaz. Proses deyəndə ümumi prosesdən, cəmiyyətin tendensiyasından söhbət gedir. Buraya səhiyyə, təhsil, musiqi, rəssamlıq və digər sahələr də aiddir. Axı onlarda da inkişaf yoxdur. Biz öz yağımızda kənardaca qovruluruq. İstisna hallarda görürsən ki, elə yaxşı əsərləri də köhnədən yazıçı kimi qəbul etdiklərimiz yazırlar.
İstedadlı insanlarımız var. Amma mən miqyas amilini həmişə əsas tuturam. Miqyas çox vacib məsələdir. Hollivud filmlərinin dünyaya yayılmasının birinci səbəbi odur ki, Amerika qüdrətli dövlətdir. Və o, öz qüdrəti ilə bütün dünyaya basqı edir ki, onun istehsalı olan filmə baxsınlar. Çox biabırçı filmlər olsa belə, insanlar sakitcə həmin bazarı tutan filmlərə tamaşa edirlər. Bazar isə çoxlu pul vəd edir. Hər şeyin ən yaxşısı pul çox olan yerə axacaq.
Bilirsən, maraqlı olmaq üçün qüdrətli olmalısan. Bu mətbuatdakı imzadan tutmuş böyük dövlətlərin iş prinsipinə qədər belədir. Böyük dövlətlər kimin üzərinə əllərini qoyurlarsa, hamı da onunla maraqlanır. Bunlar hamısı bir-birilə qarşılıqlı gedir. Ədəbiyyatda da proseslər eyni ilə bu cür baş verir.
- İradə xanım, ədəbiyyat adamı evinin içərisində oturub yazaraq dünyaya çıxa bilərmi?
- Bu bir az mübahisəli məsələdir. Misal üçün, Mixail Şoloxov ömrü boyu bir xutorda yaşayaraq dünya əhəmiyyətli yazılar yazdı və Nobel mükafatı da aldı. Düzdür, bunun da öz siyasi çalarları vardı. Şoloxov bu mükafatı "Sakit Don" romanına görə almışdı. Bu roman da antisovet əsər sayıldığı üçün, vətəndaş müharibəsinin dəhşətli təsvirinə görə diqqəti cəlb etmişdi. Bu fakt da Şoloxovun Nobel almasına kömək etmişdi. Nobel mükafatı, eləcə də digər mükafatlar heç şübhəsiz ki, siyasi çalarları olan mükafatdır. Amma burda Şoloxovun istedadını danmaq olmaz.
- "Yorulmuş atları güllələyirlər" başlıqlı yazınız var. Niyəsə həmin yazı mənə teatrı, aktyorların yaşlandıqdan sonra gərəksiz olmalarını, gözəlliklərini itirmələrini, inzivaya çəkilərək ömrü tənha və kimsəsiz başa vurmalarını xatırladır...
- Ümumiyyitlə, təbiətə də nəzər salsaq görərik ki, yorğunluğun, sıradan çıxmağın ayrı nəticəsi yoxdur. Sonluq odur. Amma bütün dünyada belədir ki, aktrisalar ömrü boyu ancaq sənətin, gözəlliyin arxasınca qaçırlar. Bir gün də ayılırlar ki, qocalıblar. Və qocalığın gətirdiyi depressiyalarla, ruhi müvazinətin itməsi ilə mübarizə apara bilmirlər. Məşhur fransız aktrisası Sara Bernar, səhv etmirəmsə, altmış yaşında Janna Dark obrazını ifa etməli olur. Bu xəbəri eşidən Paris əhli bir-birinə dəyir, bir az da ironik yanaşırlar ki, 60 yaşlı Sara Bernar hara, on səkkiz yaşlı Janna Drak obrazı hara. Tamaşa başlananda Sara Bernar səhnəyə çıxır və deyir: Mənim on səkkiz yaşım var, mənim on səkkiz yaşım var. Həmin iki cümlə ilə o zalı susdurur və özünə inandırır. Yəni aktrisanın hansı yaşda olması çox şeyi həll etmir. Ola bilər ki, on səkkiz yaşda aktrisa səhnəyə çıxsın, amma heç kimin marağını cəlb etməsin. Elə bugünkü seriallarda nə qədər gənc aktrisalar var. Azərbaycan xalqı nə qədər istedadlı oldu ki, belə çox aktrisa da yetişdirdi. Vaxtilə yetişdirib. Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səfurə İbrahimova kimi aktrisalarımız olub. Amma bu qədər kütləvi halda yox. Misal üçün, elə Amaliya Pənahova həmişə cavan qadın obrazları ifa etdi. Öz aralarında intriqa, rəqabət olsa belə, bu aktrisalar yetişmişdi. O rəqabət də başa düşüləndir. Çünki aktrisa fağır olsa, səhnədə ona yer yoxdur.
- Rəqabət və intriqa olsa belə, istedad faktoru olmasa, yəqin ki, adlarını çəkdiyimiz aktrisalar bu qədər parlamazdılar...
- Əlbəttə. İstedad mütləqdir. Heç kim deyə bilməz ki, bu aktrisalar istedadsızdılar. Biz Amaliya Pənahovanı itirəndən sonra anlayırıq ki, nə qədər böyük sənətkarı itirmişik. Amma xüsusən gənclər böyük iddialara qapılırlar. Xarici ölkələrə üz tuturlar, pul tökürlər ki, dünyaya çıxsınlar, məşhur olsunlar. Olmayanda isə böyük məyusluq baş verir. Hərdən onların səpələdikləri pullara heyifim gəlir.
- Qadının məişətdən, mental düşüncədən, mühafizəkarlıqdan sıyrılıb yaradıcılıqla məşğul olması çox çətindir. Siz də yaradıcı insansınız və qadınsınız. Afaq Məsudun "Sərçələr" hekayəsindəki sərçələrə qoşulub getmək istəyiniz olubmu?
- Ümumiyyətlə, Afaq qadın olsa da çox kişilərdən cəsarətli yazıçıdır. Nə olsun ki, qadındır? Onun bir çox mətnləri ilk olub. Özü də cəsarətli ilklər olub. Afaq həmin yazıları yazanda qorxmayıb. Ona görə də Afaq Afaqdır. Kişi yazıçılarla birgə addımlayır. Amma onun kimi yazıçıların sayı çox deyil. Birincisi, balaca xalqıq. İkincisi də, hamı o riskə gedə bilmir. Afaq gedir.
- Amma sizin yazılarınızda da yenilənə bilməmək, çıxıb getmək, qaçmaq, bir müddətlik də olsa nələrdənsə xilas olmaq hissi həmişə nəzərə çarpıb...
- Mənə belə gəlir ki, mən indi dayandığım yerdə öz arealımı yaratmışam. Roman yazmasam da, yazdığım yazılarda romanlıq materiallar var. Bəlkə də, mən bəzən qaçıb elə yazılarımın içərisində gizlənmişəm. Və mənim qaçdığım yer elə ordadı. Mən həmişə sıxılmışam. Əvvəl ailəmin, atamın anamın, sonra yoldaşımın, indi oğlanlarımın basqısını hiss etmişəm. Mən indi baxıram ki, həyatım bitir, amma o basqılardan hələ də çıxa, xilas ola bilmirəm. Xilas yolu olmayanda qaçıb yazılarımda gizlənmişəm.
Çox istəyirəm ki, bioqrafik bir roman yazım. Yaşadığım müxtəlif dövrləri, həyatımı təsvir edim. Amma bir az ehtiyat, bir az qorxu imkan vermir bu yükün altına girməyə. Amma mənə elə gəlir ki, bu romanı yazmalıyam. Çünki o romanı mənim kimi heç kim yaza biməz.
- İradə xanım, "Sarı odalar", Yasamaldakı eviniz, süd rəngli qapınız, uşaqlığınızdakı vanil qoxusu, atanızın cavan yaşda xəstəliyə tutulması, onun çayına, şorbasına göz yaşınızı qarışdıraraq içirdiyiniz çətin günlərin sonralar həyat tərəfindən necə, nə cürsə müsbət mənada əvəzi oldu?
- Müsbət tərəfi odur ki, bu gün sən və digərləri mənimlə müsahib kimi söhbət edirlər. Yəni çox adam üçün İradə Tuncay maraqlı bir obrazdı. Həyatın mənə əvəzi ancaq bu şəkildə oldu. Başqa cür yox.
- Həyat qəddardı?
- Həyat çox qəddardı.
Söhbətləşdi: Samirə ƏŞRƏF
edebiyyatqazeti.az