“Rusiyanın əsas hədəfi Kipr deyil, Türkiyəni NATO-dan çıxarmaqdır” - politoloq Ahmet Sözen ilə EKSKLÜZİV MÜSAHİBƏ
23-12-2018, 11:41
Rusiyanın Yavru Vətən planı: Türk Kiprində nələr olur
Kipr adasının Şərqi Aralıqda çox mühüm strateji mövqedə yerləşməsi onu böyük güclərin hədəfinə çevirməkdədir. Bundan əlavə bölgədə aparılan hidrokarbon axtarışları Kiprin geo-stratejik və geo-ekonomik nöqteyi nəzərindən əhəmiyyətini ikiyə çıxarıb. Hər nə qədər Kipr (Yunan) hökuməti adanın hər zaman humanitar məqsədlər üçün xidmət göstərəcəyini bildirsə də, hazırda ABŞ-la yaxınlaşması münasibətlərin hərbi müstəviyə çıxarılması ehtimallarını gücləndirib.
ABŞ-ın adada hərbi baza quraraq, strateji mövqeyini gücləndirmək məqsədi daşıdığı iddia olunur. Moskva isə belə bir ehtimala qarşı açıq şəkildə bildirir ki, adanın ABŞ və yaxud NATO-ya tərəf çəkilərək hərbiləşdirilməsinə səssiz qalmayacaq və müvafiq tədbirləri görəcəkdir. Bütün bunlar ikiyə bölünərək idarə olunan və hələ də həll olunmayan Kipr konfliktinin davam etdiyi müddətdə adanın potensial güc savaşına çəkilməsi ehtimallarını gücləndirirmi? Bu və digər suallarımızı cavablandırmaq üçün musavat.com olaraq, Doğu Akdəniz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin başqanı, professor Ahmet Sözənlə müsahibə götürdük.
- Ahmet bəy, dekabrın əvvəllərində Rusiyanın mətbuat katibi Mariya Zaxarova Kipr dövlətinə təhdid mesajı göndərdi. Mariya Zaxarova çox açıq şəkildə bildirdi ki, Kreml ABŞ-nin Kiprdə hərbi baza qurmasına səssiz qalmayacaq və əgər belə bir plan həyata keçirələrsə müvafiq tədbirlər görüləcək. Moskvanın bu bəyənatını necə dəyərləndirirsiniz? Rusiya hansı tədbirləri həyata keçirə bilər?
- Rusiyanın hansı tədbirləri görə biləcəyini danışmadan əvvəl ABŞ-nin belə bir niyyətinin olub-olmamasını aydınlaşdırmalıyıq. İlk öncə qeyd edim ki, mən ABŞ-ın yaxın gələcəkdə Kiprdə hərbi baza quracağını düşünmürəm. Bu mənim şəxsi düşüncəmdir. Bundan əlavə burada digər məsələləri də nəzərə almaq lazımdır.
- Nə kimi məsələlər?
- Hərbi bazanın qurulması Kiprdə asan məsələ deyil. Buna qarşı leqal problemlər və ya maneələr, başqa sözlə desək leqal təsir vasitələri mövcuddur.
- Leqal problem və ya maneələr deyərkən hazırda adada bir de-yure və bir də de-fakto olmaqla, iki dövlətin mövcudluğunu nəzərdə tutursunuz?
- Xeyr. Bu sonuncu məsələdir. Leqal təsir vasitələri dedikdə Kiprin qurulması zamanı əldə edilən üç beynəlxalq müqavilədən söhbət gedir. 1960-cı ildə Kipr Respublikası üç beynəlxalq razılaşma əsasında qurulub: Quruluş Müqaviləsi, Zəmanət Müqaviləsi və digəri İttifaq Müqaviləsi. Bu razılaşmalara əsasən Kipr dövlətinin təhlükəsizliyini üç qarant dövlət təmin etməlidir: Böyük Britaniya, Yunanıstan və Türkiyə. Müqavilələrə görə Britaniya, Türkiyə və Yunanıstanın bir sıra hüquq və vəzifələri vardır.
Belə ki, İttifaq Müqaviləsinə əsasən Türkiyə və Yunanıstanın ardıcıl olaraq 650 və 950 sayda əsgərləri hərbi bazalarda ola bilərdi. Britaniyanın artıq hərbi bazası var idi. Bu hərbi bazalar leqal olub razılaşmalara əsasən yaradılıb. Bundan əlavə Zəmanət Sazişinə detaylı şəkildə baxıldıqda görünür ki, 3 qarant dövlət Kipr Respublikasının təhlükəsizliyini, ərazi bütövlüyünü, konstitusyon haqlarını qorumalıdırlar.
Bu isə onu deməyə əsas verir ki, əgər adada başqa hər hansı bir üçüncü dövlətin hərbi bazası açılacaqsa bu zaman üç qarant dövlətin razılığı alınmalıdır. Yəni ABŞ-ın qarşısında hərbi bazanı aça bilməsi üçün leqal maneələr və ya təsir vasitələri dedikdə bunlar durur. ABŞ isə onsuz da buradakı Britaniya hərbi bazasından lazım olduğunda istifadə edir. Buna görə də xüsusi hərbi baza yaratmasına ehtiyacı olduğu real görünmür.
- Lakin 2017-ci ildən Kipr və ABŞ arasında münasibətlərin dərinləşdiyi sezilməkdədir. Baxmayaraq ki, Kipr ABŞ-la hər hansı münasibətlərinin hərbi müstəviyə keçmədiyini vurğulasa da, keçən il Vaşinqtonda Kiprin hərbi attaşeliyi açıldı. Bu hərbi bazanın açıla bilmə ehtimalını qüvvətləndirirmi?
- Hərbi attaşenin olması hərbi bazanın açılacağını göstərən fakt deyil. Hər bir ölkənin hərbi attaşesinin başqa ölkədə olması haqqı var. Lakin kilometrlərcə uzaqlıqda hərbi bazanın qurulması çox mühüm və özündə bir sıra tədbirlərin görülməsini tələb edən məsələdir.
- Məsələyə başqa çərçivədən yanaşsaq, yəni Kipri NATO-ya üzv etməklə hərbi baza qurmaq planlaşdırılırsa onda necə? Bu isə aydın məsələdir ki, Kipr konfliktini həlli etmədən mümkün deyil. Kreml artıq narahatlığını dilə gətiribsə belə bir ehtimal varmı?
- Gəlin təsəvvür edək ki, Kipr məsələsi həll olunub və ada birləşib, xüsusən də son danışıqlarda gedən məsələlər əsasında bu, baş verib. Quatteres danışıqlarını nəzərdə tuturam. Bu danışıqlara əsasən Kipr federativ və iki icmadan ibarət idarəetmə şəklində yenidən birləşəcək. Quaterresə görə üç dövlətin qarant olma hüququ ləğv ediləcək və adada yeni təhlükəsizlik sistemi qurulacaq. Xüsusən, Türkiyənin bu vasitə ilə hərbi hissələrinin çəkilməsi şərti var. Bu isə o demək deyildir ki, Amerika qarant sisteminə daxil ediləcək və yaxud adanın təhlükəsizliyi NATO adı altında təmin ediləcək.
- Əgər Yunan hökumətinin dediyi kimi, problem Kiprin yenidən birləşməsi formatında həll olunacaqsa, bu zaman Birləşmiş Kiprin NATO-ya üzv olması mümkündürmü?
- Bu barədə müzakirə də gedir. Bilirəm ki, nə yunan, nə də türk Kipri buna etiraz etməz. Xüsusən də yunan tərəfi. Lakin Yunan Kiprində də bir sıra siyasi qruplar vardır ki, buna qarşıdır. Kommunist partiyası AKEL qəti şəkildə buna qarşıdır. Eyni zamanda daxili etiraz da vardır. Bundan əlavə solçu yunanlar da adanın hər hansı bir hərbi ittifaqa daxil olmasına qarşıdır.
- Səbəb?
- Çünki onlar belə düşünür ki, bu Kipr üçün hərbi baxımdan problemlərə səbəb olacaq. Artıq hər iki tərəfdə buna qarşı çıxanlar var. Bunları göz önundə bulunduraraq NATO-ya üzvlük məsələsinin real olmadığı qənaətindəyəm. Ən azından, yaxın gələcəkdə belə bir ehtimal görülmür. Bundan əlavə, 1977-ci ildə Denktaşla Makarius arasındakı razılaşmada çox açıq şəkildə qeyd edilib ki, Kipr hər hansı hərbi ittifaqa üzv olmayacaq. Əlbəttə, hal-hazırda bölgədə bir sıra geopolitik dəyişikliklər gedir. Bir gün bu konflikt həllini taparsa, Kiprin Şimal Alyansına daxil olması üçün əsaslı danışıqların aparılması tələb olunur.
- Kipr konfliktinin həll olunması barizdir ki, Rusiyanın bölgədəki maraqlarına ziddir ve onun geopolitik və geo-ekonomik maraqları ilə toqquşur. Karbo-hidrogen axtarışları müsbət nəticələr verərsə, Kipr Rusiya üçün enerji rəqibinə də çevrilə bilər. Amma Yunan Kiprinin nədənsə Rusiyadan ümidli olduğunu görülməkdədir. Prezident AnastasiadesRusiya Xarici İşlər Naziri Sergey Lavrovdan Türkiyə ilə danışmasını xahiş edib. Lavrov da öv növbəsində Mövlud Çavuşoğlu ile danışıdığını qeyd edib. Rusiya müzakirələrdə müsbət rol oynaya bilərmi?
- Rusiyanın dediyiniz kimi Kipr məsələsinin həllindəki yanaşması bəllidir. Xüsusilə də bölgədə son zamanlar aparılan təbii ehtiyatlar axtarışları nəticə verərsə bu, Rusiyaya qaz ixrac edən rəqib və Avropa üçün alternativ enerji mənbəyi yaradacaq. Rusiya əlində tutduğu və təsir vasitəsi kimi istifadə etdiyi enerji ehtiyatlarına rəqib görmək istəmir. Bu baxımdan təbii olaraq Rusiyanın Kipr məsələsinin həllində müsbət rol oynaya bilməsi yanlışdır. Kreml qapalıqapı diplomatiyası ilə konfliktin həll olunmamasına təsir etməkdədir. Rusiyanın birinci strategiyası Kiprin NATO-ya üzv olması deyil, Kiprin yenidən bir dövlət olmasının qarşını almaqdır. Onu da qeyd etməliyəm ki, müzakirələrin nəticəsiz qalması Rusiyanın buna qarşı olduğu üçün deyil.
- Rusiya-Türkiyə yaxınlaşmasını necə dəyərləndirirsiniz bu məsələ içərisində? Son zamanlar iki ölkə arasında bir sıra sferada, o cümlədən hərbi sferada razılaşmalar əldə olunub. Rusiya Türkiyəyə S-400 silahları satıb və 2019-cu ildə satış həyata keçiriləcək. Bu yaxınlaşmaya da Yunan Kipri narahatlığını dilə gətirdi. ABŞ da bu yaxınlaşmadan və silah alış-verişindən narazıdır və satışı durdurmağa çalışır. Rusiyanın Türkiyə ilə yaxınlaşması Kipr konfliktini daha da çıxmaza sala bilərmi?
- Bu çox mürəkkəb məsələdir. Türkiyə-Rusiya yaxınlaşmasında Kipr məsələsi kiçik detaldır. Burada Rusiyanın ambisiyası daha böyükdür. Rusiyanın əsl hədəfi Kipr deyil, Türkiyəni NATO-dan çıxarmaqdır. Moskva Türkiyəni Qərbdən uzaqlaşdırmaq niyyətindədir. Kipr ikinci dərəcəli hədəfdir. Əgər Rusiya bu hədəfinə çatarsa, yəni Türkiyəni NATO-dan çıxara bilərsə bu onun üçün böyük uğur olar. Bu mümkündürmü? Yox. Ən azından yaxın gələcəkdə Türkiyənin Qərb düşərgəsindən çıxıb Rusiya ilə ikitərəfli ittifaqa gedəcəyi və xüsusilə hərbi ittifaqa girəcəyini düşünmürəm. Türkiyənin Ruisyadan silah almasına gəlincə, Türkiyənin havadan müdafiə sisteminə ehtiyacı var və bunu da ABŞ ona satmır. Ankara da bunu əsas tutaraq “sən satmırsansa, başqa satacaq taparıq” oyunu ilə silahları alır. Türkiyə Rusiyadan silah alan yeganə NATO dövləti deyil. Məsələn, Yunanıstan da Rusiyadan S-300 alıb. Eyni zamanda əvvəllər Sovet İttifaqının peyk ölkələri olan, indi isə NATO üzvü olan ölkələrin belə bir təcrübəsi var.
- Bölgədə gedən geopolitik proseslərə baxılarsa, Kipr ABŞ və Rusiya arasında potensial konflikt zonasına çevrilə bilərmi?
- Yaxın Şərqdə şahid olduğumuz hadisələrin və Kiprin bölgədə potensial münaqişə ocağına çevrilməsi ehtimalı azdır. Əlbəttə Şərqi Aralıqda hidro karbon ehtiyatlarının araşdırılması gərginlik yaradır. Hal-hazırda qazıntılar ABŞ, Qətərə məxsus şirkətlər tərəfindən aparılmaqdadır. ABŞ super gücdür. Qətər Türkiyənin dost ölkəsidir. Məlumdur ki, əgər gərginlik varsa risk də var. Əgər bu şirkətlərin qazıntı işlərini ölkələr hərbi gəmilərlə müşayiət edərsə, konfliktə səbəb olar.
- Başqa bir məsələ, rusların adada məskunlaşması faktından da danışmaq istərdim. 2013-cü ildən bu adaya ruslar axın etməyə başladı, həm cənuba, həm də şimala. Rusların ev, torpaq alması və iş qurması nəticəsində Yunan Kiprinin ÜDM-si 20% artıb. Bu sayədə cənuba Rusiya tərəfindən qoyulan investisiya dəyəri 4 milyard avro təşkil edir. Rusiya Kiprin ikinci turizm mənbəyidir. Ruslar nəinki oturma icazəsi, həmçinin vətəndaşlıq da alırlar. 2017-ci ildə 1000 Rusiya vətəndaşına Kipr vətəndaşlığı verilib. Rusların burada yerləşməsi yaxın gələcəkdə olmasa da, uzaq gələcəkdə adaya qarşı Kremlin siyasi təsir vasitəsinə çevrilməyəcəkmi?
- Rusların burada yerləşməsinin ada üçün təhlükə doğuracağını düşünmürəm. Pasport da alsalar, təhlükə olmaz. Əgər sayları 100 mini keçərsə, bəlkə də bu, ola bilər, lakin hazırda bu rəqəm təhlükə törədəcək həddə deyil.
- Yəni, Rusiyanın imperalist niyyətlərinin olduğunu düşünmürsünüz?
- Xeyr, düşünmürəm. Kipr Rusiya üçün postsovet məkanı deyil. Rusiyanın belə bir planın olacağı isə ağlabatan görünmür.
Aybəniz Hüseyn, musavat.com