“Bu muxtariyyət bizə itkilərlə başa gələcəksə, lazım deyil” – TARİXÇİ ALİM
6-02-2019, 12:25
Müsahibimiz BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru, antropoloq Kərəm Məmmədovdur.
-Kərəm müəllim, bu günkü söhbətimizi son günlər kifayət qədər ictimai rezonansa səbəb olmuş bir hadisə ətrafında qurmaq istəyirəm. Bilirsiniz ki, bu yaxınlarda Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər, Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın fəal iştirakçılarından olmuş Mixail Avakyanın büstünün təntənəli açılışını ediblər və bu da təbii ki, Gürcüstanın azərbaycanlı əhalisinin kəskin etirazlarına səbəb olub. Həm də bu etirazlar getdikcə artmaqdadır və artıq baş verənlərin müzakirəsi nəinki sadəcə Cavaxetiyanın, həmçinin Gürcüstanın da sərhədlərindən çox uzaqlarda aparılır. Lakin əsas mövzuya keçməzdən əvvəl, yaxşı olardı ki, bu gün gedən prosesləri şərtləndirən müəyyən tarixi hadisələr barədə bir qədər danışardınız. Başqa sözlə, istərdim ki, sizin köməyinizlə oxucularımızı Qafqaz üzrə qısa bir tarixi ekskursiyaya dəvət edək.
- Qafqaz - Pireney, Apennin, Balkan və digər bölgələr kimi hələ çox qədim zamanlardan Avrasiyanın əsas kilid nöqtələrindən biri olmuşdur. Bu bölgə hətta antropoidlərin Yer kürəsinə yayılması zamanı mühüm antropogenez zonası sayılır. Bunu 1947-ci ilə qədər Başkeçid adlandırılan Dmanisi rayonundan aşkar edilən ən qədim insan qalıqları da sübut edir.
Hələ qədim dövrlərdən bəri Avropa ilə Avrasiyanın qovuşduğu Qafqazda hökmranlıq uğrunda bir çox dövlətlər - Əhəmənilər, makedoniyalılar, Parfiya, Roma, Sasanilər,ərəblər uzunsürən müharibələr aparsalar da, bu mübarizədə həmişə Türklər (iskitlər, buntürklər, hunlar, barsillər, savirlər, xəzərlər, oğuzlar, qıpçaqlar) həlledici və hərəkətverici rol oynamışlar. Tarixi mənbələrdən məlum olur ki, erkən orta əsrlərdə Qafqazda Sasaniləri dalbadal məğlub etmiş Bizansın möhkəmlənməsinin qarşısını barsil-savir, Konstantinopolun divarlarına qədər gedib çıxmış Sasanilərin geri oturdulmasında isə göytürk-xəzər orduları həlledici rol oynadılar. Dövrünün ən qüdrətli dövlətlərindən olan Xilafət Qafqazda möhkəmlənmək uğrunda xəzərlərlə 100 ilə yaxın mübarizə aparmalı olmuşdur.
Təbiət Qafqazı Böyük Qafqaz sıra dağları olmaqla Şimala və Cənuba ayırır. Qafqazın bu iki hissəsi arasında iki təbii keçid mövcud olmuşdur : bunlardan biri Qara dəniz sahillərindəki düzənlikdən, ikincisi Daryal, üçüncüsü isə Xəzər dənizi sahillərindəki Dərbənd keçidləri. Qafqaza nəzarət əsasən bu keçidlərə nəzarət edən dövlətin əlində olmuşdur. SSRİ dağıldıqdan sonra Dərbənd Rusiya hakimiyyəti altında qalsa da, Qafqazın digər iki keçid məntəqəsi de-yure Gürcüstana məxsus idi. Lakin Abxaziya və Cənubi Osetiya üzərində faktiki nəzarət həm də bu keçidlərin Rusiyanın əlinə keçməsi demək idi.
Təbii-coğrafi şərait həm də siyasi baxımdan Qafqazı sözün əsil mənasında "Bermud üçbucağı”na çevirmişdir. Əgər erkən orta əsrlərdə bu üçbucağın bucaqları şimalda Türklər (Göytürk xaqanlığı,Xəzər xaqanlığı), qərbdə (Roma, Şərqi Roma, Bizans), cənubda (Sasanilər, Ərəb xilafəti) isə, sonradan orta əsrlərdə həm bu bucaqların adları, həm də mahiyyəti dəyişməsi baş verdi : XIII-XIV yüzilliklərdə şimalda və cənubda Qafqaz uğrunda qanlı müharibələr aparan, eyni kökdən olan monqol-türk (Qızıl Ordu, Elxanilər), qərbdə zəifləyərək, artıq Qafqaza müdaxilə etmək gücündə olmayan Bizans dövlətləri; XV-XVIII yüzilliklərdə qərbdə və şərqdə Qafqaz uğrunda yüz illərlə davam etmiş savaşlar aparan, eyni kökdən - Oğuz Türklərindən olan (Ağqoyunlu-Səfəvi və Osmanlı), şimalda isə Qızıl Ordunun parçalanması nəticəsində yaranan xırda türk xanlıqları və XVI yüzillikdə buranı işğal etmiş Rus dövləti.
Oxucularımızı tarixi təfərrüatlarla çox yormadan, birbaşa XIX əsrə keçmək istərdim. Həmin dövrdə də Qafqaz uğrunda mübarizə şərti üçbucaq daxilində gedirdi. Yalnız bu dəfə artıq qərbdə Osmanlı, cənubda Qacarlar dövləti və şimalda isə Rusiya yer almışdılar. Sanki üçbucaq daxilində bir yerdəyişmə baş vermişdi. Beləliklə də, bu üç qüvvə arasında Qafqaz uğrunda gedən mübarizə məhz XIX əsrin əvvələrindən xüsusilə gərginləşir və açıq müharibə formasına keçir. 1804-1813-cü illərdə baş vermiş 1-ci və 1826-1828-ci illərdə baş vermiş 2-ci Rusiya-İran müharibələrinin nəticəsi olaraq Cənubi Qafqazın böyük bir hissəsi, o cümlədən Şimali Azərbaycan torpaqları Rusiyanın tabeliyinə keçir. Digər tərəfdən də, 1806-1812-ci və 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibələri baş verir ki, bu müharibələrin də nəticəsində Ahıska paşalığı yəni, Cənubi Qafqaz artıq tamamilə Rusiyanın nəzarətinə keçir. Rusiyanın Cənubi Qafqazı Türk xanədanlarından qopartmalarını nəzərə alsaq, onun işğal etdiyi ərazilərdə əsas əzmək istədiyi etnos türklər idi. Buna görə də Cənubi Qafqazda Rusiyanın hökmranlığı Türklərin ya əzilməsi, ya da öz torpaqlarından zorla qovulması ilə müşayiət olunurdu. Təbii ki, boşalan torpaqlarda kimləri isə məskunlaşdırmaq lazım idi. İlkin plana görə bu, aysorlar (assuriyalılar – red.) olmalı idilər. Lakin onların sayları çox az idi və boşalan torpaqları tam məskunlaşdırmaq üçün kifayət etmirdi. Buna görə də, sonradan həmin torpaqlarda erməniləri, başqa sözlə hayları yerləşdirmək qərara alındı. Beləliklə 90 min nəfər Osmanlı və 40 min nəfər erməni isə Qacarlar dövlətinin ərazisindən Cənubi Qafqaza köçürüldü. Rus məmuru N.Şavrovun etirafına görə XX yüzilliyin əvvəllərində Cənubi Qafqazda məskunlaşdırılan 1 milyon 300 min erməni əhalisinin 1 milyondan çoxu ruslar tərəfindən məskunlaşdırılmışdı.
Köçürülən ermənilər İrəvan,Qarabağ,Naxçıvan,Borçalı (daha çox Loru adlandırılan cənub hissəsi ) və keçmiş Ahıska paşalığının (indiki Samsxe-Cavaxeti) ərazisində yerşləşdirildi.
-Dediyiniz bu layihə bilavasitə ermənilərin Qafqaza köçürülməsi ərəfəsində hazırlanmışdı, yoxsa bu, daha əvvəldən planlaşdırılmış bir gediş idi?
- Ermənilərin Rus dövləti ilə ilk əlaqələri Volqaboyunun ruslar tərəfindən işğalı nəticəsində yaranmış və tez-tez rus çarlarının saraylarına təşrif buyuraraq, "müsəlmanlar tərəfindən”sıxışdırılmaqları ilə bağlı şikayətləri ilə müşayiət olunmuşdu. Xəzər sahillərinə yürüş zamanı 10 oktyabr 1724-cü ildə I Pyotr hətta ermənilər haqqında xüsusi qərar qəbul edərək, onların Azərbaycanın Xəzərsahili vilayətlərinə köçürülməsi haqqında layihə hazırlatmışdı.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi məsələsində erməni din xadimləri İsrail Ori, Nerses Aştaraketsi və d. xüsusilə canfəşanlıq etmişdilər. Ermənilərin indiki Gürcüstan ərazisinə yerləşdirilməsi sonradan gürcü atalar sözünə çevriımiş və İlya Çavçavadze tərəfindən bu cür ifadə olunmuşdu : "movida somexi, moytana sxva mexi”(erməni,gəldi,özü ilə bəla gətirdi). Bu ilk "qaranquşlar” 1807-1808-ci ildə Tiflis kənarındakı Avlabara (1906 nəfər), 1809-11-cu illərdə (2140 nəfər) köçürüldü. Köçürülmə işinə bilavasitə erməni general Lazaryan rəhbərlik edirdi. Bu və sonrakı illərdə ermənilər rus müstəmələkəçiləri tərəfindən sıxışdırılaraq öz yurdlarından didrəgin salınan Ahıska türklərinin və abxazların torpaqlarında yerləşdirildi. 3 dekabr 1929-cu ildə general Paskeviç ermənilərin Cənubi Qafqaza sistemli şəkildə köçürülmələri ilə bağlı Xüsusi Komitə təşkil etmişdi. Bu komitənin hesabatından məlum olur ki, bu illərdə Gürcüstana 8 min ailə (təxminən 40 min nəfər) köçürülmüşdü. Sual oluna bilər ki,əgər ruslar erməniləri belə çox sevirdisə nəyə görə Rusiya ərazisinə erməniləri,Qafqaz ərazisinə isə rusları köçürmürdü? Ermənilərə yaxından bələd olan, və onlar tərəfindən "ermənilərin havadarları adlandırılan” A.S. Qriboyedov (polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomatı, 1818-1821-ci illərdə İranda rus missiyasının katibi – red.) bu layihəyə münasibət bildirərək demişdi : " Əlahəzrət, ermənilərə Rusiyanın mərkəz hissəsində yerləşmələrinə icazə verməyin. Onlar elə tayfadandırlar ki, on ildən sonra dünyaya səs salacaqlar ki, bu torpaqlar onlara əcdadlarından miras qalıb.”
Bu gün Qriboyedovun dedikləri artıq tam təsdiqini tapıb. Xatırlayırsınızsa, keçən əsrin sonlarında ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başlayanda,1988-ci ildə onların törətdikləri ilk təxribatlardan biri də üzərində ermənicə "Marağa-150” yazılmış abidənin partladılması olmuşdu. Hansı ki, bu abidə1978-ci ildə Ağdərə rayonunun Marağa kəndində İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə ucaldılmışdı.
Beləliklə, XIX əsrin 20-ci, 30-cu illərində Cənubi Qafqazda ermənilər yerləşdirilir və onların sayı kütləvi şəkildə artırılır. Həm də bu artımı təmin etmək üçün çar Rusiyası erməni köçkünlərini, başqa sözlə desək qaxdağanları bütün vergilərdən azad edir, onlara ən yaxşı torpaqları verirdi. Buna isə, nə azərbaycanlılar, nə də gürcülər etiraz edə bilmirdilər. Bunu da qeyd edim ki, o zamanlar həmin ərazilərdə gürcülər sayca çox az idilər.
O zaman Rusiya Qafqazda yürütdüyü siyasəti, daha dəqiq desək Qafqazın işğalını əslində qədim Romaya məxsus olan "parçala və hökm sür” prinsipi əsasında həyata keçirmişdi. Bu prinsip nədən ibarət idi?
1801-ci ildə Qafqazdakı rus ordusuna komandanlıq bir tərəfi gürcü olan Sisianova tapşırıldı. Birmənalı olaraq, Cənubi Qafqazın, Azərbaycanın işğalı Tiflisin dəstəyi ilə həyata keçirildi. Kür çayının hər iki sahili boyunca – yuxarıda Car-Balakən – aşağıda Gəncə, Şəki – Qarabağ, Şirvan - Lənkəran və bu minvalla Şimali Azərbaycan işğal edildi. Hərçənd Bakıda Sisianov öz layiq olduğu cəzasını nəhayət ki, aldı (Gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Pavel Dmitriyeviç Sisianov (gürc. Pavle Dmitris dze Sisişvili) 1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində Aslan bəy tərəfindən öldürülüb – red.).Lakin bundan az müddət sonra ruslar şimaldan feldmarşal Qlazenapın komandanlığı altında yenidən Azərbaycana qoşun yeritdilər və bu dəfə artıq Bakı da işğal edildi. Dediyim kimi, Azərbaycanın işğalında Rusiya Gürcüstandan platsdarm kimi istifadə etdi. Lakin Gürcüstan özü bundan demək olar ki, heç bir fayda əldə etmədi. Bir məqamı da qeyd edim ki, o dövrdə Gürcüstan deyilən məfhum yox idi. Həmin ərazilərdə Kartli-Kaxetiya çarlığı, Meqreliya knyazlığı, İmeretiya və daha bir neçə kiçik knyazlıqlar var idi. Azərbaycanlılarla gürcülər arasında tarixən elə bir ciddi savaş yaşanmamasına rəğmən, Azərbaycana hücumlar üçün əsas baza kimi mərkəzi Tiflis olan Kartli-Kaxetiyanı seçdilər
Beləliklə, bütün bu işğal və müharibələrin nəticəsində Cənubi Qafqaza qaxdağanların (erməni qaçqınları) köçürülməsi baş tutur və bununla da Rusiya imperiysı bütün Qafqazda sanki uzaqdan komanda ilə idarə olunan bir bomba mexanizmi əldə edir. Yalnız fərq bircə bundadır ki, bombanı sadəcə bir dəfə istifadə etmək olarsa, erməniləri Rusiya istədiyi zaman və istədiyi qədər aktivləşdirib, sonra növbəti istifadəyə kimi "söndürə” bilir. Məsələn, 1905-1907-ci illərdə Cənubi Qafqazda inqilabi hərəkat başlayan kimi Rusiya həmin mexanizmin vasitəsilə "erməni-müsəlman davası” deyilən bir savaş başlatdı. Eynilə birinci dünya müharibəsinin gedişində də Rusiya ermənilərdən Osmanlı ərazisində istifadə etmişdi. Bu gün bəzi tarixçilər və dövlətlər Osmanlını təhcir haqqında qanun qəbul etdiyinə görə qınayırlar. Yəni ermənilərin Anadoludan Osmanlının ona məxsus olan başqa bir əraziyə, Suriyaya köçürməsini dünyaya bir faciə kimi təqdim edirlər. Bu zaman sual olunur, bəs onda niyə digər xalqların və millətlərin hətta öz tarixi torpaqlarından belə köçürülmələri faciə kimi qəbul olunmur? Məsələn, götürək elə Krım tatarlarını, və yaxud da Axska türklərini, çeçenləri, inquşları, karaçayları, balkarları. Bəs bu xalqların sovet Rusiyası tərəfindən sürgün edilmələrinə nə ad verək? Deməli bu hərəkətlər də soyqırımıdır. Əgər Rusiya Osmanlıda baş verənləri soyqırımı kimi tanıyırsa, bu zaman Türkiyə də Rusiyanın sadaladığım xalqlara qarşı hərəkətini soyqırımı kimi tanımalıdır. Yeri gəlmişkən, Gürcüstan müstəqillik əldə etdikdən sonra çərkəz soyqırımını tanıdı. Həqiqətən də bu xalq çar Rusiyası tərəfindən əsil soyqırımına məruz qoyulmuşdu. Bəzi Qafqaz xalqları isə, o zaman ümumiyyətlə yox edilmişdilər. Məsələn, bu gün yer üzündən ubıx,natuxay adlı xalq tamamilə silinmişlər. Ruslar özləri də etiraf edirlər ki, onlar Qafqazın işğalında "yandırılmış torpaq” taktikasından istifadə ediblər. Çərkəz tarixində isə, həmin hadisələri mühacirlik dövrü adlandırırlar. O zaman xalqın sağ qalan hissəsi özünü çox çətinliklə Osmanlıya çatdıra bilmişdi. Bir də sual edirəm, niyə bütün bu xalqlara qarşı törədilən cinayətlərin soyqırımı kimi tanınması barədə kimsə məsələ qaldırmır? Yoxsa ermənilər digər millətlərdən fərqli olaraq, xüsusi imtiyazlara malikdirlər? Niyə 1918-ci ildə rus zabiti general Lyaxovun 120 min acardan 80 minini qətlə yetirməsi soyqırım kimi tanınmır?
Sonrakı dövrlərdə də Rusiyanın Qafqaza qarşı siyasəti dəyişilməz qaldı. Artıq çar hökuməti devriləndən sonra, Müvəqqəti hökumət Cənubi Qafqazı əldən verməmək üçün IV Dumanın bu regiondan olan deputatlarından ibarət xüsusi komitə yaradır və həmin komitə Cənubi Qafqazı idarə etmək üçün gəlib Tiflisdə yerləşir. Lakin bu hakimiyyət də uzun sürmür. Bildiyimiz kimi, Oktyabr inqilabı nəticəsində Rusiyada hakimiyyət artıq bolşeviklərin əlinə keçir. Bununla sözü gedən komitənin də səlahiyyətləri sona yetir və həmin tarixi anda Cənubi Qafqazda müstəqil dövlətlərin elan olunması üçün əlverişli şərait yaranır.
Bu zaman Rusiya yenə də erməni kartından istifadə edir. Çox maraqlıdır ki, Rusiyanın özündə vətəndaş müharibəsi getdiyi bir dövrdə də ermənilər bir tərəfdən bolşeviklərlə, digər tərəfdən isə sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparan "ağlar”la eyni "səmimiyyətlə” danışıqlar aparıb, razılığa gəlib əməkdaşlıq edə bilirdilər. Məsələn, Azərbaycanla Gürcüstan Denikinə qarşı öz aralarında hərbi ittifaq bağlayanda, ermənilərin "Ararat respublikası” nın nümayəndələri Denikinlə danışıqlar aparırdı. Və yaxud, bolşevik təhlükəsi qarşısında yenə də Azərbaycanla Gürcüstan danışıqlar aparanda Mikoyan və bir çox digər erməni təmsilçiləri bolşeviklərin yanında aktiv fəaliyyət göstərməkdə idilər.
Lakin Cənubi Qafqazın işğalının bolşevik variantında sovet Rusiyası artıq bilavasitə Azərbaycandan istifadə edə bildi. Belə ki, 1920-ci il aprel ayının 28-də Cənubi Qafqaza yeridilən ordunun başında Nəriman Nərimanov durmuşdu. Bu dəfə Cənubi Qafqazın işğalı məhz Azərbaycan vasitəsilə həyata keçirildi. Lakin bu ssenarinin də reallaşmasında ermənilər əsas rol oynadılar. Bunu görmək üçün hadisələrin gedişinə bir daha nəzər salaq. Dediyimiz kimi, Ararat respublikası eyni zamanda həm Gürcüstanla, həm də Azərbaycanla müharibə aparırdı. Ermənilərin Gürcüstanla savaşından ingilislər məharətlə istifadə etdilər və bu savaşın nəticəsi olaraq, Borçalı üç hissəyə parçalandı. Bir hissə Ararat respublikasının tərkibinə verildi, şimal ərazilər Gürcüstana keçdi, mis və qızıl yataqları ilə zəngin olan mərkəzi hissə, Allahverdi deyilən ərazi isə guya ki, neytral zona elan olundu. Amma əslində, həmin ərazidə ingilislər aktiv şəkildə mis və qızıl çıxarmaqla məşğul idilər. Halbuki, həmin dövrdə o torpaqların əsas əhalisi azərbaycanlılar idilər və onlar dəfələrlə Azərbaycana birləşmək haqqında kənd icmaları halında qərarlar çıxartmışdılar. Müraciətlərdən birində borçalılar Osmanlı sultanından Borçalının ya Azərbaycan tərkibinə verilməsini,ya Osmanlıya qatılmasını, yaxud da ayrıca Borçalı-Qarapapaq dövləti kimi müstəqilliyinin tanınmasını istəmişdilər. Erməni-gürcü müharibəsi dövründə Borçalıdakı soydaşlarının sıxışdırılmasına qarşı Azərbaycan hökuməti dəfələrlə öz etirazını bildirmişdi. Borçalı türklərinin liderlərindən olan Emin ağa Acalov öz soydaşlarının istiqlalının tanınması üçün hətta uzaq Yaponiya imperatoru Yesixitoya müraciət etmişdi.
Daxildəki vətəndaş müharibəsindən qalib çıxan bolşeviklər keçmiş çar Rusiyasının sərhədlərini bərpa etmək üçün şimaldan Azərbaycana daxil oldu. Faktiki olaraq, həmin vaxt bizim şimal sərhədlərimiz tam nəzarətsiz idi. Çünki Azərbaycan ordusu bir tərəfdən Qarabağda başlamış erməni qiyamını yatırmağa, digər tərəfdən də Zəngəzur uğrunda gedən döyüşlərə cəlb olunmuşdu. Məhz bu yolla Rusiya növbəti dəfə erməni kartından yararlandı.
Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti bolşeviklərə təhvil verərkən belə bir razılaşma əldə olunmuşdu ki, Azərbaycan ordusuna toxunulmayacaq və şimaldan gələn XI qızıl ordu dəmir yolu vasitəsilə Anadoluya yollanaraq, orada Mustafa Kamal Atatürkə kömək edəcək. Lakin Bakının işğalından sonra sovet ordusu Azərbaycanın digər bölgələrinin işğalına başladı. Buna qarşı hətta Gəncədə, Qarabağda, Zaqatalada, Lənkəranda və digər yerlərdə də üsyanlar qalxmışdı Heç bir səlahiyyəti olmayan Sovet Rusiyası Azərbaycan sovet respublikası adından ermənilərlə atəşkəs imzalayaraq, Zəngəzurun qərbini onlara verdi.
-Hər halda bolşevik Rusiyasının bu ərməğanı erməniləri xeyli stimullaşdırmışdı. Hətta onlar artıq ekstaz vəziyyətində Türkiyə topaqlarını da işğal etmək üçün hərəkətə keçmişdilər...
-Tamamilə doğrudur. Həmin vaxt Türkiyənin özündə də ikihakimiyyətlilik hökm sürürdü : bir tərəfdə Osmanlı sultanı, digər tərəfdə Böyük Millət Məclisi. Ermənilər də məhz bu savaş səbəbilə Türkiyənin zəiflədiyinə ümid edərək və eyni zamanda, sizin də düzgün vurğuladığınız kimi, şərqdə əldə etdikləri asan qələbədən ruhlanaraq "Böyük Ermənistan” uğrunda fəaliyyətə girişdilər. Lakin Kazım Qara Bəkir paşa erməniləri tez bir zamanda geri oturtdu. Az sonra Türkiyə Böyük Millət Məclisi ilə Ararat respublikası arasında Gümrü müqaviləsi imzalandı və həmin müqavilənin şərtlərinə görə, bu qondarma respublikanın tərkibində İrəvan və onun ətrafında bir neçə kənd qaldı. Qalan digər bütün ərazilərsə Türkiyənin nəzarəti altına keçirdi.
Belə vəziyyətdə ermənilər yenə də ruslardan istifadə etdilər. Təsəvvür edin ki, Gümrü müqaviləsi bağlanan ərəfədə elan edilir ki, sən demə, noyabrın 29-da ermənistanda sovet hökuməti qurulub. Bununla da Gümrü müqaviləsi qüvvədən düşmüş olur. Ermənilər isə, artıq bolşeviklərin simasında yenidən Rusiya kimi güclü müttəfiq əldə edirlər.
Digər tərəfdən, sovet Rusiyasının o zaman müstəqilliyini tanıdığı yeganə Cənubi Qafqaz respublikası Gürcüstan idi. Doğrudur, buna qədər Qara dəniz sahillərində onların da aralarında toqquşmalar baş vermişdi. Lakin Rusiya eyni zamanda bütün Qafqaz dövlətləri ilə savaşmaq istəmirdi. Məhz buna görə də 7 may 1920-ci ildə Rusiya Gürcüstanın müstəqilliyini tanıdı. Lakin buna baxmayaraq, Rusiya Gürcüstanın işğalı planından da əl çəkməmişdi. Və bu planın da həyata keçməsi üçün yenə də erməni kartı oynanıldı. Bolşevik strateqlərin fikrincə "Borçalıda, Abxaziyada, Acarıstanda və Duşetdə qaldırılacaq üsyanlar qarşısında ” Gürcüstan hakimiyyəti aciz qalacaqdı. Məhz bu "üsyanlar”a "dəstək” adı altında M.Velikanovun başçılığı altında bir neçə piyada və süvari alayları,habelə tank birliyi Tiflis üzərinə hərəkətə başladı. 5 fevral 1921-ci ildə Borçalıda və Ahıskada XI qırmızı ordu ilə əlaqə yaradan "yerli bolşeviklər” "menşevik hökumətinə qarşı” yardım istədilər. Müqavimət göstərilməsinə baxmayaraq XI qırmızı ordu Tiflisə girdi və bununla da Gürcüstanın müstəqilliyinə faktiki olaraq son qoyuldu. Lakin oradakı azərbaycanlı əhali Abxaziyaya və Cavaxetiyaya köçürülmüş ermənilərindən fərqli olaraq, heç zaman, hətta gələcək müqəddəratları, yəni hansı dövlətin tərkibində yaşayacaqları hələ tam müəyyən edilməmiş vaxtda da Gürcüstan dövlətinə xəyanət etmədilər. İndi də etmirlər. Azərbaycanlılar heç bir vaxt batalyon yaradıb Gürcü hökumət qoşunlarına qarşı döyüşmədilər. Amma ermənilər döyüşdülər.
-Bununla belə, son vaxtlar məhz Cavaxetiya bölgəsində azərbaycanlıların erməni cəlladı Avakyana qoyulmuş büstün açılışı ilə bağlı səslənən etirazları getdicə daha ucadan eşidilməkdədir. Necə bilirsiz, bunu sadəcə ermənilərin növbəti bir təxribatı kimi qəbul etmək lazımdır, yoxsa bu dəfə də Rusiya erməni kartını yenidən qoltuğundan çıxarıb?
-İlk növbədə bu məsələ ilə bağlı qeyd etmək istədiyim ən vacib məqam budur ki, hal-hazırda gedən proseslər 1921-ci il hadisələrinin təkrarlanmsının real təhlükəsini yaradıb. Buna isə heç bir halda yol vermək olmaz. İstənilən halda ən birinci məqsəd 21-ci ilin təkrarına yol verməmək olmalıdır.
Cavaxetiyada bir çox hallarda erməni bayrağı dalğalandırılır, məşhur separatçı V.Çaxalyan Cavaxetiya erməniləri tərəfindən qəhrəman elan edilir... Maraqlıdır, bəs bütün bu qanunsuzluqlar müqabilində Gürcüstan hökuməti hara baxır? Həmin o hökumət ki, 600 nəfər azərbaycanlı ziyalını "persona non grata”, yəni arzuolunmaz şəxs elan edib. Yeri gəlmişkən, o 600 nəfərin içərisində mən də varam. Sual olunur, hansı səbəbdən? Bəlkə bu ziyalılardan kimsə Gürcüstan hökumətinə qarşı təxribat hazırlayıb, silahlı dəstə yaradıb? Yaxud kimsə dövlətin ərazi bütövlüyünü şübhə altına ala biləcək bir bəyanatla çıxış edib? Və həmin bu hökumət açıq-aşkar təxribatlar törədən separatçıya qarşı heç bir tədbir görmür. Əlbəttə ki, belə olan halda, yəni necə deyərlər, tərəzinin gözü əyiləndə dövlətin müstəqilliyi də şübhə altına alınır, eyni zamanda kənardan müdaxilə ehtimalı da yüksəlir. Çünki haqsızlıq olan yerə kənar qüvvələrin müdaxilə imkanları daha çox olur. Buna görə də son vaxtlar Xocalı faciəsində iştirak etmiş, əli azərbaycanlıların qanına bulaşmış terrorçu Avakyanın büstünün məhz 20 yanvar tarixində açılışı ilə əlaqədar ən müxtəlif bəyanatlar səsləndirilməkdədir. Bu açılışın keçirilməsi açıq-aşkar çaxnaşma salmaq məqsədilə atılan addımdır. Ola bilsin ki, hansısa qüvvələr Rusiyaya bu bölgəyə daha aktiv müdaxilə imkanları verəcək şəraitin yaranması üçün çalışırlar. Əlbəttə, Rusiyanın Gürcüstanda yaşayan azərbaycanlıları müdafiə etmək məqsədilə hansısa addım atmaq istəyəcəyi qətiyyən inandırıcı deyil. Bu dövlət yalnız özünün imperiya maraqları mövqeyindən çıxış edə bilər. Bununla belə, istənilən bir marağın da təmin edilməsi üçün hər zaman bəhanələrə ehtiyac olur.
-Yəqin ki, Söyün Sadıqovun bəyanatından xəbəriniz olmamış deyil. Rusiya Azərbaycanlıları Konqresinin rəhbəri olaraq, Söyün Sadıqov bildirib ki, iki ay müddətində Avakyana qoyulmuş həmin büstün götürülməsi təmin olunmasa o, Borçalı mahalında yaşayan azərbaycanlılar adından muxtariyyət tələbi ilə çıxış edəcək. Bir tarixçi alim kimi belə bir tələbin irəli sürülməsini və xüsusilə də onun təmin olunmasının mümkünlüyünü necə qiymətləndirirsiniz?
- Söyün Sadıqov Rusiyanın siyasi dairələrində kifayət qədər nüfuza sahib olan bir simadır. Lakin bu məsələyə bir qədər fərqli tərəfdən baxsaq, bir çox suallar ortaya çıxır. İlk növbədə gəlin görək Gürcüstandakı azərbaycanlılar özləri bu muxtariyyəti almağa hazırdırlarmı? Bildiyiniz kimi, muxtariyyətin iki forması olur. Birincisi milli-mədəni muxtariyyətdir. Bu halda muxtar mahalın məktəblərində dərslər öz dilində keçilir, bəlli ərazilərdə yazışmalar yenə də öz dilində aparılır, tərkibində olduğu dövlətin ali məktəblərində muxtariyyət almış xalqın təmsilçilərinin öz dillərində ali təhsil ala bilmələri üçün ayrıca bir şöbə olur və sairə imtiyazlar verilir. Bu olur, dediyim kimi, milli-mədəni muxtariyyət. Bir də var ərazi muxtariyyəti. Bu halda artıq muxtar qurumun özünün parlamenti, nazirlər kabineti və ümumiyyətlə bütün digər dövlət təsisatları, hakimiyyət orqanları olur. Başqa sözlə desək, muxtariyyət almış həmin ərazi artıq federal subyektə çevrilir. Bəs bu gün Gürcüstanda yaşayan azərbaycanlılar həmin institutları yaratmağa hazırdırlarmı? Digər tərəfdən Gürcüstan tərkibindəki muxtar qurumların tarixinə diqqət yetirsək, sonunda onların hansı status qazandıqları göz qabağındadır. Bu qurumlardan ikisi faktiki olaraq Rusiyanın Gürcüstandakı forpostlarıdır.
Bu məsələ ilə bağlı ortaya çıxan digər bir sual budur ki, barəsində danışdığımız muxtariyyət hansı qüvvənin və ya qüvvələrin köməyi ilə alınacaq? Əgər bu kömək üçün Rusiyaya müraciət etmək nəzərdə tutulursa, bəli, bu günə kimi Rusiya həqiqətən də Qafqazda özünün təsir rıçaqlarını hələ də qoruyub saxlaya bilib. Bir qədər yuxarıda da dediyim kimi, Qafqazın tarixən üç giriş nöqtəsi olub ki, məlum hadisələrdən sonra bu ərazilər də faktiki olaraq yenə də Rusiyanın tam nəzarətinə keçiblər. Beləliklə, Rusiya Qafqazın bütün giriş nöqtələrinə nəzarət edir. Lakin tarixin dərsləri bizə öyrədir ki, faciədən qaçmaq lazımdır. İstənilən halda, Rusiya bu məsələyə müdaxilə etməyə qalxarsa, onun ilk növbədə özünün hansısa imperiya maraqlarını təmin etmək məqsədinin olduğu birmənalıdır. Tarix isə göstərir ki, bu maraqların təminatı Qafqaz xalqları üçün əksər hallarda acınacaqlı nəticə verib. Bir daha təkrar edirəm, əgər bu muxtariyyət bizə keçən əsrin 20-ci illərindəki kimi itkilərlə başa gələcəksə, o zaman bizə belə muxtariyyət lazım deyil.
-Kərəm müəllim, Avakyana qoyulan büstün açılışı ilə bağlı verilən bəyanatların arasında bilavasitə Gürcüstan prezidenti Salamo Zurabaşvilinin bu məsələdə mövqeyinə qarşı səsləndirilən etirazlar da kifayət qədərdir. Büstün açılışının məhz onun prezidentlik dövrünə təsadüf etməsi səbəbilə bəziləri xanım Zurabaşvilini açıq-aşkar ermənipərəst siyasət yürütməkdə belə ittiham edirlər. Bu barədə hansı fikirləriniz var?
-Axalkalaki şəhərinin meri Y.Unanyan M.Avakyanın büstünün 1994-cü ildə qoyulduğunu qeyd etmişdir. Amma onun yenidən təmiri və təntənəli şəkildə açılışı həqiqətən də Salamo Zurabaşvilinin prezidentliyi dövründə baş verib. Lakin yaxşı olardı ki, Gürcüstan prezidentinin mövqeyi barədə hər hansı fikir söyləməzdən öncə, bir qədər onun nəsil kökləri ilə maraqlanaq. İlk növbədə onu deyim ki, Salamo Zurabaşvilinin ata babası Mixail Zurabaşvili və ana tərəfdən ulu babası N.Nikoladze "gürcü millətinin atası” hesab edilən İlya Çavçavadzenin yaxın məsləkdaşları olmuşlar. İlya Çavçavadze erməniləri ifşa edən "Erməni alimləri və inləyən daşlar” və bu gün bəzi millətçi gürcülərin adını belə eşitmək istəmədikləri "Borçalı mahalı” adlı əsərlərin müəllifidir. Salamo Zurabaşvilinin anasının İslam aləmində məşhur olan Zeynəb adını daşıması da çox maraqlıdır.
Büstün açılışına gəlincə isə, elə bilirəm prezidenti ittiham etməzdən öncə, onun ümumiyyətlə həmin açılışa qadağa qoymaq səlahiyyətinin olub-olmadığını, Gürsüctan konstitusiyası ilə belə hallarda hansı addımların atılması nəzərdə tutulduğunu araşdırmaq daha düzgün olardı. Düşünürəm ki, yalnız bundan sonra Salamo Zurabaşvilinin mövqeyi barədə hansısa fikir söyləmək olar.
Lakin mən bu məqamda digər bir məsələyə toxunmaq istərdim. Bilirsiniz ki, dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov bu gün Tiflis torpağında uyuyur. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Fətəli xan Xoyskinin də məzarı Tiflisdədir. Azərbaycanın dövlət başçısı olmuş Əlimərdan bəy Topçubaşovun məzarı Parisdə olsa da, onun da doğulduğu yer Tiflisdir. Bu insanlar dünya miqyasında tanınmış elm, ədəbiyyat və dövlət xadimləri, görkəmli ziyalılardır. Və onların hər birinin Gürcüstanla sıx bağlılıqlaı var. Avakyan isə, əcdadları Cavaxetiyə köçürülmüş bir terrorçu, bir qatildir. Bəs nəyə görə Avakyandan fərqli olaraq, mən sadaladığım insanların heç birinin Gürcüstanda, Tiflisdə bir büstü belə yoxdur? Gürcüstan hökuməti ən azından öz strateji tərəfdaşı olan Azərbaycana bir xoş jest olaraq, bu yolla həmin dahi şəxsiyyətlərin xatirəsinə öz ehtiramını göstərə bilməzdi..? Düşünürəm ki, bu ədalətsizlik həm də bizim Gürcüstan siyasətimizdə olan müəyyən boşluqların nəticəsidir.
-Son sualımı da Paşinyanın Gürcüstana baş tutmuş səfəri ilə bağlı vermək istəyirəm. Elə bilirəm ki, Paşinyanın səfər üçün seçdiyi konkret bölgə, Bolnisi rayonu heç də təsadüfi müəyyən edilməmişdi və bu seçimin hansısa tarixi aspektləri də olmamış deyil...
-Tamamilə düzgün qeyd etdiniz. Bu səfər də, marşrut seçimi də məlum, həm də faciəvi tarixi hadisələrlə bağlı ehkamlar daşıyır və bu xüsusda diqqəti çəkən məqamlar heç də Gürcüstanın xeyrinə deyil. Baxın, 1918-1919-cu illərdə, erməni-gürcü müharibəsinin gedişində məhz Bolnisidə, Xaçında yaşayan ermənilər çox sayda almanların və gürcülərin qətlinə səbəb olmuşdular. Paşinyan da bura gəlişi ilə yerli erməniləri ruhlandırmaq məqsədi güdürdü və buna da nail oldu. Gürcüstanın hökumət orqanları isə Paşinyanın Bolnisə bu girişini düzgün qiymətləndirə bilmədilər. Həm də diqqət edin, Paşinyan Xaçına birbaşa Privolnıy və ya Kalinino deyilən digər bir ərazidən gəlmişdi. Əlbəttə ki, bu məqsədli bir giriş idi. Gürcüstan hökuməti unudur ki, ermənilər bu gün də Krivokartliyə şimali Lori deyirlər və oranı Ermənistan ərazisi hesab edirlər. Mən Gürcüstan ziyalılarına səslənib tam məsuliyyətlə deyirəm, bu gün Gürcüstanın ərazi bütövlüyü təhlükə altındadır. Və bu təhlükə bu dövlətin ərazi bütövlüyü uğrunda Abxaziyada, Cənubi Osetiyda vuruşmuş azərbaycanlılardan deyil, Baqramyan adına batalyon yaradıb gürcülərə qarşı savaşan ermənilərdən gəlir.
Azərbaycanda və eləcə də Gürcüstan hakimi dairələrində çox vaxt Gürcüstandakı soydaşlarımıza qarşı edilən haqsızlaıqlarda "gürcüləşmiş erməniləri” və ya "3 manatlıq gürcüləri” (pasport rüsumu 3 manata olduğuna görə belə adlandırılırdılar) günahlandırırlar. Yaxşı, əgər bu iki strateji müttəfiqin arasını bu "3 manatlıq” "ucuz gürcülər” pozacaqdısa, o zaman soyları əsilzadə gürcü nəsillərindən gələn "bahalı gürcülər” niyə azərbaycanlılara qarşı bu haqsızlıqlara susurlar? Gürcüstan hökuməti bilməlidir ki, xainlərə bu qədər meydan açmaq olmaz. MƏRDI QOVA-QOVA NAMƏRD ETMƏK OLMAZ !
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti