Arif Hacılı gözətçisi ilə dalaşdı: - Borc qalmaqalı
27-10-2015, 20:53
Müsavat Partiyası qərargahının gözətçisi Zahir Beydulla işdən çıxarılması və əməkhaqqının verilməməsinə etiraz olaraq aksiya keçirməyə hazırlaşır.
teref.az xəbər verir ki, bu barədə Cebhe.info-ya Zahir Beydulla özü məlumat verib. Zahir Beydullanın sözlərinə görə, əmək haqqının ala bilməməsi ilə bağlı mətbuatda yayılan informasiya Müsavat başqanı Arif Hacılı ilə arasında münaqişəyə səbəb olub:
“Dünən mən Müsavat Partiyasının qərargahına getmişdim. Orada Arif Hacılı məni görən kimi əsəbiləşdi və başladı qışqırmağa ki, mənim heç kimə borcum yoxdur. Mən də dedim ki, niyə qışqırırsınız? Bəli, sizin mənə şəxsi borcunuz yoxdur. Mənim də Gülağa bəyə müəyyən məbləğdə şəxsi borcum var. Amma mən Müsavat Partiyasının mənə olan borcunu istəyirəm. Mən Müsavat Partiyasında işlədiyim dövrün maaşını istəyirəm. Siz də bu partiyanın başqanı olduğunuza görə sənə müraciət etmişəm. Demirəm ki, şəxsən sizin mənə borcunuz var, borc partiyanın borcudur, siz də partiyanın başqanısız. Çox cılız vəziyyətlə qarşılaşdım. O da əsəbiləşdi və məni partiyanın qərargahına buraxmamağı tapşırdı. Amma o, bunu edə bilməz. Çünki mən Müsavat Partiyasının Binəqədi rayon təşkilatının, həm də Şura üzvüyəm. Kifayət qədər hörmətim də var. Sadəcə olaraq, mən bu problemi ictimailəşdirdiyimə görə mənə qarşı əsəbidirlər və istəyirlər ki, məni partiya üzvlüyündən xaric etsinlər. Ancaq mən Müsavat Partiyasının mitinqinə də gəlmişdim, özəklə də əlaqə saxlayıram, üzvlük haqqını da ödəyirəm. Mən sadəcə olaraq işdən çıxarılmışam”.
Xatırladaq ki, Zahir Beydulla 2013-cü ilin mart ayından etibarən Müsavat Partiyasının qərargahında əmək əmək müqaviləsi olmadan, razılaşma əsasında gözətçi işlədiyini və hər ay 250 manat maaş aldığını deyib. Ancaq 2014-cü ildən 2015-ci ilin sentyabr ayına qədər o maaşının ödənilmədiyini, sonda isə işdən çıxarıldığını bildirib. 2800 manat əməkhaqqı borcunun ödənilməsi üçün Müsavat Partiyasının başqanı Arif Hacılıya müraciət edən Z.Beydulla müsbət cavab ala bilməyib. Onun bu problemi mediada açıqlaması isə partiya rəhbərliyi ilə münaqişənin daha da dərinləşməsinə səbəb olub.
Xatırladaq ki, Z.Beydulla öncəki açıqlamasında işdən çıxarılmasının səbəbini Müsavat Partiyasının qurultayında Qubad İbadoğlunu dəstəkləməsi ilə izah etmişdi.
Zahir Beydulla öz hüquqularının təmin olunması üçün iddiasından geri çəkilməyəcəyini deyib:
“”Mən 20 gündür məktubla müraciət etmişəm və cavab gözləyirəm. Əgər mənim əməkhaqqımı verməsələr, özümün xüsusi aksiyalar keçirəcəm. Partiyanın qarşısında piket də keçirə bilərəm, aclıq da edə bilərəm, məhkəməyə müraciət də edə bilərəm. Mən prinsipial adamam və axıra qədər gedəcəyəm. Pulumu versələr, sakit şəkildə sağollaşarıq, verməsələr məhkəmədə görüşərik”.