Sərdar Cəlaloğludan Eldəniz Quliyevə sərt CAVAB: - “Əli Kərimlinin qabağında oynayır”
11-11-2015, 14:36
Milli Şuranın üzvü Eldəniz Quliyev Modern.az saytının “Siyasətçi və din” rubrikasına verdiyi müsahibədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu tənqid edib.
O, Sərdar Cəlaloğlunun dinlə bağlı açıqlamalarını ədabazlıq kimi qiymətləndirib. Bundan başqa, Eldəniz Quliyev ADP sədrinə pensiyaya çıxıb nəvələri ilə vaxt keçirməyi, bağda ağaclara quluq etməyi də tövsiyə edib.
ADP sədri Sərdar Cəlaloğlu isə Modern.az-a açıqlamasında Eldəniz Quliyevin dediklərini cavabsız qoymayıb. Onun sözlərinə görə, siyasətçinin bütün məsələlərə münasibət bildirmək hüququ var:
“Mən siyasətçiyəm. Siyasətçi xalqın ictimai-siyasi həyatının bütün sahələri haqqında düşünməli, problemləri araşdırmalı və həlli yollarını göstərməlidir. Azərbaycan vətəndaşlarının mənəvi, bədii ruhunun düzgün formalaşdırılmaması ilə bağlı ədəbi problemləri qaldırmışam.
Heç kəs, o cümlədən Eldəniz Quliyev mənim qaldırdığım məsələlərlə bağlı bir kəlmə yanlış söz deyə bilməz. Bu gün Azərbaycanda, eləcə də dünyada islam cəmiyyətinin düşdüyü vəziyyətin səbəblərini təhlil edib fikirlər söyləyirəm. Heç kəs deyə bilməz ki, bu gün İslamın vəziyyəti kifayət qədər qənaətbəxşdir. İslam sözünün mənası sülh deməkdir. İndi isə görürük ki, harda İslam olan yerdə terror, cəhalət, nadanlıq, gerilik var. “Qurani-Kərim” insanları cəhalətdən, nadanlıqdan qurtarmaq üçün göndərilibsə, niyə müsəlman ölkələri bu vəziyyətdədir?!
Gəldiyim nəticəyə görə bunun bir səbəbi var. İslamı qəbul edən xalqlar “Qurani-Kərimi” anlaya bilmirlər. Ona görə də İslam dini daxilində minə yaxın təriqət yaranıb. Hamısı da bir-birinin düşmənidir. Mən də çıxışlarımda təriqətlərin səbəbini göstərmişəm. Müsəlman müsəlmana bir kafirə olduğu münasibətdən kəskin münasibət göstərir. Bu, məgər bu siyasi məsələ deyil?!”
ADP sədri Eldəniz Quliyevin pensiyaya çıxıb ailəyə vaxt ayırması ilə bağlı məsləhətinə də toxunub:
“Eldəniz Quliyev özünün və mənim yaşıma baxsın. Qanunla yaşım pensiyaya çıxmağa icazə vermir. 60 yaşım var. İkincisi, bağım yoxdur ki, gedib orada dincəlib nərd oynayam.
Bağım olsa, pensiya yaşım çatsa, Eldəniz Quliyevin xahişini yerinə yetirəcəyəm. Eldəniz Quliyevin yaşına baxmayaraq Əli Kərimli kimi oğlu yaşında bir adamın qabağında ona-buna söz demək rolunu oynayır. İndi mənim daha çox haqqım var bağda oturub nərd oynamağa, yoxsa Eldəniz Quliyevin?!...Yaxşı olar ki, gedib bağda oturub yaradıcılıqla məşğul olsun”.