“Yaxın 20 il ərzində xərçəng yer üzündən silinəcək” - Amerikada çalışan gənc azərbaycanlı professor
13-09-2019, 17:16
Xəyalların, arzuların sərhədsiz olmasının tərəfdarıdır. Deyir ki, əgər siz ulduzların arasında olmaq istəyirsinizsə, aya doğru üz tutmalısınız. Bu zaman aya çatmasanız belə, ulduzların arasına mütləq düşəcəksiniz.
Müsahibimiz Amerikanın John Vayne Xərçəng elmi-tədqiqat İnstitutunun professoru, "Xərçəng Dərman Kəşfi” departamentinin rəhbəri Elmar Nurməmmədovdur.
O, 1979-cu ildə Qusarda anadan olub. Orta məktəbi Qusarda və Qubada türk liseyində oxuyub. Daha sonra Türkiyədə Orta Doğu Teknik Universitetində (ODTU) biokimya ixtisası üzrə təhsilini davam etdirib. Lund (İsveç) və Harvard (Amerika) universitetlərində xərçəng biokimya sahəsində ixtisaslaşıb. 3 ilə yaxın isə Harvard Tibb Fakültəsində xərçəng çalışmaları üzrə elmi komandanın tərkibində işləyib.
- ODTU, Lund, Harvard... Dünyanın 3 məşhur universiteti ilə yolunuz kəsişib. Təhsil sizin üçün nədir?
- Düzdür, o dövrdə təhsil həyatımda avtomatik olaraq davam edirdi. İndi geriyə baxanda, necə doğru qərarlar aldığımı hiss edirəm. Mənim üçün təhsil hansısa sahədə dərinləşmək və cəmiyyətə yararlı fərd olmağıma kömək edən ən önəmli vasitədir. Eyni zamanda, təhsil müstəqil fikirləşmək və yaratmaq qabiliyyəti baxımından vacibdir. Təhsili baryer kimi görürəm. O baryeri keçdikdən sonra artıq öz qanadlarınızla uça bilərsiniz. Mənə görə, təhsil dayanmayan prosesdir. Yəni 4 illik bakalavr, yaxud magistrdan sonra bitmir. Ümumiləşdirsək, təhsil mənim üçün fikirləşmə forması, zənginləşmək, həyatın mənasını tapmaq və müəyyən baryerlər aşmaq deməkdir.
- Nə üçün məhz biokimya ixtisası?
- Bunun kökünü uşaqlıqda görürəm. Düzdür, o dövrdə biokimya ixtisasını dərk etmirdim. Amma təbiət elminə, heyvanlara, həşəratlara marağım var idi. Bu sahəyə gəlməkdə atamın rolu çox olub. Atam diş həkimidir. Yadımdadır, uşaq vaxtı onun kabinetində çox vaxt keçirir, dərmanlarla oynayırdım. "Novakoin”lə itimin, toyuğumun üzərində müəyyən təcrübələr aparırdım. Sonra bu maraq özünü başqa formada büruzə verirdi. Biz məhəllə uşaqları ilə meşəyə gedirdik. Orada həşəratları yığır, qurudurduq. Təbiət elmlərinə marağım böyük idi. Olimpiadalarda respublika səviyyəsində müəyyən uğurlarımız da olurdu. 1990-cı illərin axırlarında genetika, molekulyar biologiya dəbdə olmağa başladı. Beləliklə, molekulyar biologiya sahəsində təhsil aldım və illər ərzində bu biokimyaya getdi.
- Hər insanın uşaqlıq arzusu olur. Deyirlər ki, arzular reallığa çatdırır...
- Uşaqlıqda hansı peşəyə yiyələnəcəyimi bilmirdim. Amma çox xəyalpərəst idim. Əksər vaxtı qruplardan uzaqlaşıb təkbaşına fikirləşir, xəyal qururdum. O xəyallara bu gün çatmışam və olmaq istədiyim yerdəyəm. Təbiət elmlərinə olan marağımı nəzərə alsam, tam da onun içindəyəm. Həm işimdən zövq alıram, həm də özümü cəmiyyətə yararlı insan kimi hiss edirəm.
- Bu yola xərçəngin müalicəsini tapmaq üçün çıxmısınız. Maraqlıdır, sizə buna nə vadar etdi?
- Xərçəng sakit, öldürücü xəstəlikdir. Səsini çıxarmadan milyonlarla insanın həyatdan alır. Statistikaya baxsaq, xərçəng müharibədən daha çox insan öldürüb. Həm də müəmmalı xəstəlikdir. Fikirləşdim ki, həm karyera, həm də insani cəhətdən həyatda qazandığım nailiyyət olmalıdır. Molekulyar biologiya sahəsində insanlığa ən yararlı işi görməyi qarşıma məqsəd qoydum. İxtisaslaşdıqca, özümü insanlığa borclu hiss etdim. Bu sahədə araşdırma aparıb, oxuduqdan sonra bu biliklərdən yararlanmasam, hər halda bunun günahı böyük olar. Vəzifəm insanlığı bu bəladan xilas etməyə çalışmaqdır. Bununla həm təhsilimin qarşılığını verməli, həm də insani borcumu ödəməliyəm. Özümü bu sahədə hər gün fikirləşmə və yaratma məcburiyyətində hiss edirəm.
- Xərçəng əsrin bəlasıdır. Sizcə, bu da bir vaxtların taun epidemiyası kimi tarixə gömüləcəkmi?
- Hər bir problem başa düşülmədiyi müddətcə, problem olaraq qalır. Bir əsr əvvəlki xəstəliklər də belə idi. Bu gün sadə gələn viruslar 50-60 il öncə milyonlarla insanı öldürüb. Amma hazırda bir vaksinlə qarşısını ala bilirik. Xərçəng də qəliz məsələ olaraq qalır. Xəstəliyin molekulyar biologiyasını tam anlaya bilmədiyimiz üçün silahını da tapa bilmirik, amma çox yol qət etmişik. Modern tibb elmi son 15 ildə güclü şəkildə inkişaf edir. Artıq harada nə mutasiya varsa, biz bunu dəqiq görə bilirik. Bu ciddi inkişafdır. CRISPR-Cas9 kimi çox güclü sistemlər var ki, biz istədiyimiz geni istədiyimiz yerə dəyişdirə də bilirik. Amma bununla belə, xərçəng çox qəlizdir. Çünki burada insanın individual genetikası, yaşadığı mühitlə bağlı bəzi amillər var. Bunların hamısını bir paketdə fikirləşsək, kombinasiyaları çox böyük olur. Ona görə də xərçəngə bir dərman tapmaq çətindir. Biz molekulyar biologiya elmini başa düşdükcə, burada dərman tədqiqatları üçün böyük prospektlər açılır. Əminəm ki, bu müalicə mümkün olacaq və yaxın 20 il ərzində xərçəng yer üzündən silinəcək.
- Bəs insanlar xərçəngə tutulmamaq üçün nə etməlidirlər. Sizin öz versiyanız varmı?
- Xərçəng genetik xəstəlikdir. Mutasiyaların nəticəsində əmələ gələn şiş və şişin kontroldan çıxması deməkdir. Əksər xərçənglər bizim kontrolumuzun xaricində baş verir. Yeni doğulan uşağın beynində xərçəng ola bilər, bunun qarşısını heç nə ala bilməz. Sonradan yaranan xərçəngin qarşısını almaq üçün isə sağlam qidalanmaq, orqanik qidalar tükətmək lazımdır. Təmiz hava, oksigen insan üçün çox vacibdir. Kimin imkanı varsa, şəhər və infrastrukturlardan xaric yerdə yaşasın, yaxud vaxtaşırı elə yerlərə getsin. Fiziki olaraq aktiv olsunlar. Fiziki aktivlik müəyyən hormonları stimulyasiya edir və mutasiyaların qarşını alır. Kimyəvi maddələrdən uzaq durmaq lazımdır. Hər bir kimyasal yüksək dozada mutasiya əmələ gətirir. İnsanlar daha az sinir problemləri yaşasınlar və bunu azaltmaq üçün öz həyat tərzlərini buna uyğunlaşdırsınlar. Bütün bu kombinasiyaların hamısını bir yerdə etsək, xərçəngə tutulmaq riskini azalda bilərik. Ən əsası isə bədən və beyin xəttini tutmaqdır. İnsan həmişə özü ilə sülh içində olmalıdır. Əks təqdirdə, stress, acıq, kin, nifrət kimi hisslər insanı neqativ hala salır, bədəni müəyyən istənməyən reaksiyalara vadar edir. Bunları tətbiq etmək üçün heç bir bahalı tibbi xidmətə ehtiyac yoxdur və xərçəng riskini ciddi səviyyədə azaldar.
- Əcnəbi ölkədə haradasa bizə imkansız gələcək uğura imza atmağa çalışırsınız. Qürbətdə uğur qazanmağın çətinlikləri varmı?
- Uğur qazanmaq üçün uğur mühiti, yaşadığınız ölkənin infrastrukturu çox vacibdir. Bununla yanaşı, təhsil sistemi və cəmiyyət də səni uğura gedən yolda dəstəkləməlidir. Amerika, Avropa kimi ölkələrdə cəmiyyət çalışqan insanı dəstəkləyir və onların uğurlu olmasına kömək edirlər. Uğur təkbaşına əldə edilən proses deyil. Düzdür, bir nəfər fiqur olaraq çıxır, amma bu, bir komandanın nəticəsidir. Komandanın üzvləri də əksər hallarda cəmiyyətdir. İnsanların dəstəyi, inamı kəşf etmək əzmini artırır.
- Yəqin ki, ailədən də dəstək görmüsünüz...
- Ailəmin dəstəyi istədiyim sahəyə getməyə imkan vermək olub. Bəzi ailələrdə ixtisası ata, ana, baba seçir. Mənim də stomatoloq olmağımı istəyirdilər. Amma mən buna maraq göstərmədim və bilmədiyim biologiya yolu ilə getdim. Mənə dedilər ki, sən biologiyanı oxuyub müəllim olacaqsan və pul qazana bilməyəcəksən. Çox nəsihətlər verildi, dinlədim, son qərarı verdim. Bu gün özümü çox xoşbəxt hiss edir, doğru qərar aldığımı bilirəm və bu yolda zövqlə davam edirəm.
- Siz həm də 3 qız atasısınız. Qızlarınızla münasibətləriniz necədir?
- Çox səs-küylü ailə mühitimiz var. Ailəyə mütləq vaxt ayrılmalıdır. İş və ailə balansından çox adam danışır. Amma bunun konkret formulu yoxdur. Biz ailə məşqlərinə çox əhəmiyyət veririk. Birlikdə etdiyimiz ən vacib məşq bilik zənginliyidir. Mütləq bir yerdə kitab oxuyuruq, səyahətlər edir, velosiped sürürük. Mənim üçün ailə məşqləri bahalı hədiyyələrdən önəmlidir. Məsələn, qızlarımın ipadı, telefonları, kompyterləri yoxdur. Biz istəmirik, uşaqlarımız dəyərli vaxtlarını telefon, kompyuter qarşısında keçirsinlər. Telefon məndə və yoldaşımda var. Ondan da ancaq kommunikasiya üçün istifadə edirik. Fikirləşirəm ki, valideyn vaxtını uşaqlarda insani keyfiyyətləri inkişaf etdirmək üçün xərcləməlidir. Bilik, texnologiya sonra əlavə edilə bilər. Bilinən yollardan gedilsə, hər şey yolunu tapacaq. Sadəcə, vaxt ayırmaq və sistematik olaraq tətbiq etmək lazımdır.
- 25 ildir Amerikada yaşayırsınız, amma Azərbaycan dilində çox səlis danışırsınız.
- Dil vəfasızdır. Ana dili olsa belə, istifadə etməsəniz, sizdən uzaqlaşacaq. Bəzən çətinlik çəkirəm. Dilimi unutmamaq üçün insanlarla ünsiyyət qurur, tez-tez xəbərləri izləyir, klassikləri oxuyuram. Uşaqlarımın da əsas dili Azərbaycan və ingilis dilidir. Düzdür, burada yaşadığımız üçün bəzi vaxtlar Azərbaycan dili arxa plana keçir. Azərbaycan və türk dillərini özüm müəllimlik edərək uşaqlarıma öyrədirəm. Sistematik dərslər keçiririk, imtahanlar veririk. Hər yay Azərbaycana gəlirik. İstəyirik ki, qızlarımız yaxınları ilə ünsiyyət qursun və öz mənşələrini, hardan gəldiklərini yaxşı bilsinlər. Dil çox vacib faktordur. Bu gün uşaqlar Azərbaycan dilini bildikləri üçün özlərini azərbaycanlı sayırlar. Ona görə də, harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan dili bizim üçün prioritetdir.
- Uğur sirriniz nədir?
- Uğurun müəyyən formulu yoxdur. Eynşteyndən soruşublar ki, uğur nədir? Deyib ki, uğur 1 faiz ilhamdır, 99 faiz çalışmaqdır. Sizdə ideya, fikir varsa, bu, bir faizdir. Geriyə qalan isə sistematik olaraq çalışmaq, qarşına məqsəd qoyub yol getməkdir. Uğurlu olmaq üçün seçdiyin istiqamət çox vacibdir. Müəyyən sahəyə marağınız olmalıdır. Ondan sonra bu yolda addım atırsınız. Gərək ləng olmayasınız. Sürətli addımlarla məqsədə doğru getmək lazımdır. Əgər siz ulduzların arasında olmaq istəyirsinizsə, aya doğru üz tutamalısınız. Aya çatmasanız belə, ulduzların arasına mütləq düşəcəksiniz. Vizyonunuz geniş olmalıdır. Bununla belə, uğurun yolu heç vaxt düz olmur. İnsan müəyyən uğursuzluqlarla üzləşdiyi zaman ruhdan düşməməli, yıxılanda qalxıb üstünü təmizləyib davam etməlidir. A nöqtəsindən B nöqtəsinə gedərkən yolun düz olması ancaq kitablarda olur. A nöqtəsində olarkən məqsədinizi unutmayıb, ona doğru getməlisiniz.
- Azərbaycanda ən çox nəyin həsrətini çəkirsiniz?
- Həmişə istəmişəm ki, ailəm dostlarımla daha çox vaxt keçirim. Amma illər keçib, valideynlərim qocalıblar. Və mən onlarla çox vaxt keçirə bilmirəm. Eyni zamanda, özümü sakitləşdirirəm ki, mən burada çox vacib işlərin arxasınca gəlmişəm, bu müddət ərzində nəyisə qurban verməliyəm. Ən böyük əskikliyim yaxınlarımın xoş günündə yanında ola bilməməkdir. İstəyirəm ki, Azərbaycanda elm, texnologiya o qədər inkişaf etsin ki, biz bu işləri gəlib öz ölkəmizdə davam edək (kaspi.az)