“Heç bir peşəkar aparıcı bu tərzi mənə irad tutmadı
30-09-2019, 09:24
Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı “Space” televiziyasının aparıcısı, Xəbərlər Departamentinin rəhbəri Elvin Basqallıdı.
Elvin Vahid oğlu Tarverdiyev 1986-cı il dekabrın 11-də Bakıda anadan olub. 2004-2008-ci illərdə Təfəkkür Universiteti Jurnalistika fakültəsində ail təhsil alıb, 2008-ci ildə hərbi xidmətə gedib.
2009-2011-ci ilərdə BDU-nun Radio-telejurnalistika ixtisasında magistr təhsili alıb. 2005-ci il dekabr ayında “Şərq” qəzeti ilə peşəkar jurnalistikaya başlayıb. 2007-ci ildə isə ANS-də “İç xəbər” verilişində müxbir kimi televiziya fəaliyyəti başlayıb. 2010-2013-cü illərdə ATV kanalında müxbir işləyib. 2013-cü ilin iyul ayından “Space” TV-də əsas xəbər buraxılışının aparıcısı və redaktoru kimi işini davam etdirib, daha sonra Xəbərlər Departamentinin rəhbər müavini, hazırda isə departamentin rəhbəri kimi çalışır. Ailəlidir, iki övladı var.
- Elvin bəy, başlayaq sizin aparıcılığınızdan. “Xəbərlər”i sürətli nitqlə təqdim edirsiniz. Bu sizin öz tərzinizdir, yoxsa kimisə örnək götürmüsünüz?
- “Xəbərlər”də nə məndən əvvəl, nə də məndən sonra sürətli nitqdən heç kim istifadə etməyib. Yəni bu tərzdə xəbər aparmağımda kimisə örnək kimi göstərə bilmərəm. Bir müddət Gürcüstan kanallarının xəbərlərini izləyirdim, gürcü dilini bilməyə-bilməyə. Orada aparıcılar və müxbirlərdən başqa hətta müsahiblərin də bizim aparıcıların nitqindən daha sürətli danışdığının şahidi olurdum. Mətləbdən uzaqlaşıb onu deyim ki, mənim üçün telexəbər musiqi kimidir, dilini bilmədən də ondan zövq ala bilərəm. Yəqin ki, aldığım bu zövq məni bu tərzdə xəbər aparmağa sövq edib və bir də fərqlənmək arzusu. Bilirəm ki, nitqin sürəti, tərzi ilə xəbərin ruhu qovuşanda tamaşaçını ekran qarşısında saxlamaq olur, yəni hər xəbəri yox, sürət tələb edən xəbəri elə fərqli emosiya ilə oxumaq, daha doğrusu danışmaq lazımdı.
- Tamaşaçılarınız sizin təqdimetmə tərzinizi sevir, yoxsa siz ekranlarda görünəndə kanalı dəyişir? Bu haqda sizə yazanlar olur?
- Xüsusən ilk vaxtlar bir qayda olaraq tənqid olunurdum, amma heç bir peşəkar aparıcı bunu mənə irad tutmadı. Sürət nitqin aydınlığını pozmursa, xəbərə həyacan gətirirsə, niyə də olmasın. Tənqidlər çox idi, hətta göstərilən münasibətlərin az qala hamısı tənqid idi, amma elə tənqid idi ki, daha da həvəslənirdim, daha da sürəti artırırdım.
- Jurnalist olmaq qərarını necə verdiniz?
- Peşə seçimi ilə bağlı başqa fikrim, başqa arzum, başqa qərarım heç vaxt olmayıb.
- Nə zamansa jurnalist olduğunuza görə peşmançılıq çəkmisiniz?
- Yox desəm yalan danışmış olaram. Amma belə bir düşüncə qısa müddət mənə hakim olub.
- Yaxşı aparıcı olmaq üçün nələrə diqqət etmək lazımdır?
- Çox məqamlar var diqqət edilməli. Məsələn, mən bir aparıcı kimi yaxşı aparıcının əməl etməli olduğu bütün məqamlara diqqət ayırmamışam. Aparıcı bir nümunədir, nə qədər diqqətli olsa, bir o qədər yaxşıdır. Amma yaxşı aparıcı olmaq üçün birinci növbədə istedadlı olmaq lazımdı.
- Bu sahədə özünüzə örnək götürdüyünüz adamlar olub?
- Əlbəttə olub. Məsələn, Rüstəm Əbülfətoğlu.
- Tələbəlik illəriniz necə keçib? Aktiv tələbə olmusunuz?
- Yox, xüsusi bir aktivliyim olmayıb, amma mən müəllimlərimin yadında qalmışam.
- Özünüzə tamaşaçı kimi baxıb irad tutmusunuz? Nələri dəyişmək istəmisiniz və ya dəyişmisiniz?
-İllər əvvəlin efirinə baxanda iradları daha yaxşı tuta bilirəm və bu, daha çox ləhcə ilə bağlı olub.
- Aparıcıların başına adətən maraqlı hadisələr gəlir, sizin başınıza efir vaxtı hansısa maraqlı hadisələr gəlib? Mümkünsə bir hadisəni danışardınız.
- Yəqin ki, hamıdan çox mənim başıma belə hadisələr gəlib. Amma bunları efir sirri sayaq.
- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
- Boş vaxtım demək olar ki, olmur. İşdən yorğun gəldiyim vaxtlar olur ki, uşaqlarla oynamaq, televizora baxmaqla keçir.
- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə var?
- Hə, gəzinti verilişi aparmaq istəyirəm, amma illər sonra.
- Nə zamansa aparıcılıqdan uzaqlaşmaq barədə düşünmüsünüz?
- Bəli düşünürəm və bu nə vaxt baş versə, rahatlıqla da qəbul edərəm.
- Dostlarınız daha çox jurnalistikadandır, yoxsa başqa sahələrdən?
- Jurnalistikada daha çoxdur.