"Rusiyanın qəzəbinə düçar olsaq, istənilən vaxt Ermənistanı üstümüzə qısqırdar” - Qabil Hüseynli
12-10-2019, 10:16
Məlum olduğu kimi, Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Prezident İlham Əliyev sessiyada iştirak edib. Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Bu bəyanatdan sonra Azərbaycanın Qarabağla bağlı mövqeyi bir daha dünyaya elan olundu.
Bu və ya digər məsələlərlə bağlı "Unikal" qəzetinə müsahibə verən politoloq Qabil Hüseynli ilə söhbətə bu mövzudan başladıq.
-Qabil bəy, öncə “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasında ölkə başçısı İlham Əliyevin məlum bəyanatı barədə fikirlərinizi bilmək istərdik...
-Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə “Valday” forumundakı çıxışı çox sərt və ciddi çıxış idi. O, bu çıxış vasitəsi ilə həm Rusiya, həm də Ermənistan tərəfindən səslənən illuziyalara qətiyyətli formada cavab verdi ki, torpaqdan pay olmaz. Prezident bu çıxışı ilə bir daha göstərdi ki, Bakının Dağlıq Qarabağ məsələsində mövqeyi bəllidir və Ermənistana bu məsələdə heç bir güzəşt olunmayacaq. Yəni, Prezident İlham Əliyevin çıxışı kifayət qədər aydın və dəqiq idi. Onun mövqeyi ondan ibarət oldu ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, əvvəl-axır təmin də ediləcək. Bunun üçün də Azərbaycanın lazım olan potensialı da var.
Onu da qeyd edim ki, “Valday” forumu Rusiyanın dünyaya önəmli mesajlar verdiyi böyük tədbirdir və Azərbaycan Prezidenti İlham Əliyevin oraya dəvət olunması təqdirəlayiqdir. Bildiyimiz kimi, İlham Əliyev daim bu cür möhtəşəm beynəlxalq tədbirlərdə - həm Davos Forumunda, həm Münhen Təhlükəsizlik Konfransında və s. mütəmadi olaraq iştirak və çıxışlar edir. “Valday” forumu nisbətən gənc olsa da, qısa zamanda nüfuzlu platformaya çevrilib. Prezident İlham Əliyevin bu forumda iştirakı həm onun şəxsi nüfuzu, həm də ölkəmizin dünyada artan rolu ilə bilavasitə əlaqədardır. Ölkə başçısının həmin tədbirdə çıxış etməsi və çıxışının əsas hissəsində Paşinyanın sərsəm bəyanatlarına cavab verməsi çox yerinə düşdü. İlham Əliyev kifayət qədər sərt bir şəkildə və böyük siyasi iradə nümayiş etdirərək, Ermənistanın baş nazirinin bu günə qədər səsləndirdiyi sərsəm bəyanatlara arqumentlərlə cavab verdi. Onun xüsusilə “Qarabağ Azərbaycandır” kimi qəti mövqeyi göstərdi ki, bu məsələdə heç bir güzəşt olmayacaq. Məncə, Prezident İlham Əliyev bir daha özünün və Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ortaya qoymuş oldu.
-Bəs, Soçi görüşü, eləcə də “Valday” forumu çərçivəsində Rusiyanın Azərbaycana, daha dəqiq, Qarabağ münaqişəsinə münasibətini necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, ruslar səmimi hərəkət etmirlər. Danışanda bir söz deyirlər, bir mövqe nümayiş etdirirlər, arxada isə ermənilərə qarşı tamamilə başqa mövqe nümayiş etdirirlər. Rusiyanın bu ikili standartı, ikili yanaşması Qarabağ probleminin həllinə mane olan əngəllərdən biridir. Fransızlar da rusların bu hərəkətlərinə baxıb o cür davranırlar. Minsk Qrupunun həmsədrləri arasında az-çox obyektiv mövqe tutmağa çalışan tərəf Amerikadır. Lavrovun bir müddət öncə "Azərbaycanla Ermənistan arasında yeni münaqişənin başlamasına imkan verməyəcəyik" bəyanatını verməsi Rusiyanın hansı mövqedə olduğunu sübut edir. Yəni, bütün bunlar onu göstərir ki, Rusiya Qarabağ münaqişəsinin həllinə mane olan əsas ölkədir. Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq şəklində olmasına baxmayaraq, Rusiya Qarabağ münaqişəsinin həllində qeri-obyektiv mövqe tutur.
-Son bir neçə ay ərzində Rusiya ilə Ermənistanın münasibətlərində müəyyən soyuqluq yaranıb. Münasibətlərin soyuqlaşması Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə münbit şərait yarada bilərmi?
-Burada yalnız Putin-Paşinyan qarşıdurmasından söhbət gedə bilər. Bilirsiniz, bu gün Putin Paşinyanı sadəcə olaraq, həzm etmir. Amma Ermənistana münasibətdə Rusiyanın mövqeyi illər öncə necə olubsa, bu gün də elədir. Ermənistan-Rusiya münasibətləri strateji müttəfiqlik münasibətləridir, həmin müttəfiqlik davam edərək də gedir. Yəni, Rusiyanın Ermənistanı qoyub bizdən yana mövqe sərgiləyəcəklərini gözləmək yersiz olardı.
-Əgər Rusiya-Ermənistan münasibətləri bu qədər yaxındırsa və biz hər zaman istənməyən dost olacağıqsa, o zaman Rusiyadan niyə nəsə gözləməliyik?
- Rusiyadan nəsə gözləmək lazım deyil. Vəhşi bir ölkədi də. Gürcüstanın başına oyun açdı, Ukraynada o cür hərəkətlər etdi, bütün dünyanın gözü qarşısında istədiyini elədi. Bu cür dövlətə nə demək olar ki? Ona görə də münasibətləri birtəhər saxlamaqla Azərbaycana qarşı təxribatların qarşısını almaq olar.
-Necə yəni, torpağımız işğalda ola-ola kimisə "yola verməliyik"?
-Təbii ki, Azərbaycan bütün hallarda öz torpaqlarını azad etməlidir. Amma Rusiyanın qəzəbinə düçar olsaq, onlarla münasibətləri korlasaq, istənilən vaxt Ermənistanı da üstümüzə "kısqırdar", özü də müxtəlif separatçı qüvvələri dəstəkləyər və Azərbaycan üçün ciddi problemlər yarada bilər. Bu nöqteyi-nəzərdən hələ ki, Rusiya ilə ehtiyatlı olmaq məcburiyyətindəyik.
-Məsələ ondadır ki, Rusiya Qarabağ münaqişəsinin həllində vasitəçi olan Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu mənada həmsədr institundan imtina eləmək daha məqbul olar, elə deyilmi?
-Bəli. Münaqişənin həllinə vasitəçilik edən iki dövlət - Fransa ilə Rusiya tamamilə Ermənistanın tərəfindədir. Üstəlik bunlar ən prinsipial məqamlarda yaxalarını kənara çəkirlər, heç bir təklif vermirlər. Əllərində Ermənistana təzyiq edəcək mexanizmlər mövcud deyil. Bunlar heç Ermənistanı işğalçı dövlət kimi də tanımırlar. Bir sözlə, Qarabağ münaqişəsinin həllində vasitəçi olan bu iki dövlət tam qeyri-obyektiv mövqe tuturlar. Ona görə də Azərbaycan yenidən BMT-yə müraciət etməli, onun 4 qətnaməsini gündəmə gətirməli və Ermənistanın bizim torpaqlarımızı işğal etməsi haqqında siyasi qərarın qəbul edilməsinə nail olmalıdır.
-Axı, bu acı gerçəyi yeni anlamamışıq, nəyə görə bu günə kimi gözləmişik?
-Gözləmək obyektiv zərurətdən irəli gəlib. Bu gün müharibəni başladıq, hücum elədik, ruslar da onlar tərəfdən bizə qarşı hərəkətə başlayacaq. Ona görə də biz rusların xeyir-duası olmadan hərbi əməliyyatlara başlaya bilmərik.