“Ziyalını çörəklə imtahana çəkərlər?” -Əməkdar artist hönkür-hönkür ağladı
12-10-2019, 10:18
Mingəçevir Dram Teatrının baş rejissoru olmuş əməkdar artist Xəzər Gəncəlinin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Üçəm nəvələrinizin olması ilə bağlı məlumatlar yayılmışdı. Necədir uşaqlar?
- Bir yaş üç aylıqdırlar. İmkan daxilində, çalışanda, işləyəndə uşaqlar üçün nəsə edə bilirdim, bir ata, bir baba kimi. Amma bir ildir işsizəm.
- Siz Mingəçevir Dram Teatrının baş rejissoru idiniz...
- Mən 10 il İncəsənət Universitetinin müəllimi olmuşam. 12 il İstanbulun Mərmərə Universitetində çalışmışam. 2002-2014-cü illərə kimi teatr sənətiindən dərs demişəm. İşim çox yaxşı gedirdi, türklərin mənə qayğısı, mehribançılığı, dostluğu, hörməti, teatr sferasında olanların bir-birinə xoş münasibəti... ta ki həyat yoldaşım ağır xəstəlik tapana kimi. Məcbur olub işlərimi yarımçıq qoydum və bir ildən sonra geri gələcəyimi bildirib, Bakıya qayıtmalı oldum. Bir ildən sonra yoldaşım vəfat etdi. Və mənim Mərmərə Universitetində fəaliyyətimi davam etdirməyim heçə düşdü. Onlar mənə 65 yaşına kimi işləsəydim, təzminat ödəyəcəkdilər, pensiya verəcəkdilər. Onların qayda-qanunları başqadır. Beləcə, həm 35 illik yoldaşımdan oldum, həm də işsiz qaldım.
- Bakıda hansısa bir quruma müraciət etmədiniz?
- Mədəniyyət Nazirliyinə müraciət etməli oldum. Özüm haqqımda məlumat verdim və dedim ki, Türkiyədə kitabım buraxılıb. “Rejissor və pyes” kitabının müəllifiyəm. Hər adamın hünəri deyil o kitabı buraxdırmağa. O vaxt Ədalət Vəliyev məni dinlədi, sağ olsun, dərhal məni Mingəçevir Dram Teatrına baş rejissor təyin etdi. Gəldim gördüm ki, bu teatrın başının üstünü qara buludlar alıb. Səxavət Məmmədov adlı təsadüfi bir adam var, teatrın direktorudur, bəzi işləri apara bilir, bəzilərini yox. Ondan çoxlu şikayətlər edilir. Mən bütün bunlara fikir vermədən, Türkiyədə yığdığım təcrübəmi əlimi-qolumu çırmalayıb burda ortaya qoymağa başladım. 2015-2018... 3 ilə 11 tamaşa hazırladım.: “Müfəttiş”, ”Bir eşqin nəticəsi”, “Ağla, qərənfil, ağla”, “Üç qız”, “Səhər qatarı”, “Kələkbaz” və s.
- Nəyə görə işdən ayrıldınız?
- Kollektiv çox sağlam idi, mənim heç kimdən narazılığım və ya problemim olmayıb. Ancaq.. . Orda 73 yaşlı respublikanın xalq artisti Ella Yaqubova var! Deyiləsi deyil! İndi danışıram, bütün bədənim əsir. Bu qadın daima mənim şəxsi və yaradıcılıq işlərimi təqib edirdi. Üzümə də deyirdi ki, mədəniyyət nazirliyi Bakıdan bura rejissor göndərib, məgər özümüz işləyə bilmirdik ki? Qorxunc və çirkin iddialarla məni rüsvay edirdi ki, guya üzr istəyirəm, əyyaşam, məişət pozğunuyam, nazirlikdə bu qədər işimin müqabilində dəfələrlə mənə qara yaxıb, məndən şikayətlər edib. Nazirlikdən məni dəfələrlə çağırıblar. Səlahiyyətimdən istifadə edib, bu qadını teatrdan qova da bilərdim. Amma teatrın direktoruna görə uddum hər şeyi. Təcrübəsi, səriştəsi olmayan Səxavət müəllimə dedim ki, bu qadın üstümüzə gəlir, xalq artisti adından istifadə edib, iş prosesimizə mane olur.
- Aktrisa niyə məhz sizi qaralamışdı ki?
- Bilmirəm... amma tək mən deyildim. Xalq artisti Zülfüqar Abbasov, xalq artisti, prezident mükafatçısı laureatı Vaqif Səmədov, rejissor Günay Səttar, Ağaxan Salmanoğlu... Mənə də böthanlar, iftiralar atıb Ella xanım.
- Səbəb?
- İstəyirdi ki, hər şeyi öz əlinə alsın. Rejissor da gəlməsin. Baş rejissorluğu da, aktrisalığı da, bir sözlə, hər şeyi özü idarə etsin. Bütün baş rolları özü üçün istəyirdi. Deyirdim, ay xanım, 73 yaşın var, axı başqalarının rollarını sənə verəndə onların haqqını tapdalamış oluram. Sabah onlar da danışarlar. 11 tamaşamın 6-da oynamısınız. Daha nə istəyirsiniz? Paxıl qadındır, heç kimin artmasını istəmir. Deyirdim, ana, nənə rolu olanda verəcəyəm sizə. Aləmi dağıdırdı, ordakı bəzi aktyorları da mənə qarşı qaldırırdı. Məndən sonra bir rejossor gəlib, bu yaxınlarda eşitdim ki, Çexovun əsərindəki 28-30 yaşlı qadın obrazını alıb oynayıb. Gülməlidir e Vallah. Bir sözlə də, burda mənəm, Bağdadda kor xəlifə.
- Kollektiv sizi müdafiə etmirdimi?
- O kollektivlə dağı dağ üstünə qoymaq olardı. Heç bir giley-güzarım yoxdur onlardan. Amma onlar da o qadından qorxurdu. Mən işdən ayrılanda hamısı gəlib bir-bir mənimlə görüşdü. Hətta ağlayanı da oldu.
- Direktorun bütün bunlardan xəbəri var idimi?
- O qadının kaprizlərinə dözmək olardı. Amma direktorun susması, mənə kömək etməməsi, kollektivi qorumaması, qaranlıq otağına çəkilib skamyasında oturması məni çilədən çıxartdı və bir gün şikayət etdim. Hər şeyi bilirdi. Deyirdim gedək nazirliyə narazıçılığımızı bildirək. Ancaq razılaşmırdı. Demək, o qadının yanında nəsə işləri olub ki, ondan ehtiyat edirdi. Deyirdi, mən bu qadından qorxuram, Xəzər müəllim! Deyirdi, nazirlikdə də bundan qorxurlar. Mənə əməkdar artist adı veriləndən sonra o qadın daha da quduzlaşdı! Axırda bezdim və növbəti dəfə şikayətimi direktora bildirəndə qapını çırpıb çıxdım. Bu Səxavət müəllimin xoşuna gəlməyb. Durub gedib nazirliyə. Orda tarix müəllimi var – incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynova haqqımda olmazın sözlərini bildirib. İsmayıl müəllim də məni çağırtdırdı nazirliyə, dedi k, sənin haqqında şikayətlər var, töhmət də verilib, nahaq yerə direktorla belə acı danışmısan. Bilmirsən ki, teatrlarla bağlı bütün səlahiyyətlər direktorlara verilib?
- İsmayıl müəllim sizin də fikirlərinizi dinləmədimi?
- Dinlədi, amma nə xeyiri? Dedi, Xəzər müəllim, 3 ildir işlədiniz, bəsdir daha. Özünüz ərizə yazın işdən könüllü çıxmağınızla bağlı, yoxsa maddə ilə çıxaracağıq. Dedim, hansı maddə ilə? Rüşvətmi almışam, ölkənin əleyhinəmi getmişəm, millətə xəyanətmi etmişəm? Yoxsa yaradıcılıq prosesinimi axsatmışam? Bəlkə siyasi səhvlərim olub tamaşalarımda? Dedi, uzun danışmaq lazım deyil.
2018-ci ilin oktyabrında əməkdar artist adı verilmişdi mənə, bu hadisə isə həmin ilin noyabrında olub. Başımı “sığalladı” İsmayıl müəllim ki, artıq əməkdar artistsən, bir müddət keçsin, gələrsən yeni proyektlərinlə. Ən azından bir teatra quruluşçu rejissor kimi göndərərik. Zilə qaldırmadım bu söhbəti. İnandım ona, düşündüm ki, nazirliyin incəsənət şöbəsinin müdiri söz verirsə, deməli, işlərim yoluna düşəcək. Beləcə, ərizəmi yazıb sakitcə çıxdım. İctimailəşdirmədim. Bir aydan sonra yenidən rəsmi məktubla nazirliyə müraciət etdim ki, xahiş edirəm, məni işlə təmin edin. Heç olmasa regionalara göndərin: Ağdam, Füzuliyə, Şəkiyə, hara olur olsun. Mən işdən qorxan deyiləm. 2018-ci ilin dekabrından yazdığım məktuba hələ də bir cavab verilməyib. Mənəvi terrora məruz qalmışam! Bir ildir işsizəm. Evə bir qəpik də gətirə bilmirəm. İqtisadi, mənəvi cəhətdən vəziyyətim ağırdır.
- Cənab nazir Əbülfəs Qarayev necə, vəziyyətinizdən xəbərdardır?
- 3 dəfə teleqram yazmışam cənab nazirə, amma bilirəm ki, ona çatdırılmır. İki dəfə onun müavini Vaqif Əliyevin qəbuluna getmişəm. Amma içəri salmadılar. Dörd gün əvvəl dözməyib, yenidən getdim İsmayıl bəyin yanına. Dedim, axı mənim məktubuma cavab verilmir, işsizəm. Dedi, burdakı qızlarla əlaqə saxlayarsan, onlar sənə bir cavab deyəcəklər. Mən sənətşünaslıq üzrə fəlsəfə doktoruyam, elmi dərəcəm var, respublikada yeganə rejissoram ki, elmi dərəcəm və fəxri adım var. Futbol topu kimi məni qoyublar ortaya (hönkürdü – K.A.). Ziyalını çörəklə imtahana çəkərlər?! Özümə yer tapa bilmirəm. Mən işləmək istəyirəm. Nə edim? Gedim başqa ölkədən sığınacaq istəyim? Mənə qarşı olan bu təxribata görə nə edə bilərəm? Gedim səfirliklərə narazılığımı bildirim? Axı bu ölkənin fəxri adını daşıyıram! İşləmək istəyirəm! Bu nədir mənə qarşı? Araşdırılsın, rejissor diplomu olmayanlar regionlarımızda baş rejissorluq edirlər. Əllərindən haqlarını almıram ki, işləsinlər. Elə rejissorlar da var ki, bir yox e, iki teatrda çalışıq!
- Məsələn, kimlər?
- Sərvər Əliyev var, haranın rejissoru oldu o? Aktyorluğu bitirib, Hüseynağa Atakişiyevin dərnəyində aktyorluğa gedib. Dərbənd Teatrının baş rejissoru, eyni zamanda İrəvan Teatrının baş rejissorudur. O, gündə neçə dəfə gedib gəlir bu yolları? Bu, nə deməkdir? Ağdam Dövlət Teatrının baş rejissoru Novruz Cəfərov, ixtisasca aktyordur, bir söz demirəm, əməkdar artistdir o da. Eyni zamanda Gəncə Dövlət Dram Teatrında aktyor işləyir. Belə haqsızlıq olmaz axı! Bunların hamısını edən İsmayıl Hüseynovdur! İşi bilmir. Məni indi o bu vəziyyətə qoyub.
İndi, Əbülfəs Qarayev, mənə fəxri adı verirsiniz, bir aydan sonra işdən çıxdığıma görə ərizəmə imza atırsınız. Bəs demirsinizmi ki, bu Xəzər Gəncəli 16 oktyabrda (2018-ci il – K.A.) fəxri ad alıb, 26 noyabrda niyə işdən çıxır? Nə baş verib? Niyə bir nazir kimi araşdırmırsınız? 3 dəfə qəbuluna yazılmışam axı. Niyə maraqlanmırsan aktyorunla?
Məqsədim işə bərpa olunmaqdır. Ayaqüstəyəm, istifadə edin məndən. Günün 24 saatını yata bilmirəm. Ürəyim partlayır. İşləmək istəyirəm. İsmayıl Hüseynov kimi, toylarda videoçəkən Səxavət Məmmədov kimi işlərini bilməyənləri kabinetlərdə oturtmaq lazım deyil. Bu cür olmaz axı.
- Başqa hansı teatra işlə bağlı müraciət etmisiniz?
- Srağagün Sumqayıtda Firudin müəllimin yanına getdim ki, bəlkə mənə iş verəsiniz? Deyir, ay Xəzər müəllim, Vallah, bunu mən həll etmirəm. Bu, teatrların direktorlarının işidir. Azərbaycandakı teatrların vəziyyətinə baxın. Halbuki, teatrın şefi baş rejissoru olmalıdır. Yaradıcılıq, siyasi məsələlərə baş rejissor cavabdehdir. Baş rejissor çıxarır məsulu ictimaiyyətin qabağına. Direktor bir növ adminstratordur. “Azdramadır”... Orda da Azərpaşa Nemətov kimi birisi oturub, heç kimi yaxına buraxmır. Onun da 70-i keçib yaşı. Şuşa Teatrının direktoru Loğman Kərimov heç kəsi saymır, salam da vermir, danışdırmaq olmur onu. Musiqili Komediyadan da Əsgər Əsgərova müraciət etmişəm, dedi, mən nə deyim sənə? Orda ümumiyyətlə, baş rejissor yoxdur. Heç kəs yaxınına buraxmır.
- Neçə yaşınız var?
- 62. Pensiyaya 3 il var. Amma yaşamağım üçün yaratmalıyam. Ayaqüstəyəm mən. Bilirsiniz nə ilə dolanıram? Əməkdar artist fəxri adına görə ayda 100 manat alıram. Allaha şükür, oğlum başıma dolanır ki, əsəbləşmə, baxacağam sənə.
- Xəzər müəllim, bəlkə yaradıcılığınızı yenidən Türkiyədə davam etdirəsiniz?
- Cəhd etdim. Dedilər, ay Xəzər hoca, çox gözlədik səni. Artıq yerinizə başqası təyin edilib. Hələlik heç nə mümkün deyil. O vaxt da cavan idim, qardaş ölkə olsa da, ailədən uzaq olursan. İndi də gedərəm, ürəkdir, sözə qulaq asmır. Nə bilim Vallah... Vətəndimdir də, niyə gedim axı? Xalq teatrlarına kimi gedib çıxmışam, gör nə günə qalıb əməkdar artist. O qadın gedib haqqımda olmazın sözlərini danışıb, guya içki düşkünüyəm, qadınlarla əylənirəm, şərəf və ləyaqətimi tapdalayıb. İndi altını çəkirəm heç nədən.
- Xəzər müəllim, ta sovet dövründən eşidirdik ki. Səhnəmizin tanınmış simalarından tutmuş epizod aktyorlarına kimi, içki də içirdilər, qadınlarla əyləniblər də, hərəsi bir neçə dəfə ailə qurub boşanıblar da. Yəni bu hal yenilik deyil axı... Buna görə işdən qovmazlar axı...
- Həmişə baş rejissor nəzarət altında olur. Onu basqı altına almaq üçün qara yaxırlar. Mənim o yaşım deyil ki, durub kiminləsə nəsə edim. Mən bir aktrisa ilə oturub çay içə bilmərəm ki? Bu adam (Ella Yaqubova nəzərdə tutulur – K.A.) dərhal peyda olurdu.
- Başqasına qarşı da belə edirdi?
- Teatr onun əlindən dad ağlayır.
P.S. Əks tərəfin mövqeyini də dinləməyə hazırıq.