“Xaricdən legioner gətirib öz tələbəsi kimi qələmə verənlər yağ-bal içində yaşayırlar” - İTTİHAM
12-10-2019, 10:21
İdman sahəsində idmançı və məşqçi olmaq qədər hakimlik peşəsi də olduqca məsuliyyətlidir. Hakim olmadan yarış keçirilə bilməz. Belə məsuliyyətli peşənin sahiblərindən biri, taekvando üzrə beynəlxalq hakim Tural Vəlibəyov Ayna-ya müsahibəsində idman karyerasından danışıb.
- İdman sahəsində olan biri üçün hansı çətindir, idmançı, məşqçi, yoxsa hakim olmaq?
- Məncə, ilk olaraq dünya, avropa, olimpiya çempionu olmaq çox çətindir. Bunun üçün yorulmadan daha çox çalışmaq, zəhmət çəkmək lazımdır. Hələ zədələri, çəkini normada saxlamaq üçün diyetaları demirəm. Bütün bunlara qatlaşıb nəticə əldə etmək isə hər idmançıya nəsib olmur. Məsələn, elə mənim özümə. İllərlə çox zəhmət çəksəm də, uğurlarım ürəyim istəyən qədər olmadı.
- Heç olmasa, məşqçi kimi məqsədlərinizə çatmısınız?
- Məşqçi olmaq çox çətindir, amma bir o qədər də şərəflidir. Tələbənin idmanda atdığı ilk addımlardan başlayaraq, uğur qazanmasına kimi müəllimdən asılıdır. Buna görə də düşünürəm ki, tələbənin həyatında valideynləri qədər müəllim də böyük rol oynayır və məsuliyyət daşıyır. Bir məsəli çox sevirəm, tələbələrimə də deyirəm: “Oturub dil tökəcək yerdə, gedib, tökməlisən tər, min çalış qayən üçün, bir qazan ömründə yetər”.
Səmimi deyəcəm, çünki şişirtməyi sevmirəm. Bu günə kimi çox uğurlu məşqçi olmamışam, amma inandığım bir uğurum var. O da vaxtilə zalımda məşq edən tələbələrimlə indi dost olmağımdır. Onlar mənim haqqımda pis düşünmürlər. Bu mənim üçün ən böyük uğurdur. Amma yaşım o qədər də çox deyil. Düşünürəm ki, yaxın illərdə uğurlu tələbələrim olacaq, mənim qazanmadığım naliyyətləri onlar əldə edəcəklər. Bu zaman özümü tam xoşbəxt məşqçi hesab edəcəyəm. Məhz buna görə də çalışıram.
- Amma kifayət qədər uğurlu hakim hesab olunursuz, beynəlxalq dərəcəli hakimsiniz və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirsiniz.
- Hakimlikdə hər bir nüansda çalışıram ki, ədalətli olum. Hətta yarışda öz tələbəm belə olsa, ona qarşı da ədalətli qərar verirəm. Hakimlikdə uğurlu sayıram özümü. Amma müəllim və hakim yoldaşlarım mənim nə dərəcədə uğurlu hakim olduğumu məndən yaxşı bilərlər.
Onu da qeyd edim ki, bir neçə gün öncə Rusiyanın Moskva şəhərində keçirilən "Russian Open" G1 beynəlxalq turnirdə hakim kimi Azərbaycandan 4 hakim qatıldıq. Həmin yarışda yarışın ən yaxşı hakimi seçildim. Yarış başlanandan sona kimi çalışdım ki, daha məsuliyyətli olum. Yəqin ki, bu da yarış təşkilatçılarının gözündən yayınmayıb. Yaxşı hakim olmaq üçün mütləq və mütləq məsuliyyətli, diqqətli və ədalətli olmalısan. Əks halda mümkün olmayacaq. Təəssüflər olsun ki, hələ dünya və avropa yarışlarında hakim kimi Azərbaycanı təmsil etmək mənə nəsib olmayıb.
- Hansı yarışda hakimlik etmək çox çətin olub?
- Mənim üçün ən çətin an yarışın sonuna saniyələr qalanda, idmançıların xalları bərabər olduğunda qələbə qərarını verməkdir. Koreyada hərbçilərin Dünya çempionatında İran ilə Qazaxıstan təmsilçilərinin yarımfinal görüşünü aparırdım. Bu döyüş çox gərgin keçdi. Heç vaxt unutmaram, o döyüşdə çox çətin vəziyyətə düşdüm. Döyüş çox sürətli gedirdi və izləyicilərin reaksiyaları döyüşü idarə etməyimi çətinləşdirirdi. Sonda İran komandasının xeyrinə qərar verdim. Qərarım Qazaxıstan komandasının narazılığına səbəb oldu.
Azərbaycanlı hakim Rusiyada ən yaxşı seçildi
- Bu gün idmandan gələn gəlirlə dolanmaq mümkündür? Yoxsa başqa bir sahədə də işləməlisən?
- Hakimin qazancı ilə yaşamaq mümkün deyil. Məşqçi isə indiki vəziyyətdə mütləq başqa bir sahədə də çalışmalıdır. Əks halda ailəsini dolandıra bilməz.
- Amma kənardan elə bilirlər ki, idmançılar çox yaxşı dolanırlar…
- Söhbət nəticə verən idmançılardan gedirsə, əlbəttə ki, onlar yaxşı yaşamalıdırlar. Amma adi məşqçilər bunu edə bilmirlər. Yalnız xaricdən legioner gətirib, öz tələbəsi kimi qələmə verənlər yağ-bal içində yaşayırlar. Hazıra nazirdirlər. Hakimlikdə isə dəstək lazımdır. Bəzən yarışlara belə, özümüz bilet alıb gedirik. Bir sözlə, idmanın inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq.