"Bu absurddur, uşaqların sağlamlığı üçün zərərlidir" - 36 yaşlı kişini sünnət edən cərrah
14-10-2019, 00:00
Şəhərlərdə, eləcə də rayon və kənd yerlərində valideynlərin bəziləri oğlan uşaqlarının sünnəti üçün həkimə yox, dəlləyə müraciət edirlər. Hətta bəzən bu proses “tanışlıq” vasitəsilə də həyata keçirilir. Yəni, sünnət üçün mütəxəssisə yox, ailənin ağsaqqalına və ya tanışa müraciət edilir.
Teref.az xəbər verir ki, "Lent.az" bununla bağl uşaq cərrahı, uzman uroloq Allahverdi Musayevə bir neçə sual ünvanlayıb.
- Əvvəlcə sünnətin tibbi faydalarından danışın...
- Sünnətin oğlan uşaqları üçün faydaları çoxdur. Məsələn, sünnət edilən uşaqlarda sidik yolu infeksiyaları daha az olur və kişi cinsiyyət xərçəngi onlarda daha az müşahidə edilir. Yoluxucu xəstəliklərə də ünnət olmayan kişilərdə daha çox rast gəlinir.
- Tibbi, eləcə də sağlamlıqları cəhətdən oğlan uşaqları hansı yaş aralıqlarında sünnət edilməlidir?
- Oğlan uşaqlarında 2 ay-12 ay arası müddətdə sünnət prosesi həyata keçirilməlidir, optimal ideal variant isə 2-4 aydır. Valideynlərə, 1 yaşdan 4 yaşa qədər övladlarını sünnət etdirməklərini məsləhət bilmirəm. 4 yaşdan sonra isə sözügedən proses həyata keçirilə bilər.
Qeyd edim ki, bizə müraciət edən valideynlər arasında əgər 1-4 yaş arası uşaqları sünnət etdirmək istəyənlər olursa, əvvəlcə onlara məsləhət veririk, ancaq qərar ailənin öhdəsinə buraxılır. Əgər sözügedən yaş aralığında uşaqları sünnət ediriksə, onları yüngül formada yatırdaraq, xəbərləri olmadan, bir sözlə, onlara psixoloji təsir etmədən prosesi icra edirik.
- Son illər valideynlər övladlarını doğulduğu ilk günlərdə və ya 40-ı çıxmamış sünnət etdirirlər. Bunun zərərləri ola bilərmi?
- Bu, uşaqların sağlamlığı üçün çox zərərlidir. Düşünürəm ki, valideynlər bu cür təkliflə həkimlərə müraciət etdiklərində, onlar bunu qəbul etməməlidirlər. Valideynlər, eləcə də bəzi şəxslər elə bilirlər ki, uşaq bu müddət ərzində, yəni 40-a qədər ağrı çəkmir, çünki onların hissiyatı olmur. Bu, absurddur. Uşaqlar doğulduqları andan, bütün ağrıları hiss edirlər. Sadəcə, onların gücü olmur ki, ağrıları biruzə versinlər. Onlar ağrını psixoloji olaraq çəkirlər və ya ağrıdıqları müddət ərzində yemək yemir, su içmir və ya rahat yata bilmirlər.
Eyni zamanda, uşaqları sünnət edərkən istifadə olunan keyləşdirici dərmanlar da əksər vaxtlarda fəsadlara səbəb ola bilirlər. Buna görə də valideynlər həm həkim, həm də sünnətin həyata keçirilmə vaxtı seçimində çox diqqətli olmalıdırlar.
- Lazerlə edilən əməlliyyatların hər hansı təhlükəsi varmı?
- Lazer kaoqulyatorla edilən sünnət uşaqlar üçün olduqca zərərlidir. Əgər lazerlə sünnət edilərsə, əməliyatdan öncə uşaq iəvvəlcə tibbi və psixoloji olaraq hazırlanmalıdır. 1 yaşına qədər olan uşaqlarda yerli anesteziya, 1-4 yaşına qədər sedase anesteziya, 4 yaşından sonra isə yerli anesteziya ilə edilməlidir. 1-4 yaşında sedase anesteziya edilirsə, uşağın psixoloji inkişafı dövrü olduğu üçün və danışma dövrünə təsadüf edirsə, uşaqda kəkələmə, zehni inkişafa təsadüf edirsə isə uşaqda yaddaş zəifliyi yarana bilər.
- Bildiyiniz kimi, valideynlər arasında dəlləklərə müraciət edənlər hələ də qalmaqdadır. Bir vaxtlar demək olar ki, hamının müraciət etdiyi dəlləklərin cərrahlardan hansı fərqləri var?
- Dəlləklərin günümüzdə də sünnətə davam etmələri, uşaqlar üçün çox zərərlidir. Birincisi, vurğulayım ki, evdə sterilizə mühitini yaratmaq mümkün deyil. Eləcə də, dəlləklərin istifadə etdiyi alətləri spirtlə silməkləri ilə sterilizə prosesi baş tutmuş sayılmır. Çünki günümüzdəki mikrobların çoxu buna cavab vermir. Hətta onları spirtlə sildikdə mikroblar yoxa çıxmaq əvəzinə daha da qıcıqlanaraq, çoxalırlar. Bu zaman uşaqlarda hepatit, yaxud bir çox virus və xəstəliklərin yaranma ehtimalı yüksək olur.
- Maraqlıdır, sünnət etdiyiniz şəxslər arasında böyüklər də olubmu?
- Praktikamda 2 belə hadisə baş verib və mən 32, 36 yaşlı kişiləri sünnət etmişəm. Hər iki şəxs xristian dinindən olub və islam dinini qəbul etdikləri üçün mənə sünnətlə bağlı müraciət ediblər. Onların islam dinini qəbul etmələrinə səbəb isə islam dinindən olan qızla ailə həyatı qurmaq istəməkləri olub.