"Erməni mafiyasının əməllərində konsulun da əli var idi"
14-10-2019, 12:40
“University of Barcelona”da hüquq üzrə magistr proqramı ilə təhsil alan ilk azərbaycanlı, Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri, “Azərbaycan” evinin müdiri, İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Kərim Kərimovun Oxu.Az-a müsahibəsi:
- Təhsil almaq və fəaliyyətinizi davam etdirmək üçün niyə məhz İspaniyanı seçmisiniz?
- Əslində, hüquq üzrə təhsilimi davam etdirmək üçün İngiltərə və ya Portuqaliya haqqında götür-qoy edirdim. İspaniya, xüsusən Barselona heç planımda yox idi. Çünki Real Madrid azarkeşi olaraq Barselona yaşayacağım sonuncu şəhər olmalı idi. Amma necə deyərlər, “sən saydığını say, gör, fələk nə sayır” məsəli doğru çıxdı.
Belə ki, “University of Barcelona”da hüquq üzrə magistr proqramı haqqında məktub aldım. Daha sonra araşdırma zamanı bu proqramın Avropada WTO üzrə ixtisaslaşan məhz iki proqramdan biri olduğu və ölkəmizdə bu sahədə ixtisaslı kadrlara gələcəkdə ehtiyac ola bilmə ehtimalını nəzərə alaraq bu proqrama müraciət etmək istədim.
Hətta universitetdən mənə göndərdikəri elektron məktubda da bu proqramda təhsil alan birinci azərbaycanlı olacağım yazılmışdı. Həmçinin, universitetin təqaüd proqramından da uğurla keçməyim Barselonada təhsil almağıma xüsusi motivasiya oldu. Artıq altı ildir ki, Barselonada yaşayıram. Burada yaşamağa başladığım ilk gündən Barselonanın, əslində, yaşamaq istədiyim şəhər olduğuna əmin oldum.
- Azərbaycanlı gənclərin İspaniyada təhsil üstünlük verməməsinin əsas səbəbləri nədir?
- İspaniyada digər Avropa ölkələri ilə müqayisədə, çox az sayda azərbaycanlı tələbə var. Fikrimcə, bunun əsas səbəbi əksər universitetlərdə təhsilin ispan dilində olmasıdır.
- Hazırda İspaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”dir. Belə bir cəmiyyəti qurmaqda əsas məqsədiniz nədir?
- Barselonaya gələndə buradakı azərbaycanlıları tanımırdım. Dostlarım latın amerikalıları və avropalılar idi. Təbii ki, burada yaşayan azərbaycanlıları tanımaq da çox xoş olardı. Bu səbəbdən Barselonada azərbaycanlıları birləşdirən hər hansı bir təşkilatın mövcudluğu ilə maraqlanmağa başladım. Çox təəssüf ki, nəinki Barselonada, hətta İspaniyada belə bir təşkilatın mövcud olmadığını öyrəndim. Belə bir situasiyada “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” (ASB) ideyası ilə çıxış etdim.
- Cəmiyyətin bundan sonrakı hədəfləri nələrdir?
- Hədəfimiz bu gün də dəyişməz olaraq qalır. Bundan sonra da başladığımız missiya ilə yola davam edəcəyik. “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” (“Azerbaijani Society in Barcelona”) Barselonada, ümumən Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı məqsədilə yaradılan azərbaycanlılar cəmiyyətidir.
- İlk vaxtlar hansı çətinliklərlə qarşılaşdınız?
- Fikrimcə, başlanğıclar həmişə çətin olur. Əsas odur ki, heç bir çətinlik səni başlamış olduğun yoldan uzaqlaşdırmasın. Başlanğıcda azərbaycanlıları bir araya yığmaq çox çətin idi. Belə ki, tədbirlərə dəvət etdiyimiz rəsmilər səni və ya təşkilatını ciddiyə almayaraq bir sıra problemlər yaradırdı. Amma bu gün əminliklə deyə bilərəm ki, Barselonada yaşayan həmyerlilərimiz arasında çox gözəl birlik var, həmişə bir-birimizin yanındayıq və ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışırıq.
Bu gün Kataloniya Baş prokuroru, Kataloniya Ali Məhkəməsinin sədri və bir çox rəsmi şəxslərlə birbaşa şəxsi dostluq əlaqələrim mövcuddur. Onlar tədbirlərimizdə də iştirak edirlər. Fikrimcə, məqsədli şəkildə çəkilən əziyyət heç vaxt yerdə qalmır.
- Avropanın ən böyük hüquq tələbə təşkilatı sayılan ELSA-nın (European Law Students Association) Azərbaycan nümayəndəliyində təşkilatın baş katibi olmusunuz.
- Bəli. ELSA Avropada 1981-ci ildən fəaliyyət göstərir. Hazırda Avropanın ən böyük hüquq tələbə təşkilatıdır. “ELSA Azərbaycan”ın ilk yarandığı dönəmlərdə təşkilatın idarə heyətində mən də təmsil olunurdum. Həqiqətən, çox savadlı hüquqşünaslardan ibarət güclü komandamız var idi. İndi onların hər biri hüquq sahəsində fəaliyyətlərini peşəkar səviyyədə davam etdirirlər. Hesab edirəm ki, ELSA hamımız üçün tələbəlik illərimizin qazandırdığı ən gözəl təcrübələrdən biri oldu.
- İspaniyada nə qədər azərbaycanlı yaşayır?
- Bu barədə dəqiq statistika yoxdur. Bəzən rəsmi mənbələrdə 1500 və ya 2000 nəfər deyilir. Amma hesab edirəm ki, reallıqda bu say 500-700 arası ola bilər.
- Orada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqələri necədir?
- Digər Avropa ölkələri ilə müqayisədə, buradakı azərbaycanlılar arasında daha çox birlik var.
- Bayramlarda, önəmli günlərdə görüşlər keçirilirmi?
- Bəli. İl ərzində mütəmadi olaraq tədbirlərimiz, görüşlərimiz olur.
- İlk dəfə olaraq sizin təşəbbüsünüzlə İspaniyada “Azərbaycan Evi” açıldı. Hazırda işlər nə yerdədir?
- “Azərbaycan Evi” fəaliyyətə başlayandan sonra gördüyümüz işlərin effektlivliyi daha da artaraq Barselona kimi önəmli şəhərdə azərbaycanlıların bir araya gəldiyi yeganə məkana çevrildi. Həmçinin, bir çox yerli şirkətlər özləri bizə müraciət edərək Azərbaycanla bağlı müxtəlif layihələrə başlamaqda maraqlı olduqlarını bildirirdilər.
Azərbaycana turist kimi getmək istəyən katalan-ispanlar mərkəzə gəlib, onları maraqlandıran suallara cavab axtarırdılar. Hazırda inzibati cəhətdən mərkəzimizin yeri dəyişməkdədir və tezliklə yeni mərkəzdə fəaliyyətimizi uğurla davam etdirəcəyik.
- Son vaxtlar Kataloniyada erməni lobbisi xeyli aktivləşib. Bununla bağlı hansısa tədbirlər görülürmü?
- Kataloniyada yaşayan azərbaycanlıların sayı 100 nəfəri keçməsə də, burada yaşayan ermənilərin sayı səkkiz mindən çoxdur. Onların əksəriyyəti Kataloniyada yaşayan ikinci, üçüncü nəsil ermənilərdir və bu, onların daha çox birlik ola bilmələrinə şərait yaradır. Məsələn, Kataloniyada beş erməni diaspora təşkilatı fəaliyyət göstərir.
Ermənilər süni şəkildə Kataloniyanın hazırkı siyasi məsələsini Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ hadisələri ilə eyniləşdirərək Avropa ictimaiyyətinin fikrini bu yöndə dəyişdirməyə çalışırlar. Təbii ki, bu, yolverilməzdir və tərəfimizdən keçirilən tədbirlərdə iştirak edən yerli rəsmi şəxslərin də iştirakı bizim haqlı mövqeyimizin ermənilərin uydurma siyasətindən üstün olduğununun bariz nümunəsidir.
Həmçinin, erməni icmasının Kataloniyada reputasiyası çox aşağıdır. İki il bundan qabaq Kataloniyada sənədlərin saxtalaşdırılması, çirkli pulların yuyulması, futbol oyunları nəticələrinə müdaxiləyə görə böyük erməni mafiyasının üzvləri tutuldu. Onların kriminal əməllərində Ermənistanın Barselonadakı konsulunun da birbaşa əli var idi. Bu kimi kriminal əməllərlə Avropada gündəmə gəlmək heç bir millətə başucalığı gətirmir.
- Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri olaraq bu ilin mayın 19-da Madriddə İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasına əlaqələndirici seçilmisiniz…
- Bu ilin mayın 19-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun da birbaşa iştirakı ilə Madriddə İspaniya Azərbaycanlılarının Koordinasiya Şurası yaradıldı. Səsvermə nəticəsində Sevilyada yaşayan digər həmyerlimiz Yaqut Novruzova ilə birgə İspaniya üzrə Koordinasiya Şurasının əlaqələndiriciləri seçildik.
Sentyabrın 21-i İstanbulda digər ölkələrdən olan Koordinasiya Şuraları ilə bir araya gələrək hazırkı və gələcək diaspora istiqamətləri üzrə əsaslı müzakirələr apardıq. İnanıram ki, bu kimi yeni yanaşmalar diasporamızın dünyada əsaslı şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq. Sadəcə, müəyyən zaman və gərgin əmək lazımdır.
- Erməni təxribatı ilə qarşılaşmısınız?
- Bir neçə dəfə olub. Məsələn, Xocalı faciəsinin şəhidlərinin anım günü ilə əlaqədar Barselonada baş tutan tədbirlərimizin birində Kataloniyanın bir çox rəsmi şəxsləri iştirak edirdi. Erməni diasporası bundan əvvəlcədən xəbərdar idi. Tədbir baş tutan məkanın qarşısında üç maşın erməni diasporası üzvləri gələrək tədbirin keçirilməsinə mane olmağa çalışırdılar. Amma belə bir təxribatın olabilmə ehtimalını nəzərə alaraq, əvvəlcədən polisə rəsmi şəkildə müraciət etmişdik. Buna görə də ermənilər gəldikləri kimi də öz çirkin məqsədlərinə çatmadan uzaqlaşdırıldı.
- İspaniyanın hansı bölgələrində diasporamız fəal və güclüdür?
- Barselona ilə yanaşı, Madrid, Sevilya, Valensiya, San-Sebastian kimi şəhərlərdə də diasporamız fəal və güclüdür.
- Sizcə, ən güclü Azərbaycan diasporası hansı ölkədədir?
- Fikrimcə, bu, nisbi sualdır. Əsas niyyətimiz doğma Azərbaycanımızı yaşamış olduğumuz ölkələrdə ən yaxşı şəkildə təmsil etmək olduqdan sonra istənilən diasporamız güclüdür.