Əli İnsanov Rüstəm İbrahimbəyov kimi yeni vahid namizəd ola bilərmi? - İLGİNC

31-10-2019, 11:30           
Əli İnsanov Rüstəm İbrahimbəyov kimi yeni vahid namizəd ola bilərmi? - İLGİNC
Müsavat Partiyasının başqanı Arif Hacılı müxalifətin dəyirmi masasını təklif edib. A.Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.

“Çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”, - deyə Müsavat başqanı söyləyib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə dəyirmi masanın müxalifət və ölkə üçün hansı perspektiv vəd etdiyi barədə danışdıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik.

- Sərdar bəy, Arif Hacılı sizi niyə dəvət etməyib?

- Bu, həmişə olduğu kimi, AXCP və Müsavatın növbəti oyunudur. Əvvəlcə birləşsinlər, sonra ayrılsınlar, cəmiyyətdə bir süstlük yaransın. Əslində Müsavat qısqanclıq edir. Son zamanlarda Əli Kərimlinin irəlidə olmasına görə partiya imicini qaldırmaq üçün bu addımı atır. Amma sonda yenə ənənəvi ayrılıq olacaq, qarşılıqlı ittihamlar, bir-birini günahkar çıxarmalar başlayacaq. Ona görə cəmiyyətdə təzədən ümidsizlik yaradılacaq.

- Sizcə, bu müzakirəyə zərurət yoxdur?

- Sağlam məntiqlə müzakirə aparmaq lazımdır. Mən də fikir mübadiləsi aparmağın, çıxış yollarını göstərməyin tərəfdarıyam. Amma kritik məqamda Müsavatla AXCP-nin yenə yolları ayrılacaq. Çox təəssüf ki, bu iki partiya arasında illərə söykənən intriqalar sağlam müzakirə açmağa, normal ideya, təşəbbüs irəli sürməyə imkan vermir. Ona görə ki, sən çıxışında rasional bir fikir səsləndirirsən, sağlam təkliflə irəli çıxırsan, onlar səni satqın, hökumətə işləyən çıxarırlar. O saat həmin fikri deyən adamın hakimiyyətlə əlaqələri olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

O baxımdan hesab edirəm ki, belə bir mühitdə sağlam müzakirələr aparmaq, müxalifətin əməkdaşlığı barədə danışmaq çox çətindir. Əgər bu görüş ümumi mənafeyə faydalı olacaqsa, Allah xeyir versin.

- Amma siz bu toplantı barədə bədbin düşüncədəsiz...

- Təki yığışsınlar, danışsınlar. Amma bilirəm ki, bu dəyirmi masa alınmayacaq. Hətta alınsa belə, nəhayətdə xalqı naümid yerə gətirəcəklər. Sadəcə, Müsavat Partiyası görür ki, Əli Kərimli bu proseslərdə qabağa düşüb, özü də qoşulmaq istəyir. Əgər Əli Kərimli önə çıxıbsa, imkan verin axıra qədər getsin, görək sonu necə olacaq. Amma birlik görüntüsü yaratsalar, bir araya gəlsələr, axırda dalaşıb ayrılacaqlar. Sonra Müsavat da, AXCP də ayrılmağın baiskarı məsələsində “günah keçisi” axtaracaqlar. Hər iki tərəf kimin hökumətə işlədiyini deməyə başlayacaq, kimin hakimiyyətlə işlədiyi bilinməyəcək. Artıq partiyaların bir-birinə bu ittihamlar xalqı bezdirib. O mənada düşünürəm ki, bir perspektiv görmürəm.

- Sizi çağırmayıblar, amma Əli İnsanovu dəvət ediblər...

- Görünür ki, Əli İnsanovla mövqeləri üst-üstə düşür. İnanmıram ki, Əli İnsanov bu qüvvələrin vahid namizədi rolunu oynaya bilsin. Digər tərəfdən də, AXCP və Müsavat belə bir varianta razılaşmazlar.

Rüstəm İbrahimbəyovla bu məsələni eyniləşdirmək olmaz. Çünki İbrahimbəyov Rusiya projesi idi və Müsavat da elə bu səbəbdən Milli Şuranı tərk eləmişdi.

- Niyə AXCP və Müsavatın birləşməsi alınmır, nə mane olur?

- Politologiyada var ki, əgər partiyalar birləşməyi bacarmırsa, onların ayrılandan sonra təkrar birləşməsi siyasi fəaliyyətə, xalqa ziyanlı olur. Ona görə yenidən ayrılıb birləşmək oyundur, xalqa xəyanətdir. Qarşıdan parlament seçkiləri gəlir. Seçkiqabağı Müsavatla AXCP arasında yenə ziddiyyətlər yaranacaq, namizədlərin razılaşdırılmasında, seçki dairələrinin bölüşdürülməsində mübahisələr yaranacaq. Yaxın keçmişdəki hadisələr və təcrübə də belə deməyə əsas verir. Sadəcə, Əli Kərimli qabağa düşüb, mitinqlər edir, Müsavat da özünü qoşur ki, prosesdən kənar qalmasın. Amma elə bilirəm ki, Əli Kərimli Arif Hacılının təklifinə müsbət cavab verməyəcək, dəyirmi masada iştirak etməyəcək. Ümumiyyətlə, bizimkilər bir addım atırlar. Sonra oradan çıxış yolu axtarırlar.

- Əli İnsanovun bioqrafiyası məlumdur, niyə müxalifət belə personajı yanına çəkməyə çalışır?

- Əli İnsanov nazir olduğu dövrdə elədiyi əməllərinə görə cəzasını alıb. İndi bir vətəndaş kimi siyasi hüququndan istifadə edə bilər. O, kifayət qədər savadlı adamdır. Müxalifət də onun müəyyən imkanlarından istifadə edə bilər. Əgər Əli İnsanov xalqa nəsə verə bilsə, cəmiyyət onu qəbul edər. Mən indidən uzaqgörənlik etmək, proqnoz vermək istəmirəm. Qoy proses başlasın, onun arzusu, planı, potensialı nədir biləcəyik...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.