Cahandar Bayoğlu: ““Primakovların, Qraçovların və Barannikovların ölməsinə baxmayaraq hələ də onların ruhlarına belə, xidmət edənlər var”- MÜSAHİBƏ
20-12-2019, 18:57
Azərbaycanda ciddi islahatlar başlanıb.
Kadr və struktur islahatlarından sonra erkən parlament seçkilərinə qərar verildi.
Bu proses cəmiyyətdə köhnə təfəkkürlü məmurların yeni siyasət daşıyıcıları ilə əvəzlənməsi kimi başa düşülsə də, bütün bunların hansı uğurlara gətirib çıxaracağı təəssüflər olsun ki, cəmiyyətlə bölüşülmür. Birləşmiş Azərbaycan Yurdları Ocağının başqanı Cahandar Bayoğlu ilə baş verənlərə aydınlıq gətirməyə çalışdıq.
– Cahandar bəy, son dönəmdə ölkədə kadr islahatları başlayıb. Bununla yanaşı, həm də yeni struktur dəyişiklikləri müşahidə olunur. Bütün bunları necə qiymətləndirirsiniz?
– Bu proses 1993-cü ildə Heydər Əliyev və Əbülfəz Elçibəy tərəfindən qarşısı alınan vətəndaş müharibəsinin səbəblərinin aradan qaldırılmasına yönəlik dövlət siyasətinin məntiqi davamı kimi dəyərləndirilməlidir.
– İndiki məqamda vüsət götürən bu kadr islahatları ölkəmizdə nə kimi yeniliklərə səbəb olacaq?
– Bu, daha çox Azərbaycanın imperiya təfəkkürünü daşıyan adamlardan, düşüncə sistemindən azad olunmanın və ölkəmizin müstəqil dövlət kimi güçlənməsinin ən önəmli mərhələsi kimi qiymətləndirilməlidir.
– Kadr islahatları və struktur dəyişikliklərinin ardından Milli Məclisə seçkilərin gündəmə gəlməsi ildırım sürəti ilə islahatların daha güclü şəkildə inkişafına təkan ola bilərmi?
– Seçkilərin növbədənkənar keçirilməsi, yenilənmə siyasəti 1993-cü ildən başlanılan prosesin, müstəqil Azərbaycanın qarşısında maneə olan bütün qurumlarda islahatların aparılması xarici düvvələrin və səbatsızlığın əsiri olan adamların zərərsizləşdirilməsinin ən ciddi mərhələsi olacaq. Birləşmiş Azərbaycan Yurdları Ocağı olaraq bütün milli dəyərlərə önəm verən bir təşkilatıq. Biz 1993-cü ildə Azərbaycanı vətəndaş savaşına sürükləyən qüvvələrin və milli maraqlarımıza qarşı çıxan, dövlətçiliyimizin inkişafına mane olan qüvvələri tanıyırıq. Bu şəbəkələrin iflasa uğradılmasını, tamamilə aradan qaldırılmasını alqışlayırıq və bu siyasətin yanındayıq.
– Beləliklə, bir təşkilat başqanı kimi uzun müddətdir ölkə daxilində, həm də xaricdə bayaq qeyd etdiklərinizi cəmiyyətlə bölüşmüsünüz. Heç nədən çəkinmədən bu yöndə müsahibələr vermiş və fikirlərinizi ifadə etmisiniz. İndi isə, bu prosesdə aktiv iştirak üçün parlament seçkilərinə qatılmaqla öz töhfənizi daha uca tribunalardan vermək üçün namizədliyinizi irəli sürmüsünüz.
–Hər birimizin gözlədiyi gün bu gündür. Belə bir mərhələdə prosesin aktiv iştirakçısı olmağı, aparılan siyasətə tam dəstək verməyi özümə borç bildiyim üçün Milli Məclisə keçirilən seçkilərdə iştiraka qərar vermişəm.
“Biz inanırıq ki, məhkəmə strukturlarında ciddi islahatlar gercəkləşəcək”
– O da bəllidir ki, bu proseslərin daha çevik və dinamik inkişafı üçün məhz Milli Məclis seçkilərinin keçirilməsi vacib şərtlərdən birinə çevrilmişdi.
– Qanunverici orqanda təmsil olunan köhnə zehniyyət islahatlardan narahat olduğu üçün, Prezident xalq tərəfindən seçilmiş yenilikçi və legitim Milli Məclisin formalaşmasında maraqlıdır. Biz inanırıq ki, bundan sonra, məhkəmə strukturlarında ciddi islahatlar gercəkləşəcək. Bütün bunlar ölkəmizin dövlət olaraq inkişafını, dünyada yaşayan 60 milyonluq azərbaycanlının milli iradəsinin təmsilcisinə çevrilməsini təmin edəcək.
-Moldova, Ukrayna, Qırğızıstan, Gürcüstanda hakimiyyət xarici donor güclərin sayəsində köklü islahatlara getdi. Azərbaycanda isə tamamilə fərqli olaraq iqtidarın özü bu proseslərin önünə çıxıb.
– Azərbaycanda 1993-cü ildə vətəndaş savaşını törətməkdən çəkinməyən, bir yandan hakimiyyətin, digər yandan, müxalifətin içində gizlənərək dövlətçiliyimizə qarşı əsil təhlükə mənbəyi olan bu adamlar zaman-zaman Heydər Əliyev tərəfindən zərərsizləşdirsələr də yenə də təhlükə mənbəyi olaraq qalırlar. Dövlətləşmə siyasətini davam etdirən İlham Əliyev xarici siyasəti uğurlu apararaq daxildəki bu cür şəbəkə və adamların zərərsizləşdirilməsi imkanı əldə edib. Xüsusilə Mehriban xanım Əliyevanın Birinci vitse- prezident postuna gətirilməsi, çağdaş müstəqil düşüncəli kadrların ali dövlət orqanlarında təmsil olunması milli-mənəvi dəyərlərə malik yeni bir komandanın formalaşmışı ilə nəticələndi. İlham Əliyev də bu kadr bazasından istifadə edərək geniş islahatları asanlıqla apara bilir. Bütün bunlar Azərbaycanı təhdid edən, ölkəni vətəndaş savaşına sürükləməyə qədər gedən qüvvələrin uzaqlaşdırılmasının son mərhələsi kimi dəyərləndirilə bilər. Biz bu proseslərə qatılmaqla aparılan islahatlara görə dövlət rəhbərliyinin yanında olmaq qərarını vermişik. Prezidentin apardığı bu siyasət Azərbaycan dövlətinin milli maraqlarını özündə əks etdirən dünya azərbaycanlılarının strateji hədəflərini birləşdirən ən güclü faktor deməkdir.
– O da bəllidir ki, Azərbaycan bir dövlət olaraq miqyasda bir sıra uğurlu addımlar atıb. Beynəlxalq səviyyədə keçirilən konfranslar ölkəmizin imicini tamamilə fərqli məcrada dəyişdirdi. Bir yandan iqtisadi baxımdan əlaqələrin inkişafına, digər yandan real hakimiyyətin mövqelərinin güclənməsinə səbəb oldu. Məhz bundan sonra ölkədaxili islahatlara asanlıqla getmək mümkün oldu. Bütün bunları işğal altında olan ərzazilərimizin azad edilməsinə doğru atılan addımlar kimi də qiymətləndirmək olarmı?
– Biz Azərbaycanın beynəlxalq aləmdə mövqeyi dedikdə, dövlətimizin siyasi kursuna diqqət yetirməliyik. Daxili və xarici faktorların nə qədər bir-birini tamamladığına önəm verməliyik. Mövcud uyğunsuzluqları aradan qaldırdıqca, Azərbaycan beynəlxalq miqyasda öz potensialını da asanlıqla ortaya qoya biləcək. Biz məhz bu yolla gedirik. Beynəlxalq miqyasda olduğu kimi, daxili siyasətin harmonik şəkildə inkişafı da məhz bu faktorlara yol açır. Xalqın və hakimiyyətin uzlaşmış dəyərləri elə bunun ali prinsiplərindən biridir.
– Bütün bunları qoşulduğunuz seçki kampaniyasında işıqlandıracaqsınız?
– Seçkiyə Nəsimi rayonunun 22 saylı Seçki Dairəsindən namizədliyimizi irəli sürməklə qanunvericiliyin tələblərinə uyğun olaraq zamanında fikirlərimi seçicilərimlə bölüşəcəyəm.
– Nədənsə ölkədaxili və beynəlxalq miqyasda Azərbaycan müxalifətinin səsi duyulmur…
– Qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyətində olduğu kimi, müxalifətdə də eyni mərkəzli bir-birinə bağlı olan ciddi çevrələr mövcud idi. Ayrı-ayrı strukturlarda gizlənmiş qüvvələr ölkəni iflic vəziyyətinə salmaq üçün Azərbaycanı daim qarşıdurmalara itələyib. Bu tiplər Azərbaycanda vətəndaş sülhü, insanlar arasında qarşılıqlı sayğı kimi dəyərləri yox etmək üçün çalışıb və cəmiyyəti çaş-baş ediblər. Bəzi qüvvələr toplumda yaradılan anormal mühitdən qorxaraq zaman- zaman yanlış siyasət yürüdüblər. Bəziləri isə hələ də şüurlu olaraq bu siyasəti davam etdirirlər. Qraçovlar, barannikovlar, primakovlar ölsələr də, bəzi adamlar peşə xəstəliyinə tutulduqları üçün indi də onların ruhuna işləməyi özlərinə borç biliblər. Dövlətin ali iradəsiylə gerçəkləşən bu proseslərin sonu bu adamların da sonunu gətirəcək.
Cebhe.info