“Mən bu prosesdə yoxam...” - “Hamı başa düşür ki, nəyisə dəyişmək lazımdır”

21-12-2019, 00:00           
“Mən bu prosesdə yoxam...” - “Hamı başa düşür ki, nəyisə dəyişmək lazımdır”
Qarşıdan gələn seçkilər, iqtidarın və müxalifətin həmin seçkilərlə bağlı mövqeyi, boykot məsələsi, eləcə də yeni media siyasətinin formalaşması və bu qəbildən olan digər mövzular cəmiyyətin maraq dairəsində olan başlıca gündəm maddələridir.

“AzPolitika.info” həmin mövzularla bağlı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikirlərini öyrənib:

- Mehman müəllim, Milli Məclis buraxıldı və fevralın 9-na növbədənkənar seçkilər təyin edildi. Hazırda siyasi təşkilatlar, eləcə də ayrı-ayrı fərdlər seçkilərdə iştirak və boykot haqda qərarlar verirlər. Sizcə, seçki öncəsi vəziyyəti necə xarakterizə etmək olar?

- Düşünürəm ki, dəyişiklik olacaq. Parlament tamam başqa cür formalaşacaq. Amma hələlik qaranlıq məsələlər çoxdur, aydın deyil ki, bu formalaşma necə keçəcək. - “Dəyişiklik” olacaq deyəndə konkret nəyi nəzərdə tutursunuz? - Söhbət Milli Məclisin tərkibindən gedir. Tərkib dəyişəcək, ora daha çox cavan insanlar gələcək. Məncə, ictimai-siyasi həyatda tanınan adamlar çox olacaq. Bu vəziyyət təzə bir əhval-ruhiyə yarada bilər. Ümumilikdə seçki öncəsi atmosfer də göstərir ki, vəziyyət standart deyil. Yəni hər şey əvvəlcədən həll edilmiş proses kimi getmir. Ona görə də sürprizlər gözlənilə bilər. Qeyd etmək lazımdır ki, seçki öncəsi durum da artıq ənənəvi deyil. Bu, reallıqdır.

- Siz, bu vəziyyəti qənaətbəxş hesab edirsinizmi?

- Yox. Mən nə indiki, nə də əvvəlki situasiyanı qənaətbəxş saymıram. Mənə görə, çox vacibdir ki, azad və ədalətli seçkilər olsun. Yəni bunu etmək lazımdır. Düzdür, hakimiyyət buna getməyəcək, müəyyən qədər ehtiyat edir...

- Özünüzün parlament seçkilərində iştirakınız gözlənilirmi?

- Yox, yox, mən bu prosesdə yoxam. Bu, məni maraqlandırmır.

- Siz deyəsən heç vaxt deputatlığa namizəd olmamısınız...

- Yox.

- Maraqlıdır, ölkədə və ondan kənarda kifayət qədər tanınan, nüfuzu olan Mehman Əliyev nədən namizəd olmasın?

- Çünki parlament müstəqil olmayıb ki, sən orada nəsə edəsən. Odur ki, mən öz yerimdə daha çox fayda verə bilərəm, nəinki orada.

- Müxalifətin seçkilərlə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

- Bu, ənənəvi vəziyyətdir. Bizdə adətən kimsə seçkiyə gedir, kimsə yox. Özü də bu zaman siyasi təşkilatlar bir növ yerlərini dəyişirlər. Gah AXCP seçkiyə gedir, Müsavat getmir. Gah da Müsavat gedir, Cəbhə yox, yaxud da hamısı birlikdə seçkini boykot edirlər - 2008-ci ildə olduğu kimi. Və ya 2013-cü ildəki kimi seçkiyə vahid namizədlə gedirlər. Demək istəyirəm ki, cürbəcür formatlar var.

- Dediniz parlamentə gənc insanlar gələcək...

- Söhbət yaşdan getmir. Mən deyərdim ki, fərqli şeylər olacaq. İstər hakimiyyət, istərsə də müxalifət tərəfdə.

- Dediklərinizdən belə çıxır ki, hakimiyyət öz komandasına, deputat siyahısına dəyişiklik edir, müasir dövrün tələblərini nəzərə alır. Müxalifət isə ənənəvi seçki taktikasını işə salıb...

- Əslində, ənənəvi taktika ondan irəli gəlir ki, hakimiyyətin seçkilərə yanaşması bəllidir və həm də seçkinin özü qəfil keçirilir. Və seçki prosedurları - qanunvericilik, komissiyaların tərkibi, təbliğat məsələləri normal rəqabətə imkanlar yarada bilmir. Buna görə də, müxalifətin vacib hissəsi bu prosesləri boykot edir. Məsələn, bu ilin əvvəlindən baxsaq, müxalif partiyalar içərisində ən böyük gücə malik və mövqeyi ilə seçilən Milli Şura və AXCP-nin özünü göstərdiyinin şahidi olarıq. Onlar daha prinsipial mövqe göstərib və 19 oktyabrda icazəsiz aksiya keçirməyə çalışıb. Həmin nöqteyi-nəzərdən yürüdülən bu xətt ortaya barışmaz mövqe qoymalı idi. Bu baxımdan onların seçkini boykot etməsi başadüşüləndir. Digərləri isə əslində ola bilsin ki, bu fürsətdən istifadə edib, özlərini parlament formatında təsdiq etmək istəyirlər. Əli İnsanovun mövqeyinə gəldikdə, onun ətrafında toplaşmağa cəhd edən qüvvə tam formalaşmayıb. Ona görə də, onlar bu prosesə qoşulmağa hazır deyillər.

- Dediniz ki, digər müxalifət partiyaları Milli Şuranın seçkiləri boykot etməsindən istifadə edərək seçkilərə getməklə, özlərini təsdiq etmək istəyirlər. Proqnozunuz necədir, parlamentə real müxalifət partiyaları düşəcəkmi?

- Real müxalifət? İndi ümumiyyətlə müxalifət, real müxalifət xəttləri və çərçivəsi silinib. Ona görə də demək çətindir. Bilmirəm, hər şey vəziyyətdən asılı olacaq. Çünki getdikcə kimsə müxalifətçi və ya hakimiyyətyönümlü ola bilir. Ölkədəki durumdan çox şey asılı olacaq. Məsələn, 1990-cı ildə formalaşan parlament birbaşa kommunistlərin təsiri altında yaranmışdı və işləyirdi. Amma 1991-ci ildə kompramis formasında Milli Məclis yarandı. Artıq 1992-ci il üçün vəziyyət dəyişmişdi. Kommunistlərin böyük qismi də artıq partiyadan imtina etmişdi. Ona görə də, bizdə hər şey baş verə bilir.

- Xeyli vaxtdır sizin tənqid hədəfiniz olan Prezidentin köməkçisi və ictimai-siyasi şöbənin müdiri Əli Həsənov vəzifədən uzaqlaşdırıldı.Yəni o, artıq media siyasətinə rəhbərlik etmir. Sizcə, nə dəyişəcək?

- Bilmirəm nə dəyişib. Amma onun olub-olmamağının o qədər də təsiri yoxdur. Məsələn, bəziləri fikirləşirdi ki, Əli Həsənov getdikdən sonra ideoloji sektorda nə baş verə bilər. Heç nə baş vermir. Görünür ki, bu, boş yer idi və onun da boş bəyanatlarından başqa ortaya qoyduğu bir şeyi yox idi. Dövlət maşını necə işləyirdisə elə də işini davam etdirir. O cümlədən də ənənəvi media.

- Amma siz medianın durumuna görə məhz Əli Həsənovu tənqid edirdiniz...

- Deyirəm ki, vəziyyət olduğu kimi qalıb. Mən demirəm ki, vəziyyət yaxşılaşıb. Onun getməyi məsələnin bir tərəfidir. Mətbuata, azad mediaya qarşı səlib yürüşünü aparan əsas adam o olub. Onun getməyi hələ ki, yeni siyasət ortaya gətirməyib. Çünki yeni siyasətin formalaşması üçün heç olmasa təklif olmalıdır, şəxs olmalıdır ki, bunu edə bilsin. Məncə, hələlik hakimiyyətdə bu tipli şəxs də yoxdur.

- Yəni hakimiyyətin bu istiqamətdə yeni siyasəti hələ formalaşmayıb?

- Belə deyək də, necə vardı davam edir. Düzdür, mən baxmıram, amma deyəsən Əli Həsənovun söyüş söyənlər, təhqir edənlər komandası, eləcə də trollar, vəziyyəti gərginləşdirən halar bir qədər azalıb. Amma bütövlükdə bu işə yeni yanaşma, yeni siyasət və bu siyasəti formalaşdırmaq ehtiyacı var. Hələlik ortaya heç kəs heç nə qoymayıb.

- Hazırda KİVDF və Mətbuat Şurası haqqında müəyyən təkliflər səsləndirilir. Bəziləri bu iki qurumun brləşməsini, bəziləri KİVDF-nin ləğv olunmasının vacibliyini qeyd edirlər. Sizcə, yeni şəraitdə bu iki qurumun fəaliyyəti, perspektivi necə olmalıdır?

- Hesab edirəm ki, ilk növbədə dövlətin bu sahədə siyasəti formalaşmalıdır. Bu, birinci vacib məsələdir. Yəni ortaya proqram qoyulmalı və bilinməlidir ki, dövlət mətbuatı necə görür. O mənada ki, biz cəmiyyətdə hansı mətbuatı, hansı informasiya münasibətlərini görmək istəyirik və bunu necə yaradacağıq. Əsas budur. Bu olmayan yerdə adam dəyişin, təşkilatları birləşdirin və ya ayırın, bunun xeyri olmayacaq. Bu mənada ilk növbədə ortaya fəlsəfə qoyulmalıdır ki, bu sahədə indiki siyasət nədən ibarətdir. Buna uyğun olaraq qeyd etdiyiniz təşkilatları birləşdirə, ayıra, şərtləri dəyişə bilərsiniz. Amma adını çəkdiyiniz təşkilatlar mətbuatın inkişafında, keyfiyyətli, məsuliyyətli və obyektiv mətbuatın formalaşmasında rol oynamayıblar. Əksinə, mənfi rolları olub. Odur ki, bu institutların fəaliyyətinə yeni siyasət çərçivəsində yenidən baxılmalıdır.

- 2017-ci ildə müsahibələrinizin birində qeyd etmişdiniz ki, iqtidarda olan kimlərsə sizin medianın inkişafına dair təkliflərinizlə maraqlanıb və siz təkliflərinizi yazılı şəkildə təqdim etmisiniz. İndi də bu mövzuda sizinlə müzakirələr, görüşlər olurmu?

- Rəsmi yox.

- Qeyri-rəsmi?

- Qeyri-rəsmi söhbətlər olur. Mən deməzdim ki, xüsusi müzakirələr, görüşlər olur. Sadəcə, ayaqüstü söhbətlər olub.

- Gözləntiləriniz nədir?

- Bilirəm ki, dəyişikliklər olmalıdır. Hamı başa düşür ki, nəyisə dəyişmək lazımdır və belə getməz. Ancaq biz medianın 100 faizlik azadlığını istəyiriksə, onlar 100 faizə hazır deyillər. Neçə faizə hazırdırlar, mən bunu bilmirəm.

- Siz hansı təklifləri irəli sürmüsünüz?

- Mən təkliflər səsləndirməmişəm. Mən bilməliyəm ki, irəli sürdüyüm təkliflər həyata keçiriləcək, ya yox. Əgər bunlar yoxdursa, mən nəyi təklif edim?

- Belə qənaətə gəlmək olarmı ki, bu qeyri-rəsmi söhbətlər sonradan rəsmi müzakirələrə çevrilə və media ilə bağlı yeni siyasət ortaya qoyula bilər?

- Hər şey ola bilər. Mən yenə deyirəm ki, mövcud vəziyyət, Əli Həsənovun işdən getməsi narazılıqdan, informasiya məkanında yaranan problemlər və böhrandan irəli gəlirdi. Vəziyyətdən çıxmaq üçün yollar var. Mənim təklifim ondan ibarətdir ki, Azərbaycanda məsuliyyətli, keyfiyyətli, azad media institutu yaranmalıdır. Mən bu üç məqamı qeyd elədim. Mümkündür ki, onları iki məsələ qane edir, məsələn üçüncüsü narahat edir. Yəni onda necə olacaq, bunu necə idarə edəcəyik? Onlar öyrəşiblər idarə etməyə. Gələcək hər şeyi götərəcək. Amma başa düşürlər ki, nəyisə dəyişmək lazımdır.“MƏN BU PROSESDƏ YOXAM...” - “Hamı başa düşür ki, nəyisə dəyişmək lazımdır”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.