"Qızı deyir ki, müharibə bitdi, amma atam gəlmədi, oğlu da o döyüşdə olanda dil açıb" - FOTO

14-11-2020, 01:48           
"Qızı deyir ki, müharibə bitdi, amma atam gəlmədi, oğlu da o döyüşdə olanda dil açıb" - FOTO
Baş çavuş olan Mehdiyev Surxay Zülfü oğlu 1985-ci il dekabrın 7-də Ağdamın Xıdırlı kəndində anadan olub. Qarabağ uğrundakı döyüşlərdə o da xüsusi təyinatlı kimi iştirak edib. Murov dağının və digər rayonların alınmasında birbaşa xidməti olub. Onlarla əsgərimizin həyatını xilas edib. Döyüş yoldaşları bildirir ki, 3 gün torpağın altında qalıb kömək gözləyiblər. Lakin 3 gündən sonra xilas olunublar. Ağır yaralansa da yarası sağalmadan yenidən israrla döyüşə qatılıb və təəssüf ki, növbəti döyüşdə ən yaxın dostu, cəbhə yoldaşının həyatını xilas etmək istəyəndə şəhid olub. Surxayın həyat yoldaşı Vüsalə Mehdiyeva onunla sonuncu telefon danışığını belə xatırlayır:





"Surxay baş çavuş olduğu üçün evdən çox, təlimlərdə olurdu. Son təlimlərdə 1 ya da 2 dəfə evə gəlməyə imkan tapmışdı. Əks hücum başlamazdan əvvəl sentyabr ayının 21 də evə gəldi, 1 gün qalıb getdi. Sonuncu dəfə elə o gün görmüşük Surxayı. Müharibə başlayandan sonra cəbhəyə yollandı. Oktyab ayının 11-də, oğlumuzun 1 yaşı tamam olanda zəng etdi. Qısa danışıq oldu, təbrik etdi oğlunu. Hər dəfə zəng edəndə mən ağlayırdım, narahat idim. Mənə deyirdi ki, ağlama, möhkəm ol! Sonuncu dəfə isə oktyabrın 18-də səsini eşitmişik. Elə bir gün sonra oktyabr ayının 19-da şəhid olub. Nəşi neytral zonada qalıb, 4 gündən sonra cansız bədənini döyüş meydanından çıxarıblar" deyə şəhidimizin həyat yoldaşı bildirib.



Şəhidimizin Ayşə adlı 5 yaşlı qızı və Zülfü adlı 1 yaşlı oğlu da var:



"Uşaqlar balaca da olsa dərk edirlər. Ayşə soruşur ki, ana, müharibə də bitdi, atam gəlmədi. İnanır ki, bir gün atası gələcək. Oğlum da Surxay müharibəyə gedəndən sonra dil açdı, "ata gəl" deyirdi... İndi heç o sözü də demir.. Çünki atasını görmür" deyə şəhidin həyat yoldaşı bildirib.





Surxayın dayısı qızı Vüsalə Mustafayeva isə bildirir ki, qohumunun şəhid olması xəbərini ona Surxayın qardaşı çatdırıb:



“Sonuncu dəfə Surxayın döyüş yoldaşlarının yaralandığını eşidəndə onun üçün çox narahat olmuşduq. Hər saniyə gözümüz telefonda idi, zəng gözləyirdik ondan. Oktyabr ayının 24-ü mənə tanımadığım nömrədən zəng gəldi. Açdım gördüm Surxayın səsidir. Qışqırdım sevincimdən ki, Surxay sağsan bəs niyə yığmırsan bizi neçə müddətdir? Həmin an bir səs eşitdim. “Surxay deyil, mənəm Elmir, Surxay şəhid oldu”. (Elmir Surxayın balaca qardaşıdır. Səsləri hədsiz dərəcədə çox oxşayır). Həmin an məhv oldum. Sanki bütün dünya başıma çökdü. Nitqim qurudu, dondum qaldım. Kaş ki, həmin gün zəng edən Surxay olardı. Kaş ki, qələbə xəbərini o bizə çatdırardı. Amma əminəm ki, onun ruhu indi şaddır. Bütün Azərbaycanın fəxridir indi Surxay. Onun etdiyi qəhrəmanlıqları eşidəndə biz daha da fərəhlənirik. O öz qanı ilə şanlı vətən tarixini yazdı" deyə Vüsalə Mustafayeva Moderator.Az-a bildirib.



Şəhidimizin ailəsinə səbr arzulayırıq, ruhu şad olsun deyirik.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.