"Vəzifə və məmur daimi deyil" - Əli Həsənov məmurlara islahat mesaj verdi

3-02-2016, 06:58           
"Vəzifə və məmur daimi deyil" - Əli Həsənov məmurlara islahat mesaj verdi
"Bugünkü vəziyyətdə icra başçısından tutmuş, sıravi vətəndaşa qədər hamı öz sosial məsuliyyətini dərk etməlidir. İş adamları da sosial məsuliyyətini dərk etməlidir".

Bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Ə.Həsənov bildirib ki, sahibkarlar işçiləri ixtisar etməməyə çalışmalıdırlar:

"Cənab prezident məhz buna görə sosial məsuliyyət məsələsini xüsusi vurğuladı. Hər bir rayondakı sahibkar özünü dövlətə, dövlətçiliyə, yerli insanlara bağlı hesab edirsə, sosial məsuliyyətini dərk etməli və iş yerlərində ixtisarlar aparmaqdan çəkinməlidir. Bu sahibkarlığın qarşısında qoyulan sosial məsuliyyətdir. Bələdiyyədən tutmuş icra hakimiyyətinə qədər yeni şəraitdə dövlətin qarşıya qoyduğu məsuliyyəti dərk etməlidir. İnsanların axşam öz evinə bir tikə çörək aparmaq ehtiyacının məsuliyyətini dərk edilməlidir. İnsanları problemlə təkbətək buraxmaq olmaz".

Ə. Həsənov eyni zamanda bildirib ki, iş adamlarının qarşısında icra strukturlarının məsuliyyəti isə onlara biznesin genişləndirilməsi, sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün bəzi dövlətlərdə sözün əsl mənasında bir tikə çörəyə ehtiyacı olan insanlar olduğunu görürük: "Azərbaycan bu vəziyyətə düşməyəcək və düşmək ehtimalı da yoxdur. Ölkəni o vəziyyətə düşməməyi üçün hamı əlindən gələni etməlidir".

Həsənov vurğulayıb ki, yerli icra strukturları özəlləşmə ilə bağlı təkliflərlə yanaşı özəlləşdirilmiş və hazırda işləməyən müəssisələrin işlək vəziyyətə gətirilməsi ilə bağlı da təklif hazırlamalıdırlar.

Prezidentin köməkçisi qeyd edib ki, hər bir dövlət məmuru, onun ailəsi, ətrafı insanların xidmətçisidir: "Vəzifə və məmur daimi deyil. Hər bir insan bu gün vəzifədədir, sabah postunu dəyişə bilər. Bu gün vəzifədə olmayan sabah vəzifədə olanın yerinə gələ bilər. Cənab prezidentin qeyd etdiyi kimi, dövlətin siyasətinin gücü xalqa arxalanmağındadır. Yerlərdə hakimiyyətə qarşı müxalifət hərəkətlərinin heç bir perspektivi yoxdur. Hakimiyyət dayanıqlıdır, ona etiraz edənlər heç bir sosial dayağa malik deyillər. Sosial dayaq hər bir hakimiyyətin gücüdür. Dövlət və prezident belə hesab edir ki, Azərbaycan vətəndaşlarının həll olunmaz problemləri qalmamalıdır. Azərbaycanda işsiz, sosial ehtiyac hissi yaşayan vətəndaş olmamalıdır".

Prezidentin köməkçisi bildirib ki, prezidentin elan etdiyi kimi 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçiriləcək: "Siyasi islahatlar bəllidir. İdarəetmədə struktur dəyişiklikləri həyata keçiriləcək, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz işləyən strukturlar ya ləğv olunacaq, ya da onların fəaliyyəti təkmilləşdiriləcək. Differensial fərqli yanaşma nəticəsində idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. İqtisadi islahatlar dedikdə, cənab prezident həm ümumilikdə bütün ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, həm də hər bir region, rayon üçün differensial yanaşma tələblərini ortaya qoyub. Mərkəzdən hər bir rayonun sosial-iqtisadi inkişafı üçün ayrıca xətt ayırsa, bu tam olmayacaq. Tamlıq üçün yerlərdən təşəbbüslər gəlməlidir. Yerli icra strukturları, bələdiyyələr, digər qurumlar, həmçinin rayonlardan seçilmiş millət vəkilləri bu işə dəstək verməlidirlər. Ölkə iqtisadiyyatının ümumi inkişafı üçün hər bir rayon özünün potensialını işə salmalıdır. Yerli potensial işə salınanda isə dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər yerlərdə iqtisadiyyatın inkişafını, insanların potensialından istifadəni, onların sosial məsələlərinin həllini əhatə edir. Cənab Prezident dəfələrlə qeyd edib və reallıq da göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Dövlət də ona görə lazımdır ki, ümumilikdə cəmiyyətin və fərdi qaydada hər bir vətəndaşın problemini həll etsin. Ümumi problemlər sağlamlıq, işsizlik, təhsil məsələsi, sosial adaptasiya, təşəbbüslərin dəstəklənməsi və s. məsələlərdir. Biri də var sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələr, xəstələr və s. Bunlar da fərdi problemlərdir ki, həll olunmalıdır”.

APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.